Tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun adı da əfv siyahısında var. Criminal.az saytı xəbər verir ki, o, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.
Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.
Criminal.az