VERGİLƏR NAZİRLİYİ YENİ VERGİQOYMA ÜSULU TAPIB?! – Alış-veriş mərkəzlərindəki adamları sayırlar

19-03-2017, 08:32   

Ticarətlə məşğul olanlara Azərbaycanda inam heç vaxt yüksək olmayıb. İstər ötən əsr yazıçılarımızın əsərlərindəki Hacı Qara, Məşədi İbad kimi personajlar, istərsə də bugün ticarətlə məşğul olan müasirlərimiz cəmiyətdə mövcudluğunu sürdürən mənfi stereotiplərin girovluğunda qalmaqdadır.

Yenə də cəmiyyətin böyük qismi ticarətçiləri alıcını aldadan, keyfiyyətsiz və baha mal satan, qazanc əldə edib varlanmaq üçün hər yola əl atan zümrə kimi tanımaqdadır. Təəssüf ki, gerçəkdə də belə ticarətçilərin çox olduğu bir mühitin formalaşmasında elə cəmiyyətin və mentalitetimizin özünün də rolu böyükdür – nəyi əkərsən, onu da biçərsən. Biz isə, mövzudan uzaqlaşmadan Azərbaycanda hal-hazırda ən xırda köşklərdən tutmuş, iri market və bazarlarda ticarətlə məşğul olanlara qədər bütün sahibkarların ən azından bütün sivil dünyada olduğu kimi, daha ədalətli və loyal münasibətə layiq olduqları qənaətindəyik.

Çünki onlar ən azından vergi ödəyiciləridir və əhalinin böyük bir qismini bu çətin iqtisadi duruma rəğmən iş yerlərilə təmin edirlər. Ancaq təəssüf ki, bizneslə birbaşa təmasda olan dövlət qurumları da bir çox halarda iş adamlarına, xüsusilə ticarətçilərə hələ də Məşədi İbad və Hacı Qara gözü ilə baxırlar.

sahib-elekberovBu günlərdə vergilər nazirinin müavini, hörmətli Sahib Ələkbərov da mətbuat konfrasında eyni mövqedən çıxış edib. O, əksər iqtisadçı ekspertlərin və sahibkarların ticarətin zəifləməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, gəlirlərinin azalması fikirlərinin həqiqət olmadığını bildirib: “Bəziləri yazır ki, guya dövriyyə, ticarət, alış-veriş yoxdur və sairə. Amma bu doğru deyil. İnanmırsınızsa, axşamlar alış-veriş mərkəzlərinə gedin, hər şeyi özünüz görəcəksiniz. Alış-veriş mərkəzləri adamlarla dolu olur”.

Vergilər naziri də başda olmaqla, bir çox yüksək ranqlı hökumət üzvü sahibkarların vergidən yayınmaq və gəlirlərini gizlətmək üçün müxtəlif bəhanələr gətirdiyini bildirərək, oxşar qənaətlərini dəfələrlə bölüşüblər. Əlbəttə ki, deyilənlərdə həqiqət var, alış-veriş mərkəzlərində sayca insan çox ola bilər, (şükür Allaha ki, böyük qırğınlar olmayıb). Ancaq məsələnin kəmiyyət tərəfi yox, keyfiyyət tərəfi maraqlıdır – bu adamlar nə və nə qədər ala bilirlər?

403402353

Hər birimiz alıcıyıq və heç də hamımız “araz aşığından, kür topuğundan olan” oliqarx-məmur, yaxud onların qohum-əqrabaları deyilik. Əvəzində böyük əksəriyyətimizin istər gündəlik, istərsə də bayram alış-verişini 2-3 il əvvəlki dövrlə müqayisə edək. Əlbəttə ki, azalan xətlə böyük dəyişiklik var və bu tendensiya təkcə alıcıya yox, satıcıya da aiddir. Alıcı səbətində getdikcə istər qida, istərsə də geyim və digər sahələr üzrə məhsulların həm çeşidi, həm miqdarı, həm də qiyməti baxımında ciddi azalma müşahidə olunur. Bu isə bir çox ticarət obyektlərinin boşalması və hətta bağlanmasına gətirib çıxarır. “Binə” Ticarət Mərkəzi, “Rahat” marketlər şəbəkəsi və bir çox başqa biznes subyektlərini göstərmək olar ki, mətbuatda onların düşdüyü çətin durum barədə dəfələrlə yazılıb. Eyni zamanda, minlərlə orta və kiçik bniznes sahibi də göstərmək olar ki, hökumətdən hər hansı dəstək gözləmədiyi üçün səsini də çıxartmadan işlədiyi obyektin qapısına qıfıl vuraraq, baş götürüb gedir. Heç bir məmur bu adamın nədən özünün və xeyli sayda insanın evinə çörək apardığı yeri qapatdığı ilə maraqlanmır, dəstək, kömək təklif etmir. Heç kəs bankların soyğunçu kredit faizlərinin altında əzilən sahibkarı vəziyyətdən çıxarmaq barədə düşünmür. Amma obyektə girib-çıxanları saymağı bacarırlar…

vergiO ki qaldı sahibkarın vergidən yayınma istəyinə, bu bütün dünyada olduğu kimi, Azərbaycanda da var. Və bunun səbəbi təkcə sahibkarlarımızın intizamsızlığı ilə bağlı deyil. Nədənsə, sahibkarlardan gileylənən və onları az qala fırıldaqçı və yalançı kimi qələmə verən məmurlar mükəmməlikdən çox-çox uzaq olan və tez-tez dəyişdirilən vergi qanunvericiliyi, bir sıra sahələrdə hələ də mövcud olan inhisarçılıq, korrupsiya halları və digər məqamları nəzərə almırlar. Sizcə kim 3-5 manat qənaət etmək üçün vergidən yayınaraq dövlətlə, qanunla gizlənpaç oynamaq istər ki? Ölkənin üzləşdiyi iqtisadi çətinliyi hamıdan əvvəl məhz ticarətçilər və əhalinin aztəminatlı təbəqəsi öz üzərində hiss edir. Çünki alıcılıq qabiliyyətinin aşağı düşməsi dərhal ticarət dövriyyəsinin enməsinə və bunun da nəticəsi olaraq gəlirin azlmasına və hətta ziyana səbəb olur.

Həmin məmurlarımız ölkəmizin 2 ilə yaxındır ciddi maliyyə-iqtisadi çətinliklə üz-üzə qaldığını yəqin ki, danmazlar. Ard-arda iki devalvasiya, neftin ucuzlaşması səbəbilə ölkənin gəlirlərinin azalması, qiymətlərin bahlaşması fonunda əhalinin gəlirlərinin artmaması və digər amillər sözsüz ki, alıcılıq qabiliyyətinə birbaşa mənfi təsir göstərir. Bununla yanaşı, Mərkəzi Bankın bəyan etdiyi kimi, ölkədə dövriyyədə olan manat kütləsinin dəfələrlə azaldılmasını, əhalinin olan 3-5 manatını da xarici valyutaya çevirərək, nə gözlədiyini heç özü də bilmədiyini, mümkün qədər qənaət etməyə çalışdığını və digər amilləri də nəzərə alın. Hələ biz manatın kursunu çox vaxt spekulyativ şəkildə oynadaraq, ticarətçinin çaş-baş salınmasını və bunun da onun ziyanına işlədiyini demirik.

Bir sözlə, bugün ölkədə ciddi şəkildə ticarətlə məşğul olanlar gecə vaxtı dumanlı havada meşəyə gedənləri xatırladır – qarşıda onu nə gözlədiyini bilmir. Müstəqil ekspertlərin fikirlərini bölüşməyən və sahibkarların şikayətlərinə inanmayan hökumət təmsilçilərinin və oxucuların nəzərinə bir neçə statistik məlumatı çatdıraq: 2016-cı ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 17 mlrd 675,7 min dollar olub. Bu, əvvəlki ildəkindən 19,4% azdır. Ötən il ixracın həcmi 28,1% , İdxal 7,4% azalıb . Dövriyyədəki manat kütləsində təkcə bu ilin yanvarında 528,8 mln. manat azalma qeydə alınıb. Faizlə ifadədə isə bu azalma yalnız bir aya 6,73% təşkil edir.

budceUzağa getyməyək, ABŞ dolları ekvivalentində 2014-cü ilin dövlət büdcəsini 2017-ci illə müqayisə edəndə, insanın “gözü qaralır” – 25 milyard dollar hara, 8,5 milyard hara? 3 dəfəyədək fərq var. İdxal məlum səbəblərdən azalıb, yerli istehsal isə əksər sahələrdə olduqca zəif, bir çox məhsullar üzrə isə ümumiyyətlə yoxdur! Bəs görəsən, sahibkar iqtisadiyyatda müşahidə olunan və hətta bizim şanlı statistika qurumunun belə gizlədə bilmədiyi mənfi trayektoriyanın qarşısında necə tab gətirməli və dövlət qurumlarının qətiyyən azalmayan tələblərini necə yerinə yetirməlidir?

Yeri gəlmişkən, xüsusilə də ticarət sektorunda çalışan sahibkarlarımızın artıq iqtisadi böhranın ilk vaxtlarından çətin duruma düşməsi və buna maliyyə ehtiyatı baxımından hazırlıqsız olmasında Vergilər Nazirliyinin böyük “xidməti” olub. İllərdir yerli-yersiz yoxlamalar, kiçik və orta sahibkar üçün astronomik sayıla biləcək cərimələr, gah “partnyorluq” gah da başqa adlarla sahibkarın boynuna qoyulan aylıq haqqlar onları maliyyə baxımından üzülmüş, yıpranmış və müdafiəsiz vəziyyətə saldı. Və iqtisadi böhran da sahibkarı elə bu vəziyyətində yaxaladı. Əvəzində vergi orqanının başında duranlar ilbəil varlandılar, oliqarxlara, milyonçulara, multimilyonçulara çevrildilər, böyük şirkətlərə, banklara və mülklərə sahib oldular.

скачанные файлыİş o yerə çatdı ki, bunların adı “MTN işində” də hallanmağa başladı. Və məlum oldu ki, az-çox imkana malik olan iş adamlarını özlərinin soyduqları bəs olmayıb, onlar barədə məlumat ötürərək, qalan 5-10 manatlarını da Eldar Mahmudovun əlaltılarına yedizdiriblər. Yalnız bu cinayətlərin üstü açıldıqdan və ölkə başçısının yoxlamaların 2 il müddətinə dayandırilmasına dair fərmanından sonra bunlar qismən də olsa qınına çəkildilər. Əslində, sahibsiz sahibkarlardan artıq alacaqları bir şey də qalmayıb…

Hörmətli millət vəkili Fazil Mustafa parlamentdə bu mövzuda danışarkən demişdi ki, hökumət sahibkarın fəaliyyətini lupa ilə, yəni xırdalığına qədər izləyərək, nöqsan tapmağa çalışmamalıdır.Kimdir buna baxan? Ancaq doğrudan da yüzlərlə şirkət və obyekt saymaq olar ki, Vergilər Nazirliyi başda olmaqla, əksər qurumlar heç onların həndəvərinə də yaxın getmir. Ona görə yox ki, sahibkarı rahat buraxmaq qərarına gəliblər, sadəcə buna cəsarətləri çatmır.

“Krışası” olmayan, ya da zəif olan sahibkarlar isə elə həmin qurumların sayəsində daim özlərini basqı altında hiss edirlər, iqtisadiyyatın daralması da bir tərəfdən onların vəziyyətini ağırlaşdırır. Nəticədə iri ranqlı məmurların Məşədi İbad gözü ilə baxdıqları sahibkarların çoxu bu gedişlə Məşədinin hambalının gününə düşməkdədir.

CƏLAL
Azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar