Bakıda polis onları şantaj edib pul alırmış

24-03-2017, 11:33   

Adətən şantaja məruz qalanlar hüquq-mühafizə orqanlarına üz tutub, kömək istəyir. Bu dəfə isə polisin özü hədə-qorxu ilə pul tələbetmə suçlaması ilə hakim önünə çıxarılıb. Söhbət Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməliyyat müvəkkili olmuş Zamir Hüseynovdan gedir.

Bu polis zabiti Səbail rayonu ərazisində - metronun «İçərişəhər» stansiyasının yaxınlığında qətlə yetirilən Ayla Dəmirovanın (əvvəllər Hətəmpaşa Dəmirov olub, sonradan cinsini, sənədlərdə adını dəyişib-red.) ölümünü araşdıran qrupa daxil olub, əməliyyat müvəkkili kimi, bu cinayət işi ilə bağlı əməliyyat tapşırıqlarını icra edib. Həmin vaxt Ayla Dəmirovanın telefonu da Zamir Hüseynovun əlinə keçib. İttihama görə, 37 yaşlı əməliyyat müvəkkili telefondakı mesajları bir-bir incələyib, onunla ünsiyyəti olan adamları çağırıb, şantaj edərək pul alıb.

100-800 MANAT ALIB

Zamir Hüseynov telefondan adları çıxan adamlara zəng edərək, onları elə 9-cu bölməyə çağırıb. Cinayət işinin materiallarında yazılıb ki, polis zabiti adamlara onların Ayla Dəmirova ilə əlaqələri haqda məlumatların yayıla biləcəyini çatdıraraq, bunun qarşısının alınması üçün onlardan pul tələb edib. Kimlərsə Dəmirova ilə əlaqələrini inkar edəndə, onların qarşısına SMS-ləri qoyub. Bu yolla da onlardan 100 manatdan 800 manata qədər pul alınıb.

Biabır olmamaqdan ötrü polis zabitinə pul verdiyi iddia olunanların sayı doqquz nəfərdir. Onların adları cinayət işinin materiallarında da var, istintaqda və məhkəmədə də zərərçəkən qismində dindiriliblər. Sadəcə, etik prinsiplər səbəbilə adları qapalı tutulur.

Zərərçəkənlər arasında Azərbaycanda yaşayan Türkiyə vətəndaşı da var. Özəl şirkətlərdən birində çalışan əcnəbi vətəndaşdan cinsi azlıqla yazışmalarının sosial şəbəkələrdə yayılmamasından ötrü 2 min manat istənilib. Amma sonda 500 manata razılaşıblar və bu məbləği verib canını qurtarıb.

Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunan Zamir Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

5 İL 6 AY HƏBS

Zamir Hüseynov özünü təqsirli bilməyib. İttihamları qəbul etməyən polis kimsəni hədələmədiyini deyir.

Amma məhkəmə onun təqsirli olması qənaətinə gəlib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamir Hüseynova 5 il 6 ay həbs cəzası verilib.

Hökmdən narazı qalan Zamir Hüseynov apellyasiya şikayəti verib. O, şikayətində işin yenidən və obyektiv araşdırılmasını, günahsız olduğuna görə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Keçmiş polis zabitinin şikayətinə martın 30-da baxılacaq.

Ayla Dəmirovanın qətlinə görə 1995-ci il təvəllüdlü Şahlar Əliyev həbs olunub. Dəmirovanın ölümü ilə yanaşı, həmin vaxt mənzildə olan daha iki nəfərə də xəsarət yetirməkdə suçlanan Şahlar Əliyevə 19 il həbs cəzası verilib. O, hökmdən narazı qalıb, apellyasiya şikayəti versə də, yuxarı instansiya məhkəməsi cəzanı dəyişməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar