Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Rusiyanın beynəlxalq aləmdəki hərəkətləri Baltik regionu və bütün Avropa ölkələrini təhlükə altında qoyur. “Foreign Policy”ya müsahibəsində o, Amerika hərbçilərinin vəziyyətə müdaxiləsini vacib sayıb, eləcə də bəyan edib ki, Moskvaya qarşı sanksiyaları ləğv etməyə ehtiyac yoxdur.
“Rusiya nəinki Litva, həm də bütün region üçün, bütün Avropa üçün təhlükədir. Biz Rusiyanın bizim sərhədlərin yaxınlığındakı anklavda, Kaliningradda davranışlarını görürük. Onlar orada Avropa paytaxtlarını hədəfdə saxlayan nüvə başlıqlı raket kompleksləri yerləşdirib “, — deyə o bildirib.
Nəşrin həmsöhbəti Amerika qoşunlarının daimi əsasda Baltik regionunda iştirakını, eləcə də hava hücumundan müdafiə komplekslərinin quraşdırılmasının zəruriliyini vurğulayıb. Qribauskayte bildirib ki, hazırda ABŞ hərbi bazaları Almaniya və Qərbi Avropada yerləşir. Onun fikrincə, “ən böyük təhlükə” Şərqi Avropa ölkələrinin üzərindədir.
Litva lideri bəyan edib ki, Amerika hökumətinə etimadından, Ağ evdə hansı administrasiyanın yerləşməsindən asılı olmayaraq, ABŞ beynəlxalq arenanı tərk etməli deyil. “ABŞ öz qitəsinin daxilində bağlanarsa, Rusiyaya geniş meydan açıla bilər”, — deyə o bildirib.
Jurnalistin ABŞ və Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaların effekti ilə bağlı sualına cavab olaraq, bildirib ki, həmin məhdudiyyətlərin ləğvinə əsas görmür, çünki onlar dünya birliyinin
Krımın işğalına cavab tədbirləridir.
Litva və digər Baltikyanı ölkələr Rusiyanın regionda hərbi fəallığına dair mütəmadi olaraq hesabatlar yayır. Yanvarın sonunda latviya hərbçiləri Rusiya hərbi gəmisinin respublika ərazi sularının bir neçə mil yaxınlığından keçməsi haqqında məlumat verib. Həmçinin yanvarın sonunda Şimali Atlantika Alyansının patrul təyyarələri Rusiya Silahlı qüvvələrininə məxsus “iki – Su-24 bombardmançı və An-26 hərbi-nəqliyyat təyyarələrinin” Baltik dənizi üzərində uçuşunu qeydə alıb.
Heybət Əmrah
Bastainfo.com