Türkiyədə 16 aprel referendumunun nəticələrindən asılı olmayaraq, bu ölkənin Avropa Birliyi ilə münasibətləri dönüş nöqtəsinə çatıb. Karneqi Fondunun saytında Marc Pierini yazır ki, ölkə prezidentinə əlavə səlahiyyətlər verəcək konstitusiya dəyişiklikləri üzrə səsvermədə ölkə rəhbərliyinin uduzma riski də var. Amma sonucdan asılı olmayaraq, Türkiyə liderləri AB ilə əlaqələrə əsaslı şəkildə yenidən baxa bilərlər. Ankarada artıq düşünürlər ki, hakimiyyəti gücləndirmək və ölkəyə uğur gətirməkdən ötrü Brüssellə siyasi bağlara daha ehtiyac yoxdur və təkcə iqtisadi əlaqələri saxlamaq istəyirlər.
Müəllif Türkiyə rəhbərliyi qarşısında əngəllərin çox olduğunu vurğulayır. Konstitusiyaya təklif olunan dəyişikliklər həm hakim AKP-ni, həm də onun müttəfiqi olan MHP-ni parçalayır. Təhlükəsizlik qüvvələrinə gəlincə, onlar hələ də ötən ilin iyulundakı çevriliş cəhdindən sonra toparlanmaqdadır. Suriyadakı əməliyyatlara Rusiya, İran və ABŞ-ın qoyduğu sədləri də nəzərə alsaq, ölkənin diplomatik baxımdan təcrid olunduğunu görmək olar. Almaniya və Niderlandla da diplomatik qalmaqal davam etməkdədir.
«DEMOKRATLAR ZİYAN GÖRƏCƏK»
«Beynəlxalq kontekstdə, Ankara gələn bir neçə il bütün əsas tərəfdaşları – AB, ABŞ və Rusiyayla daimi qarşıdurma mövqeyinə meyllənə bilər və bunun iqtisadi fəsadlarını, cəmiyyətə bölücü təsirlərini də nəzərə almaz… 16 aprel referendumun nəticəsi çox az şeyi dəyişəcək. «Hə» düşərgəsi qalib gəlsə, ölkə rəhbərliyi rahatlayacaq, hüququn aliliyi hələ bir neçə il indiki aşağı səviyyədə qalacaq. «Yox» deyənlər qalib gələrsə, fövqəladə vəziyyət saxlanacaq, de-fakto icraedici prezidentlik qüvvədə qalacaq. Üstəlik, hökumət hazırkı çoxluğunu gücləndirməkdən ötrü növbədənkənar parlament seçkiləri də keçirə bilər. Hər iki halda Türkiyədə dini-mühafizəkar konsepsiya üstünlük qazanacaq, demokratlar ziyan görəcək», – yazan müəllifin fikrincə, AB liderləri Türkiyəylə gələcək əlaqələrin həm stili, həm də mahiyyətiylə bağlı qərar verməlidirlər.
Məqalədə qeyd olunur ki, şəxsi səviyyədə körpülər yandırılıb. Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın avropalıları nasistləri müqayisə etməsi AB liderlərini, ən əsası, vətəndaşlarını iliyinədək titrədib. Artıq bu hissi heç bir diplomatiya sərinlədə bilməz, heç Türkiyə liderlərinin sözlərini geri götürəcəyini də gözləmək real deyil. AB dövlət və hökumət başçıları bu yaxınlarda Türkiyə prezidenti ilə eyni masada oturmaq istəməzlər. G20 sammitlərini çıxsaq, gələcək siyasi müzakirələr daha aşağı səviyyələrdə keçirilə bilər.
İKİ YOL
Marc Pierini yazır ki, Türkiyə AB ilə siyasi münasibətləri kəsmək istəsə, bunu 2 yolla edə bilər. Ya Türkiyə parlamenti ölüm hökmünü bərpa edər və prezident də bunu təsdiqləməklə AB-yə üzvlük danışıqları dərhal dayandırılar. Ya da prezidentin martın 25-də dilə gətirdiyi kimi, hökumət AB-yə üzvlüklə bağlı referendum keçirər və birliyə qarşı kəskin ritorikayla təbliğat aparar.
Münasibətləri fəal səviyyədə saxlamaqdan ötrü isə AB və Türkiyə liderləri bir sıra məsələlərdə razılığa gəlməlidirlər: hər iki tərəfin faydalandığı AB-Türkiyə Gömrük Birliyinin modernləşdirilməsi; terrorçuluğa qarşı mübarizə; 2016-cı ilin martında Brüssellə Ankaranın əldə etdiyi qaçqınlara yardım sazişinin gerçəkləşdirilməsi. İnandırıcı görünməsə də, AB hökumətlərinin hamısı belə bir paketi qəbul etsə, irəliyə doğru real bir yol açılar.
«AB liderləri heç də Türkiyə ilə bütün əlaqələri kəsməyə, liberaldüşüncəli türkləri gözardı etməyə meylli deyil. Amma Türkiyənin Avropanın siyasi həyatına müdaxiləsi artıq əndazəni aşmaqdadır… AB-də belə bir yanaşma da var ki, Ankaranın Avropanın gələcəyi ilə bağlı sərt ritorikası və ifadə azadlığı mühazirələri Avropanın özündə qorxulu populistləri qidalandırmaqdadır», – məqalədə vurğulanır.