Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
Savash.org istipress-ə istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə "qoy uşağı geyindirim, sonra apar" deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarıc ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas". Həmin tükürpədici ismarıcın fotosunu sizə təqdim edirik:
Atası tərəfindən öldürülən yeddi yaşlı uşaq yalvarıbmış: "Məni atama verməyin", atanın isə şok mesajı üzə çıxdı: "aparıram, başını kəsməyə..."Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata müstəntiqə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm" deyib.
Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurdu. Hətta hadisənin baş verdiyi gecə: "Nənə məni atama vermə, qorxuram" deyib.
Röyaminin anası Günel Məmmədovanın verdiyi məlumata görə, Röyal bir neçə il əvvəl kiçik oğlunu da qaçırıbmış. Lakin ona xələl yetirməyib geri qaytarmışdı. Amma bu dəfə fərqli oldu: "Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü " - deyib.