Nizami rayon Polis Şöbəsinin rəisi: “O, axtarışda olub və tutularkən polisə müqavimət göstərib”
Gəncə şəhər sakini Akif Nağı oğlu Rzayev oğlunun və gəlininin polislər tərəfindən fiziki zorakılığa məruz qalaraq saxlanılmasından ölkə başçısına, birinci vitse-prezidentə, baş prokurora, daxili işlər nazirinə şikayət edib.
Gəncə şəhəri İ.Orucov küçəsi, ev 8-də yaşayan A. Rzayevin Gununsesi.info-ya ünvanladığı şikayət ərizəsində Gəncə şəhərinin Məshəti qəsəbəsində kirayədə yaşayan oğlu Rzayev Ceyhunun və gəlini Rzayeva Ruhiyyənin 5-6 polis tərəfindən fiziki zorakılığa məruz qalaraq Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə aparıldığı bildirilir.
Ərizədə polisin Rzayev Ceyhunun saxlanmasının səbəbi kimi onun barəsində AR CM-in 178.1-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılması və bununla bağlı onun barəsində axtarış verilməsi göstərilib.
unnamed (24)
Bununla belə, A. Razayev şikayət məktubunda qeyd edib ki, Polis Şöbəsində ona oğlunun polisə tabe olmadığı üçün döyüldüyünü də bildiriblər:
“Mən oğlum barəsində nə vaxt cinayət işinin açıldığını və kimə pul borc olduğunu soruşduqda, Gəncə BPİ-nin müstəntiqi gələrək bildirdi ki, narahat olmayın, oğlunuz kimə “pul atdığı” adam gəlib onun üzünə dayananda biləcəksiniz. Həmin adamı polis əməkdaşları Nizami RPŞ-yə gətirdilər və həmin adam içəri girərək oğlumun üzünə baxıb həmin adam olmadığını bildirdi”.
A.Rzayev bundan sonra hadisə ilə bağlı polislərlə birgə prokurorluğa getməyi tələb edir:
“Mən oğlum və polis əməkdaşları ilə birlikdə prokuror Fazil Həsənəliyevin yanına getdik. Prokuror oğlumu və müstəntiqi danışdırdıqdan sonra oğlumun dərhal sərbəst buraxılmasını tələb etdi. Buna baxmayaraq, oğlumu üç gün müvəqqəti saxlama yerində saxladılar ki, onun üzündə olan yaralar və göyərtilər çəkilsin. Mən oğlum buraxıldıqdan sonra, Polis Şöbəsinə gəlib onu əsassız yerə döyən polislərin ortalığa çıxmasını və onların barəsində şikayət verməcəyimi bildirdim. Polis rəisi Ədalət müəllim mənə bildirdi ki, biz bilirik, siz polislərdən şikayətçi olacaqsınız. Ona görə də polis əməkdaşları sizdən şikayətçidilər:
“Əgər mən deyənlə razılaşmasan, oğlun bundan sonra başqa adla içəri salınacaq və ondan da pis döyüləcək. Sonra da oğlun məcbur olub hansı cinayəti desək onu da boynuna alacaq”.
Mən oğlumun əsassız yerə vəhşicəsinə döyən polisə əməkdaşlarının barəsində şikayətçiyəm. Prokurordan və nazir Ramil Usubovdan tələb edirəm ki, polis əməkdaşları barəsində ölçü götürərək, onları məsuliyyətə cəlb etsinlər”.
Məsələ ilə bağlı olaraq Nizami rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqovla əlaqə saxladıq.
Ə.Sadıqov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, C. Rzayev barəsində cinayət işi olduğundan axtarışda olub.
“Polis onu saxlayan zaman Ceyhun Rzayev polisə müqavimət göstərib və buna görə də barəsində cinayət işi açılıb”– deyə, Ə.Sadıqov bildirib.
Mürtəza
Gununsesi.info