Hərbi və siyasi ekspertlər prezidentin son fərmanının müharibəyə hazırlıqla əlaqələndirilməsindən danışdılar; aprel döyüşlərindən sonra bu sənəd xüsusi önəm daşıyır
Azərbaycan prezidenti İlham Əliyevin 14 fevral 2017-ci il tarixli qanunun tətbiqi barədə imzaladığı fərman rezonans doğurub. Nazirlər Kabineti başda olmaqla, bir sıra qurumların qarşısında konkret vəzifələrin qoyulduğu sənəddə üç ay ərzində Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etmək tapşırığı da qoyulub.
Ancaq sözügedən qanun ətrafında aparılan diskussiyalar kuluarlarda, məlumatsız vətəndaşlarımızda bir qədər çaşqınlıq yaradıb. Bir sıra müddəalara diqqət yetirən bəzi müşahidəçilər bunu ölkədə səfərbərliyə hazırlığın tərkib hissəsi və müharibə hazırlığı kimi də qiymətləndirir. Bu mənada geniş auditoriyanı maraqlandıran qanunun şərhi ilə bağlı ekspertlərə müraciət etdik.
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, “Hərbi vəziyyət”lə bağlı qanunvericilikdə aparılan dəyişikliklər təhlükəsizlik çağırışlarının dəyişməsi ilə bağlı idi: “Xüsusilə də müharibə şəraitində dövlət və hökumət orqanlarının fəaliyyətinin koordinasiyası, xalqın səfərbər edilməsi və hərbi sirlərin qorunması müstəsna əhəmiyyət daşıyır. Doğrudur, parlamentdə aparılan müzakirələr Ermənistanın informasiya məkanında əlahiddə diqqətə səbəb olmuşdu. Bir çoxları bunu Azərbaycanın yeni müharibə hazırlığının anonsu kimi dəyərləndirmişdi”.
Deputat hesab edir ki, əslinə qalanda burada həqiqət payı az deyil: “Belə ki, aprel döyüşlərindən sonra status-kvo dəyişib. Silahlı qüvvələr diplomatik danışıqların mühüm təminatçısına çevrilib. Təmas xətti boyunca həyata keçirilən tədbirlər sübut edir ki, səngər döyüşləri əvəzinə yeni hərbi taktiki planlar işə salınıb. İndi Azərbaycan tərəfi düşmən tərəfinin hərbi mövqelərini və planlarını zərərsizləşdirmək üçün xüsusi imkanlar qazanıb. Texnoloji-kommunikativ üstünlüyünü nümayiş etdirməklə ötən ildən başlayaraq, mülki əhalinin artilleriya hücumlarından daha effektli qorunması mümkün olub. Yəqin atəşkəsdən sonrakı itkilərin müqayisəli statistikası dediklərimizi sübut edir”.
İcra hakimiyyəti orqanlarının vəzifələrinin hərbi şərait zamanı Müdafiə Nazirliyinə verilməsinə gəlincə, Z.Oruc bildirdi ki, burada söhbət militarist bir idarəçilik bərqərar etmək, ölkəni hərbi sistemə keçirmək və iqtisadiyyatı müharibə qanunlarına tabe etdirməkdən getmir: “Ölkə xarici əlaqələrə qapananda nəinki investisiya axınları dayanır, o cümlədən bütövlükdə idxal və ixrac əməliyyatları zərbə altına düşür. Ona görə də komendant şəraiti və müvafiq icra orqanlarının bir qisim səlahiyyətlərinin məhdudlaşdırılması Azərbaycanın vahid nazirlik üzərindən yönləndirilməsi anlamına gələ bilməz”.
Ancaq komitə üzvü qeyd etdi ki, göründüyü kimi, hərbi qanunvericilik aktları ordu qarşısında yeni vəzifələr qoyur: “Fikrimcə, təhlükəsizlik konsepsiyası və hərbi doktrinanın da müasir regional vəziyyətə uyğunlaşdırılmasına ehtiyac var”.
“Bu, müstəsna hallarda tətbiq olunacaq bir rejimdir və qanunvericilik indidən bu rejimin əsaslarını hazırlamağa borclu idi”.
Bu fikirlər isə deputat Fazil Mustafaya məxsusdur. O, qəzetimizə dedi ki, müharibə aparan bütün dövlətlərdə belə bir qanunun olması zəruridir: “Hərbi vəziyyət elan olunan bölgələrdə təbii ki, səlahiyyətlər hərbi komendantın əlində cəmlənməlidir”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirdi ki, sözügedən sənədi normal qarşılayıb və bu, şəxsən onun üçün heç bir qeyri-adi və fors-major təəssürat yaradacaq bir hadisə deyil: “Ölkə başçısı bu fərmanla ölkə həyatında çox önəmli olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının ”Hərbi vəziyyət haqqında" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərin tez bir zamanda hazırlanması ilə bağlı hökumətə tapşırıq verib. Yəni Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilmiş əlavə və dəyişikliklərin həyata keçirilməsi, bu mühüm və vacib qanunverici normaların pozulmasına görə məsuliyyət dairəsini müəyyən edən hüquqi sənəd Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin həm icrasını, həm də qaydalarını müəyyən edir".
Ekspert xatırlatdı ki, belə bir sənəd bundan əvvəl də olub: “Lakin bildiyiniz kimi, ölkə ərazisində hərbi vəziyyət elan olunması vaxtı demək olar ki, iki dəfə azaldıldı. Belə olan təqdirdə, qanun mərkəzi icra hakimiyyəti orqanlarının konkret vəzifə səlahiyyətlərini, həmin qanundan irəli gələn digər məsələlərin nədən ibarət olmasını müəyyənləşdirir. Bu qanunun icrası üzrə ən böyük məsuliyyət və yük Müdafiə Nazirliyinin üzərinə düşür. Sözsüz ki, qanunun tətbiqi ilə əlaqədar təkcə Müdafiə Nazirliyi deyil, ölkənin digər qurumları da çox çevik və təxirəsalınmaz işlər həyata keçirməlidirlər. Həm Xarici İşlər Nazirliyi, həm də Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kimi hökumət qurumları bu qanunun tətbiqindən irəli gələn vəzifələri yerinə yetirməli və ”Hərbi vəziyyət haqqında" Qanunun tələblərinin tam və əhatəli şəkildə yerinə yetirilməsini təmin etməlidirlər. İlk baxışdan adi qanunlardan biri kimi təsir bağışlasa da, əslində çox geniş və yerinə yetirilməsi böyük əziyyət, zəhmət tələb edən bir normativ sənəddir. Dövlət və dövlətçiliyimiz üçün xaricdən və ya daxildən yarana biləcək potensial təhlükələri aradan qaldırmaq üçün nəzərdə tutulan bu qanun elə bir mükəmməl formada yerinə yetirilməlidir ki, sabah real vəziyyət yarananda biz çıxılmaz vəziyyətlə üzləşməyək".
E.PAŞASOY/musavat.com/