İlham İsmayıl: “Putinin terrorla bağlı açıqlamasının xəbərdarlıqdan daha çox, siyasi yükü ağırdır”
Rusiya prezidenti Vladimir Putinin Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə səsləndirdiyi bəzi fikirlər ciddi narahatlıq doğurub. Aprelin 3-dəki Sankt-Peterburq terrorundan söz açan Kreml rəhbəri deyib ki, MDB ölkələri terror hücumları üçün potensial hədəfdir.
Onun bu fikri MDB ölkəsi kimi Azərbaycanda da geniş müzakirələrə yol açıb. Çoxları hesab edir ki, Putinin açıqlamaları təsadüfi deyil. Hər bir MDB dövlətinin təhlükəsizlik tədbirlərini gücləndirməsinin vacibliyi vurğulanır. Rusiya, Türkiyə kimi kəşfiyyat orqanları güclü ölkələrin terrorun qarşısını ala bilməməsi önə çəkilir, ölkəmizin bu nüansı nəzərə alması qeyd olunur.
Azərbaycanda Putinin fikirləri ilə yanaşı, Sankt-Peterburq terrorunu törədən qırğız əsilli qatillə bağlı Mərkəzi və Orta Asiyadan Azərbaycana gələnlərin qarşısının alınmasının, yaxud onların ciddi şəkildə nəzarət altında olmasının vacibliyi müzakirə olunur. Hətta Mərkəzi və Orta Asiya mənşəli şəxslərin ölkədən çıxarılmaları ilə bağlı tələblərə də rast gəlmək mümkündür.
Artıq əcnəbi vətəndaşların ölkədən çıxarılması prosesinin ötən ildən başladığını da söyləmək mümkündür. Keçən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26435 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib.
"Trend"in məlumatına görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, o cümlədən 5523 nəfər ölkə hüdudlarından kənara çıxarılıb.
Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması halları mövcud olub ki, bununla bağlı müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.
Image result for İlham İsmayıl
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, Rusiya prezidentinin MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərini Moskvaya dəvət etməsinin pərdəarxası məqamları var: “Təhlükəsizlik orqanları rəhbərlərini Moskvaya yığmaqla Putin özünü keçmiş postsovet məkanının rəhbəri kimi apardığını göstərir. O sanki keçmiş SSRİ-nin rəhbəridir, yerdə qalanlar da müttəfiq respublikalardır, istənilən vaxt onları Moskvaya dəvət edib, danışa bilər. Onun bu siyasi addımı bununla bağlıdır. Deməsi ki, ümumi maraqlarımız var, ümumi siyasət yeridirik, terror bizdə baş verdiyi üçün siz də bizi dəstəkləyin, sizlərin də ərazinizdə baş verə bilər. Açıqlamadan bax bunlar anlaşılır. Siyasi çalarlar öz yerində, onun dediklərində həqiqətlər var. Amma bu hamıya şamil deyil. MDB ölkələrinin biri də Ermənistandır. İndiyə qədər nə ”əl-Qaidə", nə də İŞİD bu ölkədə terror edib. Sadəcə, bu açıqlamalarla MDB ölkələrinin nəzarəti altında olduğunu nümayişkaranə şəkildə göstərir. Hesab etmirəm ki, Orta Asiya ölkələrində terror baş versin. Çünki bu ölkələrdə terror törətmək İŞİD-in marağında deyil. Onlar bilirlər ki, Suriyada avia-zərbələri endirən Rusiyadır. Quru qoşunları baxımından isə İrandır. İrana ona görə ilişmirlər ki, bu ölkənin daxilində kifayət qədər terrorçu var. Putinin bu açıqlamasının xəbərdarlıqdan çox, siyasi yükü ağırdır".
Təhlükəsizlik eksperti Mərkəzi və Orta Asiyadan Azərbaycana gələnlərlə bağlı görülməli olan tədbirlərdən də söz açdı: “İndiyədək Miqrasiya Xidməti tərəfindən açıqlanan rəqəmlər olub. Amma açıqlanmayan rəqəmlər də var ki, bu da təhlükəsizlik orqanına aiddir. Eldar Mahmudov ”zəlzələsi"ndən sonra çox ağır işlər görülür. Problemin öhdəsindən gəlməyə çalışırlar. Asiyadan gələnlərlə bağlı çox ciddi şəkildə işlər aparılır. Son vaxtlar terrorçularla bağlı aparılan əməliyyatlar, onların öldürülməsi xüsusi xidmət orqanının məlumatlı olmasına işarədir. Arzu edək ki, iş daha da möhkəmlənsin. Çünki silah, partlayıcı maddələr ölkəyə keçirə bilməsələr də, maşınları insanların üzərinə sürməyi bacarırlar. Bildiyiniz kimi, İŞİD rəhbərliyi belə təlimat verib ki, silahınız olmasa belə, maşın oğurlayıb insanların üzərinə sürün. Bu baxımdan, xüsusi xidmət orqanımıza uğurlar arzulayaq".
Cavanşir ABBASLI