Türkiyənin uçaq şirkəti ABŞ ermənilərinin əlinə keçdi - sensasion məlumatlar

8-04-2017, 09:07   
Türkiyənin uçaq şirkəti ABŞ ermənilərinin əlinə keçdi - sensasion məlumatlar
ABŞ erməni lobbisinin “BoraJet” əməliyyatı; Əsl sahibi erməni Levon Termendzyan olan SBK Holdinq “BoraJet”i alıb, Ermənistanla hava daşımaçılığını genişləndirməyi nəzərdə tutur; bunun üçün artıq ciddi səviyyədə danışıqlara da başlanıb; Yalçın Ayaslı erməni lobbisinin hədəfinə niyə gəldi...

Türkiyə mediası yazır ki, 2016-cı ilin iyul ayına qədər “BoraJet” əvvəldə 165 milyon lirə həcmində olan sərmayəsini 234 milyon lirəyə qədər artıra bilib. 2015-ci ildə isə bu rəqəm 150 milyon olub. Rəqəmlərdən göründüyü kimi, 2015-ci ildə sərmayəsini cəmi 10 faiz artıran şirkət, 2016-cı ildə 42 faiz böyüyüb. Maraqlıdır, bütün hissələrin sahibi olan Yalçın Ayaslı satışa qərar vermişdisə, şirkətə bu qədər sərmayə yatırılmasının səbəbi nə idi? Başqa bir sual - belə ciddi kapital qoyulan və yüksəlişdə olan şirkət niyə qəfil satıldı?


“Yeni Müsavat”ın müxbirinin Amerika Birləşmiş Ştatlarındakı qaynaqlardan əldə etdiyi bilgiyə görə, satışa səbəb ABŞ-dakı erməni lobbisinin çoxdan bəri hədəf seçdiyi “BoraJet”-in artıq keçmiş sahibi Yalçın Ayaslıya qarşı “genişmiqyaslı hücumu” olub. Belə bir meydanı erməni lobbisinə ötən ilin 15 iyulundakı çevriliş cəhdi yaradıb. Yalçın Ayaslının adını FETÖ araşdırmasına qarışdırmağı bacaran erməni lobbisi onun şirkətini əsl sahibi erməni Levon Termendzyan olan SBK Holdinqə satılmasına nail olub.


Türkiyədə gündəmə gələn bu iddia Yalçın Ayaslını yaxından tanıyanları şoka salıb. Çünki Türkiyənin siyasət və elm çevrələrində böyük nüfuzu olan Yalçın Ayaslının dönməz kamalist olduğunu bilməyən yoxdur...



Yalçın Ayaslı


15 iyul çevriliş cəhdindən sonra hər köşədə FETÖ-çu axtarmaqla hakimiyyətə yarınmaq istəyən bir sıra qəzetlər Birləşmiş Ştatlardakı erməni dairələrin diqqətini çəkib. Həmin media quruluşları ilə işbirliyinə girənlər Ayaslı haqqında qara piar kampaniyası başladıb. Onun uzun illərdir Gülən camaatı ilə yaxınlığı haqqına heç bir sübutu olmayan iddialar irəli sürülüb, şirkətini Gülənin parası ilə böyütdüyü haqqında miflər uydurulub. Şirkət əl dəyişdirdikdən sonra Yalçın Ayaslını qaralayan yazıların ABŞ-dakı erməni mərkəzlərdən idarə olunduğu təsdiqini tapıb. “BoraJet” sahibi erməni olan SBK Holdinqə satılandan sonra aylarla mövzunu gündəmindən düşməyə qoymayan qəzetlər qəfildən susub.


SBK Holdinq isə durumdan məmnundur. “BoraJet”i alandan sonra holdinq yönətiminin yaydığı açıqlamada bildirilir ki, məqsəd İstanbuldakı üçüncü hava limanından indiyə qədər az işlənən marşrutlar üzrə reyslər açmadıq. ABŞ-dakı qaynaqlar bildirir ki, holdinq “az işlənən marşrutlar” dedikdə məhz Ermənistanla hava daşımaçılığını genişləndirməyi nəzərdə tutur, bunun üçün artıq ciddi səviyyədə danışıqlara da başlanıb.


Son dönəmlərə qədər SBK Holdinqin saytında şirkət sahibi kimi göstərilən Levon Termendzyanın adı “BoraJet”in alınmasından sonra “qeybə çəkilib”. ABŞ-dakı qaynaqlar onu da təsdiq edir ki, bu şəxs qalmaqallı naturasıyla ünlüdür. L.Termendzyan adı bir neçə dəfə ştatın kriminal olaylarında da hallanıb.

Image result for Sezgin Baran Korkmaz




İndi rəsmi sənədlərə görə SDK Holdinqin sahibi Sezgin Baran Korkmaz adlı ABŞ-lı iş adamıdır. Korkmaz Karslıdır. Erməni əsilli olması haqqında iddialar olsa da, bunları təsdiq etmək mümkün olmayıb. Gələn məlumatlarda vurğulanır ki, Baran Korkmaz erməni yox, kürd əsillidir. Qarsda məktəblər və yataqxanalar tikməsilə məşhurdur. Türkiyənin bir neçə naziri ilə sıcaq ilişkilər quran holdinqin bir müddət öncə dərman sektoruna da girdiyi, “Biofarma İlaç ve Münir Şahin İlaç” şirkətlərini aldığı haqqında sənədlər var.


Erməni maliyyəsi ilə qurulan SBK Holdinq mərkəzi ofisi ABŞ-da olan “Washakie Renewable Energy”, “Noil Energy Group” və bu qrupların Türkiyədəki yönəticisi olaraq da fəaliyyət göstərir. Əldə etdiyimiz bilgiyə görə, şirkətin hədəfləri sırasında Türkiyə üzərindən SOCAR-la işbirliyi qurmaq da var.


Qayıdaq “BoraJet”-in satılmasına. 14 uçağa sahib və böyüklüyünə görə Türkiyənin üçüncü hava daşımaçılığı şirkəti olan “BoraJet”lə bağlı diqqət çəkən bir xəbər də 2016-cı ildə “Hürriyət” qəzetində yayılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın BMT TŞ-nın toplantısına qatılmaq üçün gerçəkləşdirdiyi ABŞ səfəri haqqındakı yazıda vurğulanır ki, “Borajet”in satılması ideyası həmin dönəmdə gündəmə gəlib...


Türkiyə mediasında Yalçın Ayaslının FETÖ-çu olması haqqında saysız uydurmalarla yetərlənməyən erməni lobbisi iş adamının yaxın çevrəsinə, “BoraJet”in İdarə Heyətinə də yol tapa bilib... Sonucda Ayaslı şirkəti satmağa məcbur olub.


Ayaslının Türkiyədəki əmlaklarını tamamilə ələ keçirmək istəyən erməni lobbisi bununla da yetərlənməyib. “Alınan” şəxslərin şirkətin alqı-satqı zamanı bilərəkdən yol verdikləri səhlənkarlığa görə Ayaslının İstanbulun göbəyində, Topqapı Sarayının yaxınlığındakı Nuri-Osmaniyyədə dəyəri 25-30 milyon dollar olan mülkü də məhkəmə predmetinə çevrilib. Məsələ burasındadır ki, 250 milyon dollar qarşılığında “BoraJet” şirkətin bütün sənədlərinin yeni sahibinə veriləcəyinə təminat verib. Girov kimi də sözügedən mülkü göstərib. İndi SBK Holdinq ələ aldığı şəxslər vasitəsilə “gizlədilən sənədləri” ortaya çıxararaq Yalçın Ayaslının satış anlaşmasını pozduğunu iddia edir.


ABŞ-dakı qaynaqların fikrincə, bütün bu işlərin arxasında ABŞ-dakı erməni lobbisi və bu lobbinin nəhəng maliyyəsi dayanır. Məqsəd Ermənistanla Türkiyə arasında hava nəqliyyatının bərpası üçün altyapını hazırlamaqdır.



Bəllidir ki, erməni lobbisi son dönəmlərdə müşahidə olunan Kreml-Ankara yaxınlaşmasından Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsi üçün istifadə etməyə çalışır.


Bu münasibətlərin bərpası üçün beynəlxalq müstəvidə yaranan heç bir fürsəti qaçırmayan erməni lobbisinin məhz Yalçın Ayaslının şirkətini hədəf seçməsi də təsadüf deyil. Bununla ermənilər Osmanlı dövlətinə, Türkiyə Cümhuriyyətinə qarşı yalanlarının ifşa edilməsində müstəsna rolu olan Yalçın Ayaslıdan intiqam almaq fikrindədirlər.


ABŞ-dakı qaynaqlar onu da iddia edir ki, təxminən bir ay öncə baş tutan Putin-Ərdoğan görüşündə də bu məsələ masaya yatırılıb. Rusiya prezidenti Ermənistanla Türkiyə arasında münasibətlərin genişlənməsinin regional siyasətə müsbət təsir edəcəyini söyləyib.


Yalçın Ayaslı haqqında bir qədər ətraflı: 1946-cı ildə Ankarada doğulub. Orta Doğu Texniki Universitetinin Elektrik Mühəndisliyi fakültəsini bitirib. Təhsilini 1973-cü ildə Bostonda, Massaçusets Texnoloji Universitetində davam etdirib, doktor elmi dərəcəsi alıb. Lazer şüaları üzrə mütəxəssis olan Y.Ayaslının 15 ixtirası var. 20 illik elmi fəaliyyəti nəticəsində əldə etdiyi ixtiralarını ABŞ Müdafiə Nazirliyinə və tibb texnologiyaları istehsal edən şirkətlərə satan Yalçın Ayaslı 2,45 milyard dollar gəlir əldə edərək, həmin vəsaitin bir qismi ilə “BoraJet”i qurub. Bununla yanaşı, alim Boston, Vaşinqton və İstanbulda ofisləri olan ABŞ Türk Koalisiyası və Türk Kültür Fondu adlı iki təşkilata rəhbərlik edir. Hər iki mərkəz türk mədəniyyətinin, musiqisinin, mətbəxinin dünyaya tanıdılması ilə məşğuldur. Alim ortaçağa aid kilim və xalıların bərpası üçün İstanbulda çağdaş texnologiyalarla təchiz olunmuş restavrasiya mərkəzinin də sahibidir. Təhsil aldığı və bir neçə il müəllim olaraq çalışdığı ÖDTÜ-də Ayaslı Araşdırma Mərkəzi quram alim gənc istedadların Türkiyədə və xaricdəki təhsilinə dəstək verir. “BoraJet”lə yanaşı Yalçın Ayaslı qida sektorunda aid Armaggan və Nar şirkətlərinin də sahibidir.




Onun geniş ictimai fəaliyyətinin əsasında isə Atatürk ideyalarına sədaqəti və Türkiyə Cümhuriyyətinin maraqlarına xidmət dayanır. ABŞ-dakı erməni lobbisinin hədəfinə gəlməsinin səbəbi də Ayaslının erməni iddialarının yalanlamasına ciddi sərmayə yatırmasıdır.


Yalçın Ayaslını yaxından tanıyan Türkiyənin ünlü diplomatı, Yaponiya və ABŞ böyükelçisi olmuş, XİN müstəşarı, 2 dönəm Türkiyə Böyük Millət Məclisinin üzvü Şükrü Elekdağ “Yeni Müsavat”a açıqlamasında yerli qəzetlərin Yalçın Ayaslı haqqında yazdıqlarının gerçəklə heç bir bağlantısı olmadığını deyir: “Yalçın Ayaslı yaxından tanıdığım, sayğı duyduğum şəxsdir. Millətini, vətənini sevən dəyərli şəxsiyyətdir. Heç bir zaman dindar çevrələrlə yaxınlığı olmayıb, dünyəvi həyat tərzi keçirib. Yalçın Ayaslı Türkiyə Cümhuriyyətinin mənfəəti üçün böyük işlər görüb. Uzun illər ermənilərin soyqırım yalanlarının qarşısını almaq üçün Türkiyədə, ABŞ-da, Fransada böyük işlər görüb - beynəlxalq məhkəməyə çıxan işlərin maliyyə tərəfini həll edib, saxta soyqırım iddialarına elmi cavablar verilməsi üçün beynəlxalq konfranslar təşkil edib, müxtəlif dillərdə kitablar nəşr etdirib. Heç bir qarşılıq gözləmədən milyonlarla vəsaitini Vətəni üçün xərcləyən, Türkiyə dövlətinə xidmət edən dəyərli bir şəxs haqqında qaralama kampaniyasına çox üzülürəm. Onun heç bir zaman Fətullah Gülənə münasibəti müsbət olmayıb. Tam əksinə, onu Türkiyə dövləti üçün təhlükə olaraq görüb və bu fikirləri açıq şəkildə dilə gətirib. Türkiyə dövlətinin təməl ideyalarına hər zaman sahib çıxan və bütün ömrünü ölkəsinin yüksəlişi üçün çalışan belə insanlarımızı qorumalıyıq. İnanıram ki, onun qurduğu ”BoraJet" şirkətinin hansı saxtakarlıqla ermənilərin əlinə keçməsi haqqında informasiyalar qısa zamanda gün üzünə çıxacaq. O zaman bu insanın hansı məqsədlər üçün hədəf seçildiyini hər kəs görəcək. Bu məsələdə mən sonadək sayğıdəyər Yalçın Ayaslının yanındayam".



Qarabağ məsələsinə xüsusi həssaslıq və prinsipiallıqla yanaşan Şükrü Elekdağ ABŞ-ın erməni lobbisinin bununla Azərbaycanı da hədəf aldığını düşünür: “Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Qarabağ problemi çözülmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət gedə bilməz. Türkiyənin həssas bir dönəmdən keçdiyi bugünkü günlərdə erməni lobbisinin Ermənistanı Türkiyə üzərindən dünyaya açmaq cəhdləri həm də Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmağı hədəfləyir. Ümid edirəm, hər iki dövlətin lideri bu saxtakar oyunu pozmaq üçün iradə göstərəcəklər. Əlimizdə SBK Holdinqin erməni sərmayəsi ilə işləməsi haqqında ciddi sənədlər var. Belə bir şirkətin Türkiyədə mülki aviasiya sahəsində fəaliyyəti dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi üçün ciddi problemdir. Hər iki dövlət rəhbərini ermənilərin bu oyununu pozmağa çağırıram”.


Mövzunu davam etdirəcəyik.


Aygün MURADXANLI
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.