BDU-nun İlahiyyat fakültəsinə düşən rüşvət kölgəsi - Video

9-04-2017, 09:21   

[media=https://www.youtube.com/watch?time_continue=60&v=GBHf6q09GCY]
Azərbaycan müstəqillik elan etdikdən dərhal sonra Türkiyənin yardımı ilə Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi yaradıldı. Məqsəd 70 il ateist ideologiyalı SSRİ işğalına məruz qalan ölkəmizdə yaranan dini boşluğu doldurmaq, İslam ölkələrindən gələcəyi gözlənilən məzhəbçi-missioner fəaliyyətlərin qarşısını kəsmək idi. Beləcə, milləti millət edən əsas atributlardan sayılan dindarlıq duyğusunun yad əllərə düşməyəcəyi, Azərbaycan xalqının tarixi qan yaddaşının yenidən bərpa olunacağı planlaşdırılmışdı.
Bəs, görəsən, bu vacib strategiya nə qədər özünü doğruldu?
Xüsusilə, məzhəb savaşlarının qızışdığı indiki dövrdə ən vacib məsələyə çevrilən bu suala, nə yazıq ki, müsbət cavab vermək olmur. Bütün Azərbaycan xalqı İlahiyyat fakültəsindən xoş sədalar eşitmək istərkən, fakültədən gələn rüşvət xəbərləri hər kəsi xəyal qırıqlığına uğradır.
Maraqlıdır ki, tələbələrin bir araya gələrək, fakültədə baş alıb gedən rüşvətxorluğa qarşı şikayətlərinə universitet və ölkə rəhbərliyinin reaksiyası da adekvat deyil.

Ovqat.com-a fakültə tələbələrinin ötürdüyü səs yazısı da rüşvət qalmaqalının nəinki araşdırılmadığını, əksinə ört-basdır edildiyini təsdiqləyir.
Səs yazısı videosunu şərh edən bir qrup tələbənin redaksiyamıza ünvanladığı məktubda deyilir:
“Bu videoda bir müddət əvvəl rüşvət qalmaqalı ilə gündəmə gələn BDU İlahiyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb edir.
Qeyd edək ki, BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu. Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə yazmağı tələb edir. Aşağıdakı səs yazısında da qeyd olunduğu kimi, o, tələbələri və müəllim heyətini məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışır. Hətta bu minvalla Nigar İsmayılzadə bəzi tələbələri yola gətirməyi belə bacarıb.
Səs yazısında bir xüsusa diqqət yetirmək yerinə düşərdi. Dəhlizdə tələbəni məhkəmə ilə təhdid edən Nigar İsmayılzadə başqa bir müəlliməyə "Koridorda bu məsələləri müzakirə etmək olmaz" deyir. Bəli, tələbələri (hətta istədiyi izahatı yazmayan tələbələrin valideynlərini) məhz dəhlizdə deyil, Nigar İsmayılzadənin öz xüsusi adəti üzrə otağa çağırıb gizlicə tehdid etmək daha məqsədəuyğun idi, axı!”

İlahiyyat fakültəsinə rüşvət kölgəsi salan vodeonu oxuculara təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar