PUTİN ÜÇÜN QƏFİL PEYDA OLAN “QARA QU QUŞU” – ABŞ-ın “qayıdışı” Moskva üçün 2 yol qoyur

10-04-2017, 07:17   

Belə görünür ki, bu, həmişə qəflətən gələn həmin “qara qu quşu”dur. Bu dəfə həmin “qara qu quşu” gözlənilmədən Kreml və onun diplomatları üçün gəlib.

Suriyanın əyalətlərindən biri olan İdlibin Han Şayhun şəhərinə edilən kimyəvi hücumdan sonra bəlli oldu ki, Bəşər Əsəd zəhərli qazdan istifadə edilməsini Moskvadan soruşmaq istəmir. Rəsmi Rusiyanın bu hadisəni həqiqətə uyğun gəlməyən izahlar vasitəsi ilə ört-basdır etməyə çalışması, vəziyyəti yalnız bir qədər də gərginləşdirir.

- Reputasiyaya zərbə
Hadisənin Rusiya versiyasına heç kim inanmadı. Dünya əmindir ki, insanları Əsəd rejimi öldürüb və bunu BMT-nin Təhlükəsizlik Şurasındakı debatlar da göstərdi. Ümumi nəticə Kreml üçün tamamilə gözlənilməz ola bilər.

Məsələnin mənəvi tərəfindən asılı olamayaraq, Rusiya rəhbərliyinin və şəxsən prezident Putinin reputasiyasına zərbə vurulub. Əgər Moskva Əsəddə kimyəvi silahın olmasını bilirdisə, lakin susurdusa, onda Suriya məsələsinin həll olunması istiqamətində Kremlə ciddi bir tərəfdaş kimi etibar etmək mümkündürmü?

Əgər Əsəd Moskvanın xəbəri olmadan – kimyəvi bombaları gizlədərək onu aldadıbsa, onda belə çıxır ki, onlar öz müttəfiqlərini qara qəpik də hesab etmirlər və Kremlin Dəməşqə heç bir təsiri yoxdur.

- Qısa sevinc anı
Donald Tramp İordaniyanın kralı Abdulla ilə birlikdə keçirdiyi mətbuat konfransında özünün Əsəd rejiminə və Suriya müharibəsinə olan münasibətinə yenidən baxdığını bəyan edib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli xəbərdarlıqla bildirib ki, əgər BMT Suriya rejimi ilə əlaqədar qətiyyətli qərarlar verməzsə, onda Amerikanın özü sərbəst şəkildə addımlar atacaq. Çətin ki, Heyli Ağ Evlə razılaşdırmadan bu cür bəyanatla çıxış etsin.

Dövlət katibi Reks Tillerson deyib ki, Rusiya və İran Əsəd rejimi ilə münasibətlərinə yenidən baxmalıdr. Bir neçə gün əvvəl Tillerson və Ağ Evin mətbuat katibi Şon Spayser – Əsədin devrilməsi Amerikanın artıq qarşıya qoyduğu məqsəd deyil – söyləmişdilər. Bu sözlər altı ildir ki, Suriya rejiminin xilası üçün mübarizə aparan Rusiya rəhbərliyinin qulaqları üçün musiqi kimi səslənib. Ancaq Moskvanın sevinci çox çəkməyib.

- Şərqin yenidən əldə edilməsi
Hər necə olsa da, indi Rusiya gözləmə vəziyyətində qalıb. Çünki Tramp ABŞ-ın hansı cavab tədbirləri görəcəyini xəbər verməkdən imtina edib. Lakin biz bilirik ki, Tramp, Yaxın Şərqi “itirən” Obamanı zəif prezident hesab edir.

1315124

Əsədə qarşı istənilən Amerikan hərbi aksiyası Amerikanın Yaxın Şərqdəki müttəfiqləri (İsrail, Səudiyyə Ərəbistanı, İordaniya) və yeni administrasiyaya münasibətdə skeptik əhval-ruhiyədə olan Dövlət Departamentinin əməkdaşları tərfindən heyranlıqla qarşılanacaq. Bu, həmçinin müəyyən bir vaxta kimi Konqresdəki demokratları və Trampı tənqid edən liberal KİV-ləri çıxılmaz vəziyyətə salacaq.

Müttəfiqlər barəsində. Son zamanlar Moskvanın və şəxsən prezident Putinin dostu Misir prezidenti Əbdül Fəttah əs Sissi və İordaniya kralı Abdulla Vaşinqtonda olublar. Obama və Kerri zamanı bu adamların Ağ Evdə nə isə bir işləri yoxdu və onlar Yaxın Şərq məsələlərindən uzaq durmağa çalışırdılar. Bu isə onları Moskvaya tərəf itələyirdi.

Bu gün mənzərə dəyişir. Trampın sərt anti-terror bəlağətindən ruhlanan regional liderlər ümüdlə Ağ Evə baxırlar. Amerika Yaxın Şərqdə həmişə əvəzedilməz olub. Görünür ki, Tramp bunu anlamağa başlayıb.

- Kim kiminlə rəqs edir?
ABŞ-ın regiona qayıtması Moskva üçün iki yol qoyur: Moskva ya Vaşinqtonun siyasətinə uyğunlaşmalı və orada aparıcı rol oynamağa iddia etməməlidir və ya da ki, ümumi nəticənin nə ilə yekunlaşacağını bilmədən ABŞ-la qarşıdurmaya girməlidir. Məsələn, Moskvanın regiondakı əsas müttəfiqi Tehrana görə... İrandakı molla rejimi ABŞ-ı Yaxın Şərqin başlıca təhlükəsi hesab edir və məhz İran məsələsi Rusiya və Amerika münasibətlərinin gələcəyinin müəyyənləşdirliməsində həlledici rol oynaya bilər. Amma belə görünür ki, bu nə Kremli, nə də “Smolensk meydanı”nı (Rusiya xarici işlər nazirliyi) qətiyyən narahat etmir. Orada nəyə görə isə, Qərb tərəfdaşları ilə “Comedy Club” üslübunda ələsalma ilə davranmaq kimi fikirlər üstünlük təşkil edir.

tillerson

ABŞ dövlət katibi Reks Tillersonun “Rusiya ilə tanqo rəqsi oynamaq mümkündür, lakin bunu Lavrovla etməyə hazırlaşmıram” sözlərini şərh edən Rusiya XİN rəhbəri zarafatla deyib: ”Anam mənim də oğlanlarla rəqs etməyimə qadağa qoyub”.

Yəqin ki, ABŞ dövlət katibi bu yumoru layiqincə dəyərləndirəcək və öz nəticələrini çıxaracaq. Güman ki, bu Moskvanın gözlədiyi nəticələr olmayacaq.

(Deutsche Welle- Almaniya)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.