Rusiya prezidentinin rəsmi saytında verilən məlumata görə Türkiyə tərəfinin təşəbbüsü ilə prezidentlər Recep Tayyip Erdoğan və Vladimir Putin arasında telefon söhbəti olub.
Məlumatda deyilir ki, söhbət zamanı Suriyadakı vəziyyət müzakirə edilib.
Tərəflər Suriyada atəşkəs rejiminin möhkəmləndirilməsi üçün bundan sonra da Astana və Cenevrə formatında danışqılar prosesini davam etdirmək barədə razılığa gəliblər.
Putin və Erdoğan aprelin 4-də Suriyanın Xan Şeyxun məntəqəsində baş vermiş “kimyəvi silah insidentinin” təfərrüatlı və obyektiv beynəlxalq araşdırılmasına tərəfdar olduqlarını bildiriblər.
İki lider martın 10-da Moskva danışqılarında əldə olunmuş razılaşmaların tətbiqi üçün işçi qrupların yaradılması öhdəliyi götürüblər? – AzadlıqRadiosu məlumat verir.
ABŞ və onun Qərb müttəfiqləri 80 nəfərin həyatına son qoymuş kimyəvi hücumun Assad hökuməti tərəfindən həyata keçirildiyini bildirirlər.
ABŞ bu hadisəyə cavab olaraq aprelin 7-də Assad-ın hərbi aerodromlarından birinə raket zərbələri endirib.
Bu raket zərbələrindən dərhal sonra Recep Tayyip Erdoğan Rusiyanı Suriya siyasətini dəyişməyə çağırmışdı.
Kremlin saytında dərc edilmiş məlumatda Assad barədə heç nə yazılmayıb.
Türkiyənin Assadı tənqid edən bəyanatından sonra Kreml Türkiyəyə turist təyyarələrinin uçuşlarına qadağan qoyula biləcəyini elan etmişdi.