Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, hətta deyərdik ki, dövlətə-hakimiyyətə qarşı qəzəbləndirən qurumlardan biri də, Dövlət Yol Polisidir (DYP) desək, yəqin ki, səhv etmərik. Yol polisi əməkdaşlarının fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizlyi, yalnız sürücülər üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır, çəkilməz bir problemə çevrilib.
Hətta dövlət başçısı İlham Əliyev, Daxili İşlər naziri Ramil Usubov da dəfələrlə müşavirələrdə, kollegiyalarda yol polisinin işində ciddi dönüş yaratmasının vacibliyini vurğulasalar da, DYP rəhbərliyi bunu eşitməməzlikdən gəlir. Ara sıra ölkə prezidentinin xəbərdarlıqlarından sonra özlərini bir qədər “düzəltsələr” də, bir-iki həftə keçməmiş“ənənəvi iş qaydalarını” bərpa edirlər. Hətta iş o həddə çatıb ki, Prezident İlham Əliyev bir neçə dəfə hökumətin iclaslarında qara plyonkalı avtomobillərlə bağlı məsələ qaldırsa, bu haqda yol polisinə qəti tapşırıqlar versə də, müəyyən zaman keçdikdən sonra yenidən bu məsələ aktuallıq qazanıb – şəhərdə qara plyonkalı avtomobillərin sayı artmağa başlayıb.
Ümumiyyətlə, çoxillik müşahidələr göstərir ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda yol polisinin yarıtmaz-yaramaz, qanunlara ifrat sayqısız, dövləti gözdən salan, rüşvətə geniş meydan verilmiş fəaliyyəti bir neçə faktordan qaynaqlanır. Bir müddət öncə də anaxeber.info olaraq paytaxtda sürücüyə qarşı Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşının ağlasığmaz qanunsuzluğu haqda yazmışdıq. Oxucularımızda tam aydınlıq yaransın deyə həmin olayı qısa şəkildə yenidən xatırladırıq: “Bu il yanvar ayının 19-da səhər saat 10-11 radələrində Bərdə rayon sakini Arif Səfərəliyev idarə etdiyi 09 BX 090 dövlət nömrə nişanlı avtomobili Bakı Beynəlxalq Avtovağzalından 20 yanvar istiqamətinə hərəkət edərkən 90 YP 680 dövlət nömrə nişanlı DYP maşını tərəfindən saxlanılıb. Vətəndaşa yaxınlaşan Nəsibov soyadlı DYP əməkdaşı ilk əvvəl sürücünü qoşa xətt üzərindən keçməkdə itiiham edib. A.Səfərəliyev bununla bağlı qayda pozuntusu na yol verdiyini etiraf edir və cərimənin ünvana göndərilməsini istəyir. Ancaq görünür vətəndaşın bu qanuni istəyi cənab Nəsibovun xoşuna gəlmir və sürücünün sənədlərini alaraq ona sərxoş olduğunu bildirir. Beləcə avtomobil DYP-nin Xırdalandakı cərimə meydancasına gətirilir, sürücü isə Nəsibov tərəfindən tibb məntəqəsinə aparılaraq yoxlanılır. Burda DYP əməkdaşının ciddi cəhdlərinə, canfəşanlığına rəğmən sürücünün sərxoş olmadığı üzə çıxır. Bundan sonra A.Səfərəliyev cərimə meydançasına gəlir, burda ona çek verirlər və sürücü özü avtomobilini idarə edərək (bu məqam xüsusi olaraq diqqətdə saxlanmalıdı-red.) cərimə meydançasından çıxır. DYP əməkdaşının açıq aşkar dələduzluğuna qurban gedən sürücü yalnız həmin günüb ikinci yarısında çekə baxarkən ona inzibati xətalar məcəlləsinin 333.1 maddəsinə əsasən sərxoş halda avtomobil idarə etdiyinə görə 400 manat cərimə yazıldığını anlayır. A.Səfərəliyev dərhal DYP-nin 902 qaynar xəttinə zəng edərək olay haqda məlumat verir, ona rayonda dərhal tibbi müayinədə müayinədən keçir və spirtli içki qəbul etməməsi haqda 59 saylı rəy alır. Bütün bunlara rəğmən Arif Səfərəliyev hələ də öz haqqını bərpa edə bilməyib və BŞDYPİ-nin Nəsibov soyadlı əməkdaşının dələduzluğundan yaranan qanunsuzluq ortadan qalxmayıb. Amma fakt yumruq kimidir, onu qulaqardına vurmaq olmaz: “Sərxoş” elan edilən sürücü cərimə meydancasından maşını özü idarə edərək çıxmasından tutmuş, Bakıdan Bərdəyədək yol getməsi təhlükəsizlik kameralarında öz əksini saxlayır.
anaxeber.info olaraq xatırladırıq ki, DYP-dəki qanunsuzluqlar yalnız bu məqalədə əks edilənlərlə bitmir. Bu günlərdə bəzi elektron KİV-lərdə BDYP-nin iki yüksək rütbəli məhsul əməkdaşı – Balakişi Əhmədovla, Müfiq Rəhimovun bir-biri barəsində mətbuata kompromat ötürüməsi haqda məlumatlar yer alıb. Həmin məlumatlarda tükürpədici korrupsiyadan söhbət açılır. Araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlmək mümkündür ki, BŞDYPİ-də sözün həqiqi mənasında «sərxoş sürücü» biznesi mövcuddur və ortada külli miqdarda pulun qazanılmasının asan yolu diqqəti çəkir. Məsələnin detallarını diqqətinizə çatdıraq. Qeyd edək ki, son dövrlər Bakıda içkli vəziyyətdə avtomobili idarə edən sürücülərin müəyyən edilməsi üçün mütəmadi olaraq reydlər keçirilir. Birmənalı olaraq bildirək ki, belə reydlərin keçirilməsi təqdir olunandır və mütləq reallaşmalıdır. Çünki ayıq olmayan sürücünün dəhşətli qəzalar törədə biləcəyi istisna deyil və əksər yol qəzalarının da səbəbi olaraq belə vəziyyətlər xüsusi diqqət çəkir. Lakin bu reydlər pul qazanmaq vasitəsi olaraq reallaşdırılmamaq şərtiylə. Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsinin verdiyi açıqlama ilə BŞDYPİ-nin açıqlaması arasında kəskin ziddiyyət yaranır. Və bu da səbəbsiz deyil.
İlk olaraq başlayan saxlanılan qadın sürücülərdən. Sərxoş vəziyyətdə saxlanılan qadın sürücülərinin böyük əksəriyyəti heç bir inzibati cəza tətbiq edilmədən sərbəst buraxılıblar. Yəni, onların maşınları ya bir tapşırığa, ya da ödənilən «şirinliyin» müqabilində cərimə yazılmadan cərimə meydançasından çıxarılıb. Elə kompyüter sisteminə də onlarla bağlı demək olar ki, heç bir qeyd aparılmayıb.
Kişi sürücülərə gəldikdə isə onların böyük əksəriyyəti pul qarşılığında sərbəst buraxılıblar. Keçirilən reydlər, çəkilişlərin aparılması da ucuz şoudan başqa bir şey deyil. Təsəvvür edin, il ərzində 9000 sürücünün hər biri orta hesabla 1000 manat verərsə, bunun 9 milyon manat etdiyi adi hesablamadan bəlli olur. Bu qədər pulun kimə və necə getməsi isə ayrıca araşdırma mövcuzusudur. Və bununla bağlı geniş yazıyla yaxın günlərdə çıxış edəcəyik.
Mövzunu davam etdirəcəyik…