Ankaradan ikinci diplomatik həmlə, növbəti təkan...; Türkiyə lideri qısa fasilədən sonra yenidən Rusiyaya gedir; Putinlə görüşdən cəmi iki həftə sonra isə o, ilk dəfə ABŞ prezidenti ilə bir araya gələcək; düşmən tərəf təlaşda; erməni tarixçi: “Ankara və Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər...”
Türkiyə lideri qısa fasilədən sonra yenidən Rusiyaya gedir; Putinlə görüşdən cəmi iki həftə sonra isə o, ilk dəfə ABŞ prezidenti ilə bir araya gələcək; düşmən tərəf təlaşda; erməni tarixçi: “Ankara və Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək. Bu barədə Türkiyənin dövlət başçısının mətbuat xidmətinin təmsilçisi deyib. Lakin o, təfərrüatları açıqlamayıb. Rəsmi Kremldən də görüşlə bağlı məlumatı təsdiqləyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki liderin deyilən tarixdə Soçidə bir araya gələcəyini bildirib. Bununla belə, o da görüşün gündəliyini açıqlamayıb.
Ancaq şübhə yox ki, iki liderin müzakirə etməli olduğu bir sıra aktual məsələlər var. Bura xüsusən də ABŞ-ın Bəşər Əsəd rejiminə məlum raket zərbəsindən sonra yaranan həssas situasiya (Ərdoğan Putindən fərqli olaraq, ABŞ-ın hava zərbələrini dəstəkləmişdi), Suriya böhranının mümkün həll yolları, həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrdə son vaxtlar yaranmış bəzi əngəllərin aradan qaldırılması, viza məsələsi, “Türk axını” layihəsi, hərbi-texniki əməkdaşlıq (o sırada Ankaraya S-400 raket kompleksləri satılması və s.), habelə gündəmin digər mövzuları daxildir.
Related image
Şəksiz ki, regional xarakterli bəzi digər məsələlərin də müzakirə ediləcəyi istisna edilmir. Söhbət öncəliklə Dağlıq Qarabağ konflikti də daxil, Güney Qafqazdakı münaqişələrdən gedir. Yeri gəlmişkən, Ərdoğan hər Rusiya səfərində Qarabağ məsələsinə də diqqət ayırmağa çalışır. Təxminən iki ay öncə - bu ilin martında (9-10) Moskvaya etdiyi səfər zamanı da qardaş ölkənin rəhbəri Azərbaycanın bir nömrəli problemini diqqətdən kənar qoymamış, bir daha Rusiya-Azərbaycan-Türkiyə “üçlü formatı”nın yaradılması zərurətini dilə gətirmişdi. Maraqlı məqamlardan biri də elə cənab Ərdoğanın iki ay sonra yenidən Putinlə görüşə yollanmasıdır...
***
Türkiyə və Rusiya arasında siyasi, iqtisadi-ticari və hərbi sahələrdə əməkdaşlıq isə həmişə olduğu kimi, yenə ən çox işğalçı Ermənistanı narahat edir. Rəsmi İrəvan ehtiyat edir ki, Moskva-Ankara yaxınlaşması, üstəlik, bu fonda Bakı-Moskva-Ankara formatının da yaradılması xüsusən də Dağlıq Qarabağ məsələsində işğalçı tərəfin ənənəvi mövqeyini zəiflədə, Ermənistanın Rusiya üçün strateji önəmini azalda və İrəvandan birtərəfli güzəştlərin tələb edilməsinə gətirə bilər.
“Türkiyə və Rusiya maraqlarının üst-üstə düşəcəyi təqdirdə Ermənistanı Qarabağ ətrafındakı torpaqları qaytarmağa məcbur edəcəklər”. Virtualaz.org saytı “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bunu aprelin 21-də jurnalistlərlə görüşdə tarixçi Gevork Yazıçyan deyib. Onun sözlərinə görə, maraqlar Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və hətta KTMT-yə daxil olmasında, neft məsələsində üst-üstə düşə bilər.
Image result for KTMT Armenia
“Türk axını” həyata keçirilərsə, Rusiyanın Türkiyədən gözləntiləri çox olacaq. Bizim isə Rusiyaya verəcək heç nəyimiz yoxdur. Onlar bizi artıq saymırlar, biz onlar üçün amil deyilik", - Yazıçyan bildirib. “İlk növbədə, Qarabağ məsələsində bizi əraziləri güzəştə getməyə məcbur edəcəklər. Bunun əvəzində Rusiya Azərbaycandan nəsə əldə edəcək, məsələn, ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olmasını”, - deyə erməni tarixçi əlavə edib.
***
Maraqlıdır ki, may ayında Ərdoğanın ABŞ prezidenti Donald Trampla da yüksək səviyyəli görüşü planlaşdırılır - həm də bu, onların ilk görüşü olacaq. Belə ki, Soçi təmasından təxminən iki həftə sonra - mayın 16-17-də Türkiyə və iki ölkənin prezidentləri bir araya gələcəklər. Bu barədə Türkiyənin “A News” informasiya portalına açıqlamasında prezident Ərdoğanın özü deyib. Lakin görüşün harada baş tutacağı haqda heç nə deyilmir.
Image result for Ərdoğanın ABŞ prezidenti Donald Trampla
Məlumata görə, prezidentlər əsasən İŞİD-lə mübarizə mövzusunu müzakirə edəcəklər. Həmin görüşü Rusiya da yəqin ki, diqqətlə izləyəcək. Birinci ona görə ki, bu təmas Ərdoğanın Putinlə təmasından dərhal sonraya təsadüf edəcək. İkincisi, isə Türkiyə uğrunda bir ABŞ-Rusiya rəqabətinin getməsi səbəbilə xüsusi diqqətdə olacaq.
***
Azərbaycan üçün də liderlərin qarşıdakı görüşləri mühüm əhəmiyyət kəsb edir. Əvvəla o səbəbə ki, həm Putin-Ərdoğan, həm də Ərdoğan-Trapm təmasları havasından barıt qoxusu gələn böyük bir bölgə ilə bağlı situasiyaya yəqin ki, əhəmiyyətli aydınlıq gətirəcək. Bu üç böyük dövlətin Suriya və başqa böhranlı məsələlər üzrə ortaq əməkdaşlıq imkanlarına işıq salacaq. Bu isə Azərbaycanın yer aldığı Güney Qafqaz regionu üçün də mühümdür.
İkincisi isə, ABŞ və Rusiya Qarabağ problemi ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən iki ən mühümü, Türkiyə isə bölgəyə, Qarabağ məsələsinə ciddi təsir imkanı olan böyük regional oyunçudur. İstisna deyil ki, üç böyük oyunçunun Yaxın Şərq, Suriya böhranı ilə bağlı hansısa ortaq nöqtələr tapması Cənubi Qafqazdakı duruma da pozitiv təsirlərini göstərsin.
Hər necə olmasa, Türkiyə liderinin gözlənilən iki kritik görüşündən, daha doğrusu, iki diplomatik həmləsindən Bakının da ən azı iki gözləntisi var.
Siyasət şöbəsi