Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı

27-04-2017, 12:24   
Leş mafiyasına qarşı polis əməliyyatı – “Elba” MMC-də 6 ton murdar ət yaxalandı

Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Bu haqda müsavat.com-a Daşkəsən rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, “Elba 999” şirkətinin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıdakı və ölkənin başqa rayonları ərazisindəki dönər mağazalarına burdan murdar ət göndərilirmiş.

Məlumatda bildirilir ki, murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub. Bu məhsullar kəsim sexinə Daşkəsənin baş baytarı Füzuli Nağıyevin möhürü ilə qəbul edilib. Baytar həkim guya bu ətlərin mənşəyinin məlum olduğu, gigiyenik baxımdan normalara cavab verdiyi haqda arayış verirmiş. Mənbənin dediyinə görə, bu iş üçün həkimə “Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov rüşvət verirmiş.



Hazırda fakt üzrə araşdırma aparıldığı, saxlanılan şəxslərin istintaqa ifadə verdikləri bildirilir.

Xatırladaq ki, “Elba 999” MMC 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərir. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var. 2015-ci ildə MMC-nin Gəncədəki ət kombinatının açılışında ölkə prezidenti İlham Əliyev iştirak edib. “Elba 999” MMC-nin Gəncədə və Bakıda Has Dönər Haus dönər şəbəkələri var. Deyilənə görə, həmin dönər məntəqələrində əhaliyə murdar ətdən hazırlanmış yeməklər satılır.

Musavat.com daxil olan məlumatda o da bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Gəncəyə ezam olunub. Türkiyədə səfərdə olan nazir Heydər Əsədova da bu haqda məlumat verildiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, “Elba 999” MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edilib. Onun barəsinə həbs-qətimkan tədbirinin seçiləcəyi istisna edilmir.


Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.