2015-ci il, oktyabrın 14-də Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbində müəllimin şagirdi döyməsi bir gəncin indiyə qədər həyatla ölüm-qalım çarpışmasına səbəb olub.
BiG.AZ xəbər verir ki, sözügedən məktəbin bədən tərbiyəsi müəllimi Əzizov Elməddin Nurəddin oğlunun o zaman 10-cu sinif şagirdi olan Rəcəbli Əfsun İman oğlunu sinifdə vəhşicəsinə döyməsi uşağı bu günə kimi xəstəxana qapılarında qoyub.
1999-cu il təvəllüdlü Ə.Rəcəbli hələ də müalicə alır, ona şüa verilir və prosesin 25 yaşına qədər davam edəcəyi bildirilir.
Müəllim isə şagirdini döyməklə təkcə ona travma vurmayıb, həm də səhlənkar həkimlərin əlinə düşməsinə səbəbkar olub.
Döyülən gəncin atası İman Rəcəbov oğluna dəyən zərərə görə haqqını tələb edir və günahkarın cəzalandırılmasını istəyir.
Şikayətçi hadisənin detallarını danışıb. Onun sözlərinə görə, hadisə dama oyunu üstündə baş verib.
"Evə gəlib gördüm ki, uşaq ağlayır, vəziyyəti yaxşı deyil. Soruşdum ki, ay bala, nə olub, dedi, Elməddin müəllim vurub. Zəng etdim müəllimə, dedi ki, nə oldu, keçdi, uşağı vurdum. Dedim, necə yəni nə oldu keçdi?
Nə isə, mənə düz-əməlli cavab vermədi, açığı, özüm də çox üstünə getmədim. Fikirləşdim ki, biz də məktəbdə oxumuşuq, müəllim bizi də vurub. Olan işdir, keçər. Ancaq sən demə, bu Elməddin Əfsunu ermənicəsinə döyübmüş.
Deməli, oğlum bədən tərbiyəsi dərsində sinifdə dama oynayırmış. Müəllimə deyib ki, "şaşki”nin biri əskikdir, birini qabağa verin, "fuk” götürəndə yerini düzəldərik.
Bu formada bir söhbət olub, müəllim də buna görə uşağı vurub. Uşağın burnu dəyib yerə, sonra onu təpikləyib, dizinə, gözünə, başına yumruqla vurub. Yəni uşağı vəhşicəsinə döyüb.
İndi siz soruşa bilərsiz ki, adi bir söz üstündə müəllim şagirdini niyə belə döysün ki?! Amma bu adamın hikkəsinə bax ki, onu belə döyüb. Demək istəyib ki, sən kimsən sözümün üstünə söz gətirirsən” - deyə İ.Rəcəbov olayı nəql edir.
Onun dediyinə görə, evdə oğlunun vəziyyətinin yaxşı olmadığını görüb dərhal həkimə aparıb: "Lənkərandakı xəstəxanada dedilər ki, burnu sınıb.
Ordan Bakı Dəmiryol xəstəxanasına apardım. Burda dedilər ki, burun damarı təpiyin zərbəsinin gücündən zədələnib, şişib, əməliyyat olunmalıdır. Mən də kasıb adamam, borc-xərc edib orda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında cərrah Elşən Hacıyevə əməliyyat etdirdim.
Bir ay sonra "Turan” klinikasında Tələt həkimin yanına getdik. Klinikada müayinə edib baxdılar, başlarını yelləməyə başladılar. Yusif doktor dedi ki, əməliyyat olunmalıdır, 8 min manat edir.
Ancaq yaşamaq şansı azdır, 95 faiz ehtimal ölümdür. Təsəvvür edin ki, mən nə haldayam. Bir yandan pulsuzluq, bir yandan başımı itirmişəm, bilmirəm ki, kimə qulaq asım, hansı həkim düz deyir.
Kəsəsi, uşağı götürüb İrana getdim. Orda dedilər ki, amiofibroma olub. Əməliyyatın da qiyməti 1500 manatdır.
Dedilər ki, səni Bakıda aldadıblar, düzgün analiz olunmayıb və diaqnoz qoyulmayıb. Təbrizdəki xəstəxanaların birində 2-3 saata yaxın əməliyyat çəkdi. Ümumi, 2700 manat xərcim çıxdı. Bu, artıq ikinci əməliyyat idi.
Cərrah alça boyda bir ət gətirdi. Dedi ki, endoskopla baxmışam, uşağın vəziyyəti yaxşı deyil. Dedim ki, bəs bu qədər xərc tökmüşəm, əməliyyat etmisiz, indi deyirsiz ki, uşağın vəziyyəti xarabdır.
Cərrah qayıtdı ki, o pullar əməliyyat xərclərinə gedib, narkozdan tutmuş ən kiçik tibbi ləvazimata qədər alınıb, yerdə qalan kiçik məbləğ də əməliyyata görə zəhmət haqqımdır. Dedi ki, şişi götürüb. Gələcəkdə xoşxassəli olsa, qiymətdə endirim edərəm”.
İ.Rəcəbov deyir ki, həkimlərin ona yaşatdığı bu müsibətlərdən sonra Təbrizdə yerləşən Şəms xəstəxanasına gedib:
"Dedilər ki, əməliyyat uğurlu olub, şüa verməyə ehtiyac yoxdur. Amma zərbədən gözü zədələnib. Ordan da göz həkiminə getdik, MRT elədik. Dedilər ki, 6 aydan sonra göz düzələcək.
Təbrizdəki əməliyyatdan 100 gün sonra uşaqda qanaxma başladı. Mən də baxıram ki, nə yeyir, nə içir, Əfsun geri gedir. Fikirləşdim yəqin, bunu artıq həyatda saxlamaq mümkün olmayacaq. Allah heç kəsin başına bu bəlaları gətirməsin. Bu dəhşətləri yaşayan hiss edə bilər. Təsəvvür edin ki, uşağın yanında üzünə gülürəm, kənara keçib ağlayıram ki, bu nə iş idi başıma gəldi.
Nə isə, qanaxmanı saxlamaq üçün Biləsuvardakı həkimlər iynə vurdular, dedilər, bizlik deyil, Bakıya çatdırın, şüa verilməlidir. Bakıya qaçdım, onkologiyada dedilər ki, şüa 6-7 min dollar edir. Ordan Ərdəbilə apardım. Burda da 7 min manat pul istədilər. 25 dəfə şüa verilməliydi. Ordan Təbrizdə yerləşən Beynəlmiləl xəstəxanasına getdim. Yəni həkimlərin hansı düz danışır bilmirəm, Bakıda və İrandakı həkimlərin əllərində qalmışam.
Uzun sözün qısası, uşağa şüa verilir, nəticə yaxşılığa doğru gedir. Keçən ayın 16-da getmişdim. Həkim göstərdi ki, şükür, irəliləyiş var. Ancaq bu proses 25 yaşına qədər davam edəcək”.
Ə.Rəcəblinin atası bildirir ki, bu günə kimi azı 35 min manata qədər xərci çıxıb: "Bacım-qardaşım, qohum-əqrəbamdan borc-xərc etmişəm ki, uşağı itirməyək. Görün, bir müəllimin özbaşınalığı, vəhşiliyi nəticəsində başımıza nələr gəldi”.
Şikayətçinin sözlərinə görə, döyülmə faktı ilə bağlı cinayət işi açılıb və iş Biləsuvar rayon Məhkəməsindədir:
"Ekspertizanın rəyi var, müstəntiq şagirdlərdən izahat alıb. Mən Elməddingilə dedim ki, hadisə küçədə olmayıb, sinifdə olub.
Gəlin düşmənçilik etməyək, mənə uşağın xərclərini ödəməyə kömək edin. Amma deyir ki, sənə verməyə pulum yoxdur, mənə heç kim bata bilməz, adamım var, nə məhkəmə, nə müstəntiq mənə toxuna bilər”.
Məsələ ilə bağlı məktəbin direktoru Rəşad Əliyev bunları deyib: "Hadisə baş verən vaxt mən burada direktor deyildim, başqa məktəbdə dərs deyirdim. Hadisə 2015-ci ilin oktyabrında baş verib, mən isə bu vəzifəyə dekabrda təyin edilmişəm. Ona görə məsələ barədə dəqiq məlumat verə bilməyəcəyəm. Məsələ ilə bağlı cinayət işi başlanıldı. Sonra prokurorluq işi ləğv elədi və bu barədə bizə məktub gəldi ki, müəllim barədə iddialar əsaslı deyil, buna görə də, o, fəaliyyətini davam etdirə bilər. İndi də işi veriblər məhkəməyə. Hazırda proses davam etdirilir”.
Direktor əlavə edib ki, baş verən hadisənin bu qədər böyüyəcəyi heç kimin ağlına gəlməyib: "Hamı adı hadisə kimi qəbul edib. Amma sonradan məsələ şişib”.
Direktor baş verən hadisə ilə bağlı şagirdlərin izahat verməsi barədə şikayətçinin dediklərini təsdiqləyib: "Bəli, uşaqların hamısı dindirilib və onlar müəllimin uşağı döyməsini təsdiqləyiblər”.
Buna baxmayaraq direktor əlavə edib ki, müəllim nizam-intizamlı və mülayim adamdır: "Çox nizam-intizamlı müəllimdir, bir gün də olsun dərsini buraxmayan, şagirdlərlə vaxtını səmərəli keçirən, ali təhsilli müəllimdir və çox yaxşı adamdır”.
İttiham olunan müəllim də açıqlama verib. O, baş verən hadisədə özünü təqsirli bilmir: "Mənə şər atırlar. Bunların hamısı böhtandır və həqiqəti əks etdirmir. Onlar mənim bu məktəbdə işləməyimi istəmirdilər. Rəşad müəllimdən əvvəlki direktor məndən şikayətçi adamların qohumu idi. Çox çalışdılar ki, mən bu məktəbə gəlməyim, alınmadı. Ona görə də bu vasitəylə məndən qisas alırlar”.
Amma o, şagirdi vurmağını təkzib etməyib: "Müəllim uzaq başı uşağa bir şillə vurar da. Bir şilləylə heç kim əməliyyatlıq olmur. Bunu hamı yaxşı bilir”.
Şagirdlərin baş verən hadisəni təsdiqləməsinə gəlincə müəllim bunları deyib: "Bilirsiniz ki, tələbkar müəllimi uşaqlar xoşlamır. Onların ərizə yazmalarında bu amil rol oynayıb. Həm də çoxu mənə dedi ki, heç bilmədik, nə yazmışıq. Onlara hazır ərizələrə qol çədiriblər”.
Müəllim hesab edir ki, şagirdinin bu günə qalması həkimlərin qeyri-peşəkarlığı ucbatından baş verib.