Pirverdiyevi qorxudan məsələ heç də vəzifəsini yox, həm də azadlığını itirmək qorxusudur
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin təqdim etdiyi fırıldaq hesablamalrdan qəzəblənən dövlət rəhbəri "Azərenerji”nin fəaliyyətinin təftiş olunması barədə göstəriş verib. Və iddiaya görə Etibar Pirverdiyevə ölkəni tərk etmək yasağı qoyulub.
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev mediaya qapalı, jurnalistlərdən qaçan dövlət xaidmlərindən biri kimi məşhurdur. Bir qayda olaraq, media onun yadına işi çətinləşəndə düşür. Görünür ki, cənab Pirverdiyevin yenə müşkülü var ki, mediaya üz tutaraq barəsində yazdırdığı yazını müxtəlif xəbər saytlarında ayrı-ayrı jurnalistlərin adından yaydıraraq özünü təriflədir.
Əcəba xəsisliyi ilə ad çıxarmış Etibar müəllimi kisəsisinin ağzını açıb mediaya pul paylamağa vadar edən nədir? Elektron KİV-də tirajlatdırdığı bəy tərifləri ilə kimə nəyi çatdırmaq istəyir?
Bu suallara cavab verməzdən əvvəl onu deyək ki, Pirverdiyevin yaxından tanıyan birinin dediyinə görə, əslində Etibar müəllim özünə sərf edən yerdə xəsis birisi deyil, əksinə çox əliaçıq, səxavətli adam təsiri bağışlayır. Yəni sərf etməyən yerdə - hətta qarşısındakı acından ölən yoxsulun, əlilin biri olsa belə - Balzakın qəhrəmanı qoca Qobsek kimi simic, işi keçən adamalr üçün isə Hatəm Tai kimi comərd, səxavətli olur. Məhz bu "diplomatiya” onu indiki dövlət məqamınacan gətirib çıxarıb. Halbuki hazırda məşğul olduğu işin onun ixtisasına dəxli yoxdur. Bəs necə oldu ki, Etibar Pirverdiyev birdən-birə bu səviyyəyə gəlib çıxdı?
Keçək mətləbə və ilk ondan başlayaq ki, Etibar Pirverdiyev V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunun məzunudur. Diqqət etmisinizsə, həm rəhbərlik etdiyi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəsmi veb səhifəsində, həm də digər məlumat bazalarında onun ixtisası barədə ümumi məlumat verilərək konkretlikdən qaçılır - ixtisası "mühəndis” kimi qeyd edilir.
Ancaq hansı sahə üzrə mühəndis. Biləsiniz ki, Etibar Pirverdiyev ixtisasca energetik olmadığından onun ixtisası dəqiq yazılmır. Çünki haradasa energetikadan uzaq sahə üzrə mühəndis olduğu üzə çıxarsa, o zaman cənab Pirverdiyevin ixtisasına aid olmayan sahəyə rəhbərlik etməsinin düzgün olmadığı barədə müxtəlif suallar və ittihamlar meydana çıxa bilərdi. Bəs elə isə Etibar Pirverdiyev, energetik olmaya-olmaya bu sahəyə necə gəlib çıxıb?
Bu barədə Milliyol-u məlumatlandıran mənbə bildirir ki, Etibar müəllim bundan əvvəl də ixtisasından kənar, "yağlı” vəzifələrdə çalışıb. Bu da keçmiş dostu, adı dövlətə və prezidentə xəyanətdə hallanan və elə buna görə də vəzifə başında həbs olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxınlığı sayəsində mümkün olub.
Gənclik illərində Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda və Bakı Qazan-Mexaniki Zavodunda rəhbər vəzifələrdə çalışmış Etibar Pirverdiyev Fərhad Əliyevin yardımı ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş Səhmdar Cəmiyyətlərində Dövlət payının tənzimlənməsi şöbəsinin rəisi vəzifəsinə gətirlib. Bu post o zaman üçün çox gəlirli vəzifə hesab olunurdu və Fərhad Əliyev bu cür yerlərə ancaq öz inanılmış adamlarını təyin edirdi. Etibar Pirverdiyev bu sahədə Fərhad Əliyevin etimadını tam olaraq doğrulda bildiyinə və tapşırılan işin öhdəsindən yüksək səviyyədə gələ bildiyinə əvəzində "Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifəsi ilə mükafatlandırılmışdı.
Burada haşiyə çıxaq ki, Pirverdiyev ixtisasca eneregetik olmasa da, bu sahədən uzaq adam deyildi. Həmin vəzifəyə təyinatına qədər onun qeyri-rəsmi rəhbərlik etdiyi şirkət "Bakıelektrikşəbəkə”nin daimi sifarişçisi idi.
O zamankı qəzetlər, (Həmin qəzetlərin nüsxələri indi də M.F. Axundov adına kitabxanada saxlanılır.), iddia edirdi ki, Etibar Pirverdiyevin firması "Bakıeleşktrikşəbəkə”yə müxtəlif avadanlıqlar və cihazlar satır və əldə olunan gəlirdən həm "Bakıelektrikşəbəkə”Açıq Tipli Səhmdar Cəmiyyətinin, həm də Fərhad Əliyevin payını necə lazımdırsa, çatdırırmış.
İkinci, bu ticarətdən komisyon almasının səbəbi isə "Bakıelektrikşəbəkə”Açıq Tipli Səhmdar Cəmiyyətinə sifarişlərin Etibar Pirverdiyevə verilməsi barədə göstərişlər imiş. O zaman qəzetlərin bu iddiası təkzib edilməmişdi.
"Bakıelektrikşəbəkə”yə təyinatından sonra isə, cənab Pirverdiyev çox məharətli diplomatik-ticari gedişlərlə "yuxarılar”ın diqqətini daha çox cəlb edə bilir. Açıq Tipli Səhmdar Cəmiyyətinin yeni sədri köhnə biznesini burada da davam etdirir və artıq cəmiyyətin bütün sifarişlərini özünün və yaxınlarının firmalarına yönəldir. Əvvəllər Səhmdar Cəmiyyətinin sədrinə çatan faizlərin isə özünə götürməyib "yuxarı”lara ötürməklə rəhbərlərin etimadını ikiqat qazanır və bu "gözütoxluq” onun vəzigə iyerarxiyası pilləkanlarını sürətlə addımlamasına yardım edir.
"Azərenerji”yə təyinatında da eyni priyomlardan istifadə edən nazir statuslu sədr bir çox sifarişçilərin pullarını ya gecikdirməklə, ya verməkdən imtina etməklə də ad çıxarır. Məsələn, 2000-ci illərin ortalarında transformotorlar üçün yağlara görə sifarişi yerinə yetirən tərəfə ödənməli olan pullara görə ciddi qalmaqal yaranmış, məsələ baş nazir Artur Rasi-zadəyə qədər gedib çıxmışdı. Məlum olmuşdu ki, Etibar Pirverdiyev "Azəreneji”yə transformotor yağları satan şəxsəin halal pulunun ödənməsindən imtina edilir. Baş nazirin məsələyə müdaxiləsindən sonra isə, həmin şəsxə bazarlıq təklif edilərək pulun 50 faizindən imtina olunacağı təqdirdə qaytarılacağı bildirilmişdi. Yəni iş adamına təklif edilmişdi ki, ona çatacaq pulun 50 faizi Etibar müəllimə nəqd şəkildə verilməlidir.
Etibar Pirverdiyevin adı ilə bağlı başqa bir qalmaqal da dillərdə dolanır. 2013-cü ildə E. Pirverdiyevə məxsus "Azenco” şirkəti tərəfindən görülmüş yarıtmaz işlərə, yeyintilərə və Pirverdiyev tərəfindən düzgün hesablanmayaraq Nazirlər Kabinetinə verilmiş layihəyə görə, sənaye və energetika naziri Natiq Əliyev onu kollegiya iclasında hamının gözü qabağında qovmuşdu. Belə ki, layihə Nazirlər Kabinetinə təqdim olunan zaman bütün xərclər sona qədər hesablanmayıbmış.
Əsas məqsəd o imiş ki, bu layihənin icrasının sifarişi "Azenco”ya verilsin. Sonra layihə icra olunarkən aşağı keyfiyyətli avadanlıqlardan, mallardan və detallardan istifadə etməklə çatışmayan xərcləri bağlamaq mümkündür. "Azenco” da söz düşmüşkən bu şirkət- «Azenco» ASC 2008-ci ilə qədər "Azerenerji” ASC-nin tərkibində "Azerenerjitikinti” MMC adıyla fəaliyyət göstərib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC olan "Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Qurumun rəhbəri təxminən 7 milyon manat qarşılığında bu şirkəti alıb. "İnter Enerji” MMC-də Etibar Pirverdiyevə məxsusdur. Bu şirkətlərə onun qardaşı rəhbərlik edir. Altı il öncə Şirvandakı "Cənub” stansiyasının tikintisinə dövlət büdcəsindən on milyonlarla manat vəsait ayrılmışdı və dövlət başçısı tərəfindən tapşırılmışdı ki, burda ən müasir avadanlıqlardan istifadə edilsin.
Bu barədə məlumatlı olan mənbə MilliYol-a bildirib ki, stansiyanın tikintisi zamanı "Azenco” şirkəti tərəfindən 20 milyondan çox vəsait göyə sovrulub. Ölkədə enerji sahəsində fəaliyyət göstərən bir çox şirkət var. Amma ASC rəhbəri imkan vermir ki, onlar "Azərenerji”nin tikinti layihələrinə cəlb olunsunlar. Çalışdığı odur ki, bütün maliyyə kapitalını özünə məxsus olan şirkətə, ordan da öz şəxsi büdcəsinə yönəltsin. Son illər "Azərenerji” tərəfindən həyata keçirilən tikinti layihələrinin monitorinqini aparanda aydın olur ki, işlərin böyük hissəsini "Azenco” görüb. Bu, özbaşınalığın ən son həddidir. Belə çıxır ki, cənab Pirverdiyev büdcənin pullarını öz şirkəti vasitəsilə silir.
Ölkənin ən böyük enerji mərkəzlərindən sayılan "Cənub” Elektrik Stansiyasının tikintisində maliyyə maxinasiyalarına yol verilib. Stansiyanın əhatə olunduğu sahədə salınan beton örtüyünə təkcə 6 milyondan çox vəsait sərf edilib.
Burda quraşdırılan avadanlıqların qiyməti isə çox bahadır. Baş verən yeyinti işlərini araşdırıb tapmaq aidiyyəti qurumlar üçün elə də çətin bir iş deyil. Sadəcə, hansısa səbəblərə görə müvafiq qurumlar Etibar Pirverdiyevin nəzarətində olan sahəyə müdaxilə edə bilmirlər, sanki ona bilərəkdən güzəşt edilir. Buna görə də ASC rəhbəri energetika sahəsində görülən işlərdən xeyli qazanc əldə edir və hər il Etibar Pirverdiyevin yol verdiyi korrupsiya on milyonlarla manatı əhatə edir.
Mənbə onu da qeyd edir ki, ölkə üzrə enerji satışı "Azenerji”dən alındıqdan sonra Etibar Pirverdiyev yeni qazanc mənbələri axtarmağa başlayıb və bununla bağlı yuxarılara verdiyi layihələrin ekspertizadan keçməməsi "Azenerji” ASC rəhbərini çox pis durumu gətirib çıxarıb. Yəni layihələrin eksperizası nəticəsində hesabların həddən artıq şişirdildiyi dövlət başçısına məruzə edilib. Büdcə xərclərinə qənaət edildiyi bir vaxtda isə Pirverdiyevin dövlət başçısının siyasətinə qarşı çıxaraq şəxsi mənffət naminə israfçılıq etmək istəməsi ASC rəhbərinin sonunu gətirib.
Mənbə bildirir ki, bu üzdən sturktur islahatlarının tərkib hissəsi olan "Azərenerji” Səhmdar Cəmiyyətinin "Azərişıq”la birləşdirməsi planının reallaşmaslı sürətlənib. Bu birləşmədən sonra işsiz qalacağı barədə Etibar Pirverdiyevin özü də məlumatlıdırılıb və Pirverdiyevin son günlər media ulduzuna çevrilmə cəhdinin arxasında da məhz bu dayanır.
Lakin Pirverdiyevi qorxudan məsələ heç də vəzifəsini yox, həm də azadlığını itirmək qorxusudur. Belə ki, mənbə bildirir ki, onun təqdim etdiyi fırıldaq hesablamalrdan qəzəblənən dövlət rəhbəri "Azərenerji”nin fəaliyyətinin təftiş olunması barədə göstəriş verib. Və mənbənin iddiasına görə Etibar Pirverdiyevə ölkəni tərk etmək yasağı qoyulub. /milliyol.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.