Neft sənayesinin inkişafı, ölkədən «beyin axını», daşınmaz əmlak bazarında durğunluq və paytaxtdakı liftlərin vəziyyəti bu gün medianın aparıcı mövzusudur…
NEFT SƏNAYESİNİN İNKİŞAFI
«Azərbaycan» qəzetində «Sənaye nəhənginin müasir gücü» sərlövhəli məqalə dərc edilib. Yazıda Bakı Dərin Özüllər Zavodunun neft sənayesinin inkişafında rolundan bəhs edilir.
Müəllif yazır ki, XX əsrin 60-cı illərində Azərbaycanda neft-qaz sənayesi getdikcə tənəzzülə uğrayırdı. Yalnız 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Dərin Özüllər Zavodu tikildikdən sonra Xəzər dənizində neft-qaz yataqlarının mənimsənilməsi Azərbaycanın tam nəzarətinə keçdi. Bununla da Azərbaycanın neft sənayesində yenidən dirçəliş mərhələsi başladı.
Yazıda bu zavodla bağlı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin fikirlərinə də yer verilir: «Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması Heydər Əliyevin prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dollarından söhbət gedirdi. Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi».
Yazıda vurğulanır ki, zavodun inkişaf dövrü 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə başlayıb. Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının tam işləməsi neft sənayesində ciddi dönüş yaradıb.
ÖLKƏNİ NİYƏ TƏRK EDİRLƏR?
«Bizim Yol» qəzetində «Azərbaycanı tərk edənlərin sayı artır» sərlövhəli məqalə oxumaq olar.
Müəllif yazır ki, son illər ölkəni bir çox insanlar tərk edib. Buna isə əsas səbəb kimi ölkədə baş verən iqtisadi proseslər və sosial durumun ağırlaşması göstərilir: «Təkcə qardaş ölkəyə -Türkiyəyə ötən il Azərbaycandan mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7 min 300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir».
Yazıda bildirilir ki, Azərbaycan vətəndaşları iraqlı və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür: «Azərbaycandan gedənlərin 10 min 528 nəfəri təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə, 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən «insani səbəblərlə və insan ticarətinin qurbanı kimi» uzunmüddətli yaşamaq icazəsi alıb».
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, son iki ildə yaranan iqtisadi çətinliklər, maliyyə problemləri və ən müxtəlif ədalətsizliklər insanların ölkədən getmələrinə səbəb olur: «Çünki insanlar doğuşdan istəyir ki, daha yaxşı şəraitdə yaşaya biləcəkləri yerlərdə məskunlaşsınlar. Bu, təbii hisdir. Azərbaycanda iqtisadi, sosial vəziyyət gərginləşdikcə, məhkəmələrin ədalətsiz qərarları, səhiyyə və təhsillə bağlı problemlər öz həllini tapmadıqca, insanlar da, təbii ki, başqa ölkələrdə yaşamağa üstünlük verirlər».
Ekspert təəssüf hissiylə vurğulayır ki, ölkədən «beyin axını» davam edir.