Gün ərzində ən müxtəlif Azərbaycan rayonlarından güclü küləyin və yağışın törətdiyi fəsadlarla bağlı xəbərlər gəlməkdədir. Təəssüf ki, itkisiz ötüşməyib.
Küləklə müşayiət olunan aramsız yağışlar Tərtər və Goranboyun bir sıra kəndlərində fəsadlara yol açıb. “Report” xəbər verir ki, nəticədə, Goranboy və Tərtərin bir sıra kəndlərində təsərrüfata ciddi ziyan dəyib.
Xüsusilə, Tərtərin Mamırlı kəndi və ona qonşu olan ərazilərdə yağış selə çevrilib. Kəndin daxili yollarını və həyətləri su basıb. Nəticədə, həyətyanı taxıl sahələri yararsız vəziyyətə düşüb.
Yağış günorta saatlarında kəsilsə də, həyətlər və kəndin yolları hələ də su altında qalmaqdadır. Sakinlərin sözlərinə görə, son illər ərzində belə güclü sel müşahidə olunmayıb.
◀▶
Güclü külək və leysan Şamaxıda da fəsadsız ötüşməyib. Güclü külək şəhərin bir neçə küçəsində irigövdəli ağacları aşırdaraq elektrik və rabitə naqillərini sıradan çıxardıb. Nəticədə rayon ərazisində elektrik enerjisinin verilişi dayanıb. Rayondan keçən Pirsaatçay və Ağsu cayında suyun səviyyəsi qalxıb və bəzi kəndlərə gediş-gəliş qismən çətinləşib. Bundan əlavə, taxıl və digər əkin sahələrinə də ziyan dəyib.
Zərdabdan isə faciə xəbəri gəlib. Belə ki, 32 yaşlı rayon sakini küləyin aşırdığı ağacın altında qalaraq həlak olub.
APA-nın xəbərinə görə, bu gün axşam saatlarında leysan yağışla müşahidə olunan külək nəticəsində rayonun Gödəkqobu kəndində qırılan iri gövdəli ağac 1985-ci il təvəllüdlü Qənimət İsa oğlu Davudovun başına düşüb və o, hadisə yerində ölüb.
Bundan başqa, güclü külək nəticəsində Heydər Əliyev prospektində işıq və rabitə dirəkləri aşıb, Zərdabi küçəsində ağacların yaşayış sahələrinə və tikilinin üstünə aşması nəticəsində sahibkarlara ciddi ziyan dəyib. Yağışla müşahidə olunan külək nəticəsində taxıl zəmilərində yetişmiş məhsul yararsız hala düşüb. Barama təsərrüfatlarına da ciddi ziyan dəyib.
Təbii fəlakət nəticəsində dəyən ziyanın miqdarı dəqiqləşdirilir.