Səfirimiz rusiyalı tarixçi və siyasi ekspert Oleq Kuznetsovu səfirliyə buraxmır
“İddialara görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun rusiyalı tarixçi və siyasi ekspert Oleq Kuznetsovdan xoşu gəlmir, onu səfirliyə buraxmır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Ekspert daha sonra aşağıdakıları bildirib: “Mən iddia etmirəm ki, Oleq Kuznetsov əjdaha ekspertdir. Ancaq onu bilirəm ki, Oleq Kuznetsov Moskvada Azərbaycanın mövqeyini canı-qəlbdən dəstəkləyən və buna görə erməni lobbisini təzyiqləri ilə üz-üzə qalan barmaqla sayılacaq rus ekspertlərdən biridir. Məhz onun sayəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya hazırlanaraq Dövlət Dumasına göndərilib və indi imzatoplama kampaniyası ilə məşğuldur. Görəsən, Polad Bülbüloğlu Azərbaycanın haqlı mövqeyini dəstəkləyən daha güclü rus politoloq tapıb ki, Oleq Kuznetsovdan zəhləsi gedir? Polad Bülbüloğlu Oleq Kuznetsova alternativ tapıbsa, biz niyə onu tanımırıq? Olanları vururuq, sonra da deyirik ki, erməni diasporu niyə bizimkindən güclüdür”.
Qeyd edək ki, söhbət ciddi bir məsələdən gedir. Bir müddət əvvəl O.Kuznetsov Bakıda da olmuşdu və elə burada olduğu zaman onun Xocalı ilə bağlı elan etdiyi petisiya geniş müzakirə olundu. Rusiyalı ekspert kifayət qədər səs yığılandan sonra Xocalı soyqırımının tanınması üçün Rusiya Dövlət Dumasına müraciət olunacağını deməklə də azərbaycanlıların rəğbətini qazanmışdı. Belə olan təqdirdə Rusiyadakı elçimiz ona dəstək olmaq, bu işin uğurla başa çatmasına yardım etməkdənsə, rus politoloqu səfirliyin kandarında saxlayırsa, çox təəssüf. Amma biz yenə də yayılan informasiyaların nə dərəcədə dəqiq olub-olmadığını bilmək üçün hörmətli Polad Bülbüloğluna telefon açdıq. Lakin israrlı zənglərimizə baxmayaraq, diplomat telefonu açmadı.
Azərbaycan XİN-dən isə bildirildi ki, məsələ ilə əlaqədar şərh verə bilməyəklər.
Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, bu məlumat dəqiqliklə yoxlanılmalı, həqiqət olub-olmadığı üzə çıxarılmalıdır. Ümumilikdə Azərbaycanın xeyrinə çalışan, ədalətli mövqe qoyan politoloqlara münasibətə gəldikdə, H.Hacızadə dedi ki, belə adamlar onun səfir işlədiyi dövrdə də olub: “Onları mehriban qonaqlar kimi qarşılayırdıq, bayramlarımıza dəvət edirdik, qonaqlıq verirdik və s. Vaxtaşırı onlarla görüşlər keçirirdik, söhbətlər edirdik, məsləhətləşirdik”.
Ümumilikdə rus ekspertlər, politoloqların Qarabağ məsələsində Azərbaycana hansısa formada dəstəyi ola bilərmi? Yəni rus ictimai fikrinin formalaşmasında? Onlarla bağlı xüsusi konsepsiyamız olmalıdırmı?
Rus ekspertlər, politoloqların Qarabağ məsələsində, Rusiya ictimai fikrinin formalaşmasında Azərbaycanda dəstəyi ola bilərmi hansısa formada? Onlarla bağlı xüsusi konsepsiyamız olmalıdırmı?
H.Hacızadə: “Əlbəttə. Rus politoloqların Rusiya Federasiyasında ictimai rəyin formalaşmasında müstəsna rolu ola bilər. Bir var mən və ya hansısa azərbaycanlı danışsın, şərh versin, bir da var rus ekspert özü, öz dili ilə, ruslara yaxın arqumentlərlə bunu etsin. Burada konsepsiya da lazım deyil, hər şey aydındır. Belə adamlar dəstəklənməlidir, onlar prosesə cəlb edilməlidir, eşidilməlidirlər. İmkan varsa, dövlət bu işə səfirlər üçün maliyyə də ayırmalıdır. Ermənilər gecə-gündüz belə işlərlə məşğuldur, özü də çoxdan”.
Cavid TURAN