Düşmənləri tərəfindən vəhşicəsinə öldürülən azərbaycanlı "vorzakon"lar: Cəsədi belə tapılmır...FOTO

24-05-2017, 14:27   


Sirr deyil ki, fəaliyyətləri qanundan kənar olsa da cəmiyyət tərəfindən müzakirə olunan təbəqələrdən biri də "qanuni oğrular"dır. El arasında adətən "varlıdan alıb kasıba verən" məsəli ilə tanınan "vorzakonlar" gördükləri bir çox xeyriyyə işləri ilə bəzən insanların rəğbətini qazanır.

Amma sirli mafya aləminin içində olan, qaçaqmalçılıq, narkotik, oğurluq, adam qaçırma və s. kimi qanunsuz əməllərlə məşğul olan qanuni oğruların faciəvi sonu da hamıya məlumdur.

BiG.AZ düşmənləri tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlı avtoritetlərin siyahısını təqdim edir:

Düşmənləri tərəfindən vəhşicəsinə öldürülən azərbaycanlı "vorzakon"lar: Cəsədi belə tapılmır...FOTO

Ölkəni sarsıdan ən böyük kriminal 2016-cı il avqustun 18-də Türkiyədə qeydə alınıb. Azərbaycandakı fəaliyyəti ilə yanaşı Moskvadakı həyatı ilə də kifayət qədər məşhur olan Rövşən Lənkəranski düşmənləri tərəfindən qətlə yetirildi.

Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Mühafizəçisi və sürücüsü ilə lüks hoteldən çıxan R.Canıyevə 22 güllə vurulub.

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.




Azərbaycanlı qanuni oğrulardan olan Siyavuş Zeynalov da faciəvi şəkildə öldürülüb. O, 2017-ci il fevralın 2-də Rusiyada başından güllələnib.

Hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

Daha bir qanuni oğru, ötən gün, yəni mayın 23-də qətlə yetirilib.

"Yaşka Bakinski" ləqəbi ilə məşhur olan kriminal avtoritet Baləhmədov Baləhməd Əliməmməd oğlu, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki şəxsi evində öldürüb.

Qətllə bağlı əvvəllər dəfələrlə məhkum olmuş, 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu saxlanılıb. O, "Yaşka Bakinski"nin qohumudur. İlkin araşdırma zamanı məlum olub ki, qətl hadisəsi qohumlar arasında bir müddət əvvəl baş vermiş münaqişənin nəticəsidir. Ağayev Baləhmədovun evinə girib və onu yataqdaca bıçaqlayıb.

Məlumata görə, qətl törədilərkən evdə Baləhmədovdan başqa onun ailə üzvləri də olub və hətta Ağayevə qapını da onlar açıblar.

Qeyd edək ki, keçmişdə Baləhmədov həqiqətən də kriminal avtoritet olub, üstəlik "taclandırılıb" da. Lakin bir müddət keçəndən sonra o, "qanuni oğru" titulundan məhrum edilib.

Rusiya KİV-ləri "Yaşka Bakinskini" öldüyünü zənn etsələr də, dəqiq tarixini bilmirlərmiş. Lakin göründüyü kimi, 1952-ci il təvəllüdlü Baləhmədov xəlvəti həyat yaşayırmış və mayın 22-də öldürülüb.

Rusiyada kriminal aləmin tanınmış simalarıdan olan “Tima” ləqəbli azərbaycanlı avtoritet Teymur Məmmədov 2012-ci il sentyabrın 7-də qətlə yetirilib. Uzun illərdir Rusiyada yaşayan, əslən Azərbaycanın Göyçay rayonundan olan T.Məmmədov yaşadığı Tula şəhərində evinin önündə naməlum şəxslər tərəfində güllələnərək öldürülüb.

35 yaşında dünyasını dəyişən T.Məmmədovun yaxınlarının bildirdiyinə görə, o, kriminal işlərlə məşğul olduğu üçün Rusiyada bir neçə dəfə məhbus həyatı yaşayıb. Rusiyada böyük hörmət sahibi olan avtoritetin şəxsi intriqa zəminində qətlə yetirildiyi ehtimal edilir. Qeyd edək ki, Məmmədovun qardaşı və qardaşı oğlu da 2011-ci ildə Tula şəhərində güllələnərək qətlə yetiriliblər.

Azərbaycanlı kriminal avtoritetlərdən olan Baxşı Əliyev 8 aprel 2014-cü ildə vəhşicəsinə öldürülüb. 39 yaşlı keçmiş “vorzakon” B.Əliyev Odessada “Veçerniy Baku” restoranında güllələnib.

Kriminal dairələrdə “Vaxa” ləqəbi ilə tanınan avtoritetlə yanaşı, onun mühafizəçisi də öldürülüb.

Qeyd edək ki, Gürcüstan sakini olan, etnik azərbaycanlı Baxış Əliyevin hələ 2004-cü ildə Moskvada tacqoyma mərasimi olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir və onu ancaq xuliqanlığa görə həbs etmək mümkün olur. Belə ki, “Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir və onun bu davranışı oğru qaydalarına zidd hesab edildiyi üçün o, 2007-ci ildə “vorzakon” titulundan məhrum edilir.

Daha sonra gürcü avtoritetlərlə Ded Xasan arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi vorzakonlarla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən Əliyev bütün oğru hüquqlarından məhrum edilir.



Daha bir qanuni oğru hesab edilən azərbaycanlı "vorzakon" Rüfət Nəsibov 2013-cü il, fevralın 2-də qətlə yetirilib. Rüfət Nəsibovun qətlinin "Ded Xasan"ın öldürülməsi ilə əlaqəli olduğu bildirilir.

Ölüm faktı 28 yanvardan 29-na keçən gecə baş versə də Rüfət Nəsibovun cəsədini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, bir qədər əvvəl Suxumidə digər kriminal avtoritet Astamur Qulinin də "Ded Xasan"ın öldürülməsində əli olanlardan intiqam alınması məqsədilə qətlə yetirildiyi bildirilirdi.

Ruhəngiz Muradova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.