Qazaxda həbs olunan jurnalistin dişləri sındırılıb, əlləri qıc olub
Qazaxda 30 sutka inzibati həbs cəzası almış müstəqil jurnalist Nicat Əmiraslanovun bütün dişlərini sındırıblar, əlləri qıc olub. Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkil bildirib ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində jurnalist haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılmalıydı. Elçin Sadıqov və araşdırmaçı jurnalist Xədicə İsmayıl məhkəməyə daxil olanda görüblər ki, jurnalistin işinə baxan hakimin köməkçisi ona ərizə yazdırır. Ərizə isə apellyasiya şikayətindən imtina haqdadır.
Xədicə İsmayıl deyir ki, Nicat Əmiraslanovun dişləri sındırılıb, əlləri də qıc olub. İndi də həmin o vəziyyətdə ona imtina ərizəsi yazdırılır.
Nicat Əmiraslanov təzyiq altında olduğundan nəsə danışmasa da, vəziyyətini vəkilinə və Xədicə İsmayıla gözləri vasitəsilə çatdırmağa çalışıb.
Xatırladaq ki, Qazax rayonunda yaşayan jurnalist N.Əmiraslanova mayın 23-də 30 sutka inzibati həbs cəzası verilib. Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.
Azadliq.info