25 il öncə bu gün ölkədə prezident seçkiləri keçirilirdi. Ölkə tarixində ilk dəfəydi ki, bu qədər namizədin qatıldığı bir seçki kampaniyası təşkil olunmuşdu.
7 iyundan ilyarım öncə Ayaz Mütəllibovun ASDP sədri Zərdüşt Əlizadəyə qalib gəldiyi seçki nə legitim, nə də obyektiv və dürüst idi. Çünki ölkənin ən böyük siyasi təşkilatı AXC normal seçki mühitinin olmamasına görə seçkini boykot etmişdi. Zərdüşt Əlizadə isə bu fürsətdən yararlanaraq, həmi özünü və partiyasını tanıdırdı, həm də seçkiyə legitimlik donu qazandırırdı.
7 iyun seçkisində isə namizədlər çox idi: AXC sədri Əbülfəz Elçibəy, eks-spiker Yaqub Məmmədov, sabiq baş prokuror İlyas İsmayılov, akademik Nizami Süleymanov, AMİP sədri Etibar Məmmədov, parlament sədrinin müavini Tamerlan Qarayev, partiya sədri Rafiq Turabxanoğlu.
Seçkiyə iki gün qalmış E.Məmmədov və T.Qarayev namizədliklərini Elçibəyin xeyrinə geri götürdülər.
Image result for elçibəy seçki,7 iyun
7 iyun prezident seçkisinin favoriti Elçibəy idi. Administrativ resurslar da artıq yarı-yarıya onun rəhbərlik etdiyi partiyanın əlindəydi. Əgər Yaqub Məmmədov istefa vermiş olmasaydı, təbii ki, seçkinin favoriti o olacaqdı. Ancaq mayın 15-də ölkədə siyasi vəziyyət dəyişmişdi, AXC yerdə qalmış hakimiyyəti özü də istəmədən götürmüşdü.
Bununla belə, məğlub olmuş partokratların hansısa formada müqavimət göstərəcəyi bəlliydi. Onlar sürətlə toparlanmağa çalışdılar, ancaq işi sona çatdıra bilmədilər. Mayın 15-dən iyunun 7-nə qədər olan vaxt ərzində onların gücü əhaliyə fantastik və şirnikdirici vədlər verən Nizami Süleymanovun ətrafında sıx birləşməyə çatdı.
N.Süleymanov 33 faizlə seçki ikincisi oldu.
Sonradan Elçibəyin qələbəsinə kölgə düşürmək üçün çox iftiraya, böhtana əl atdılar, amma fakt o idi ki, ölkənin yeganə güclü və diri təşkilatı olan AXC-nin sədri seçkidə qalib gəlmişdi. Ayrı-ayrı rayonlarda seçki pozuntuları, hətta saxtakarlıq faktları ola bilərdi, amma bu Elçibəyin ölkə üzrə qazandığı qələbənin şübhə altına alınması üçün kifayət deyildi.
O zaman Elçibəyin seçki kampaniyasının şüarı “Ümid var gələcəyə, səs verək Elçibəyə” idi və ölkəni xaosdan qurtara biləcək yeganə güclü təşkilat olaraq meydanda yalnız AXC qalmışdı.
Bundan 1 ay öncə Şuşa, ondan on gün sonra isəLaçın işğal olunmuşdu, ölkədə ciddi bir panika vardı. Düşmənin qarşısında dayanan yeganə hərbi qüvvə də AXC batalyonları, könüllülər, XTPD-çilər idi. Belə bir durumda Elçibəydən başqasının hakimiyyətə gəlməsi mümkün deyildi.
Gözlənilən oldu. Elçibəy seçkinin ilk turunda seçicilərin yarıdan çoxunun səsini qazandı. Nə ondan əvvəl, nə də sonra heç kəs bu qədər aşağı faizlə president seçilməyib. Ancaq bu, onun legitimliyinə təsir etmirdi.
Musavat.com