Elçin Mirzəbəyli: “Rusiyaya qarşı çox ciddi bir koalisiya formalaşmaqdadır”
Monteneqronun NATO-ya üzv olması ilə Kremlin Qərb qarşısında göstərdiyi gücün tükənməkdə olduğu açıq şəkildə göründü. Belə ki, 2014-cü ildən bu yana sanksiyalarla Rusiyanı zəiflətmək istəyən Qərb dünyası artıq siyasətini dəyişib, Kremlin təsiri olan dövlətləri NATO-ya üzv qəbul etmək xətti götürüb.
Politoloq Şahin Cəfərli NATO-nun əhatə dairəsinin genişlənməsi ilə bağlı öz feysbuq səhifəsində maraqlı status paylaşıb. Həmin statusu təqdim edirik: “Monteneqro bu həftə rəsmən NATO-nun 29-cu üzvü oldu. Rusiya ötən ilin oktyabrında bu ölkədə dövlət çevrilişi təşkil edərək qərbyönlü qüvvələrin lideri olan Milo Cukanoviçi öldürməyə və prosesi dayandırmağa cəhd göstərdi, lakin alınmadı. Gələn il Makedoniyanın NATO-ya qəbulu gözlənilir. Bu ölkədə son parlament seçkilərindən sonra millətçi qüvvələr Rusiyanın köməyi ilə qərbyönlü hökumətin formalaşmasına imkan vermirdi. Seçkidə ikinci olan Sosial Demokrat İttifaqı kiçik alban partiyaları ilə ittifaq yaradaraq çoxluq əldə etmişdi. Rusiyanın transmilli mediası təbliğat aparırdı ki, bu qüvvələr iqtidara gəlsələr, albanlar Makedoniyanı dağıdacaq və bölgədə ”Böyük Albaniya"nın qurulmasına başlanacaq. Bu təbliğatın təsiri altında yerli millətçilər alban Tələt Cəfərinin parlamentə sədr seçildiyi gün içəri soxularaq sosial-demokratların lideri Zoran Zayev başda olmaqla, bəzi deputatları döydülər. Lakin bütün bunlar nəticə vermədi və 6 aylıq siyasi böhrandan sonra Zoran Zayevin rəhbərliyi ilə yeni hökumət formalaşdı. Yeni hökumət hətta NATO-ya daxil olmaq üçün Yunanıstanın tələbini yerinə yetirərək ölkənin adını müvəqqəti dəyişməyə də hazırdır. (Yəqin ki, ölkə “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” adlanacaq.)
Növbədə Bosniya-Herseqovinadır. Bu ölkənin də ittifaqa üzvlüyündən sonra Rusiyanın regiondakı əsas tərəfdaşı Serbiya dörd tərəfdən Avroatlantik məkanla əhatələnəcək və onun da NATO-ya qoşulmaqdan başqa yolu qalmayacaq. (Artıq Serbiya hökuməti öz ərazisini hərbi yüklərin daşınması üçün NATO-ya açıb. Serbiyanın Avropa Birliyinə daxil olmaq üçün Kosovonu tanıması ehtimalı da var.) Bununla da, Rusiya Balkanlardan tamamilə çıxarılmış olacaq.
Uzun sözün qısası, Qərb çökür, Rusiya irəliləyir tipli təbliğata inanmayın.
Bu arada, bu gün Ukrayna parlamenti xüsusi qanunla NATO-ya üzvlüyü dövlətin prioriteti elan etdi".
Politoloq Elçin Mirzəbəyli isə NATO-nun əhatə dairəsinin genişlənməsində Amerikada keçirilən son prezident seçkilərinin təsirinin olduğunu düşünür: “ABŞ-da keçirilən son prezident seçkilərindən öncə Vaşinqtonun Avropadakı müttəfiqləri Rusiya təhlükəsi ilə bağlı çağırışları qulaqardına vururdular. Bu, müəyyən qədər də Obama administrasiyasının zəifliyindən, ABŞ-ın ənənəvi xarici siyasət kursunun həyata keçirilməsində acizlik nümayiş etdirməsindən qaynaqlanırdı. ABŞ-ın NATO-nun hərbi büdcəsinin artırılması ilə bağlı çağırışları qulaqardına vurulurdu. Rusiyanın Suriyada əzələ nümayiş etdirməsi fonunda ABŞ-da keçirilən seçkilər zamanı Donald Trampın Moskva ilə münasibətləri normallaşdıracağını vəd etməsi NATO üzvü olan ölkələri fakt qarşısında qoydu. Belə bir mənzərə formalaşdı ki, əgər Tramp dövründə Vaşinqton-Moskva münasibətləri normallaşarsa, bu, Avropanın Rusiya təhlükəsi qarşısında tək qalmasına gətirib çıxaracaq. Trampın prezident seçildikdən sonra ”ABŞ öz vəsaitləri hesabına heç kimi qorumayacaq" tezisini önə çəkməsi Avropa ölkələrini NATO-dan ikiəlli yapışmağa vadar etdi. Təsəvvür edin, alyansa üzvlük haqlarını vaxtında ödəməyən Avropa dövlətləri indi Rusiya təhlükəsinə qarşı əlavə olaraq 370 milyard dollar ayırırlar. Bu, çox böyük rəqəmdir və həm də irəliləyişdir. ABŞ müttəfiqlərini Rusiya təhlükəsinə inandırmağı, daha dəqiq desək, qorxutmağı bacardı. İndi artıq Rusiyaya qarşı çox ciddi bir koalisiya formalaşmaqdadır. Əsas odur ki, Moskvaya münasibətdə artıq heç bir Avropa dövləti loyallıq nümayiş etdirməyəcək. Bu isə Moskvanın manevr imkanlarının heçə endirilməsi deməkdir və təbii ki, sanksiyalardan daha effektiv nəticələrə gətirib çıxara bilər".
E.Mirzəbəyli Kremlin NATO-nun genişlənməsi prosesinin qarşısını almaq gücündə olmadığını düşünür: “Vaşinqton Obama dövründə təxirə saldığı prosesi, NATO-nun Şərqə doğru genişlənməsini yenidən davam etdirir. Alyansın geosiyasi mahiyyəti də bunu tələb edir. NATO genişlənməsə, yeni hədəflərə can atmasa dağıla bilər. İstənilən təşkilat belədir, əgər hədəfi yoxdursa, dağılmağa məhkumdur. Putin bu prosesin qarşısnı almaq gücündə deyil. Rusiyanın real müttəfiqləri yoxdur. KTMT üzvü olan dövlətlər zorən müttəfiqlərdir. ABŞ Suriyadakı aviabazaya zərbə endirdikdən sonra Rusiyanın reaksiyasını izlədi. Yəni Moskvanı dişinə vurdu və əmin oldu ki, Rusiya yalnız güc qarşısında geri çəkilə bilər. Bu güc də nümayiş etdiriləcək. Çünki ”demokratiya", “insan hüquq və azadlıqları” müstəvisində Rusiyadaxili proseslərə müdaxilə etmək mümkün deyil. Rusiyadakı siyasi rejim yalnız güclü mərkəzi hakimiyyətin hesabına özünü qoruyub saxlayır. Qərb bundan sonra atacağı addımlarla Rusiyanın mərkəzi hakimiyyətinin xarici təzyiqlərə qarşı gücsüz olduğunu daha qabarıq nümayiş etdirməyə çalışacaq. Əsl proseslər isə bundan sonra baş verəcək".
Cavanşir ABBASLI