Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin
yüksəkixtisaslı həkim briqadası iyunun 15-dən Naxçıvan Muxtar Respublika
Xəstəxanasında humanitar tibbi aksiyaya start verib.
AZƏRTAC xəbər verir ki, bu tədbir ölkəmizin müxtəlif regionlarında skrininq
proqramı üzrə həyata keçirilir. Proqramın mahiyyəti mərkəzin xərçənglə
mübarizə istiqamətində həm ölkə paytaxtında, həm də regionlarda qlobal
miqyasda öz fəal iştirakını davam etdirməkdən ibarətdir. Ölkə rəhbərliyinin daim
diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının davamlı
inkişafı, yüksək texnologiyalara əsaslanan texniki bazasının təkmilləşdirilməsi,
cərrahiyyə blokunda yaradılmış şərait, burada müasir tibbi avadanlıq, cihaz və
aparatların qurulması ən mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan
verir. Milli Onkologiya Mərkəzi əhaliyə tibbi xidmət göstərmək üçün artıq ikinci
dəfədir ki, bu səhiyyə müəssisəsinin imkanlarından yararlanaraq onkoloji
xəstələrin müayinə və müalicəsini təşkil edir.
Yüksəkixtisaslı həkim briqadası xəstəxanada ilk gün qalxanabənzər vəzi, invaziv
diaqnostika, mamoloji, onko-ginekoloji, uşaq onkoloji, baş-boyun şişləri, ultrasəs,
abdominal onkoloji müayinələr aparıb. İyunun 16-da isə müayinələrlə yanaşı,
cərrahi əməliyyatlar da icra olunub. Mərkəzin professoru Əziz Əliyev tərəfindən
uğurla icra olunan əməliyyatlardan sonra xəstələr palatalara yerləşdirilib.
Şərur rayonunun Düdəngə kənd sakini Səkinə Əliyeva bildirib ki, üzərində total
strumektomiya əməliyyatı aparılıb. İndi özünü yaxşı hiss edir. O, başqa yerlərə
getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına
görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə
yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
İyunun 17-də isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında yüksəkixtisaslı
həkim briqadasının iştirakı ilə “Onkoloji xəstəliklərin müayinə və müalicəsində
müasir yanaşma” mövzusunda konfrans keçiriləcək.