“Boşanma” rəsmən başlandı - ÜÇ MƏRHƏLƏ

19-06-2017, 21:39   

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması (Breksit) ilə əlaqədar danışıqlar bu gün Brüsseldə başlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın Breksit naziri David Davis və Aİ-nin baş müzakirəçisi fransalı Miçel Barner Avropa Komissiyası binasında görüşüb.
Baş müzakirəçi bildirib ki, müzakirələrdə ilk hədəf Britaniyanın Aİ-dən ayrılması barədə qərarın yaratdığı qeyri-müəyyənlikləri aradan qaldırmaqdır. Barner danışıqların ilk mərhələsində vətəndaş hüquqları, büdcə məsələləri və İrlandiya sərhədi mövzularının müzakirə ediləcəyini bildirib. O, ilk iclasda prioritetlərin və danışıqların təqviminin müəyyən olunacağına ümid etdiyini deyib.
David Davis də danışıqların “yaradıcı bir atmosfer”də başlandığını vurğulayıb.


Breksit üzrə danışıqların 2019-cu ilin martında tamamlanması nəzərdə tutulur. Tərəflər danışıqlarda bir sıra çətin mövzularda razılaşmaq üçün yollar axtaracaqlar.
London 2017-ci il martın 29-da Aİ-yə yazdığı məktubla qurumdan ayrılmağı nəzərdə tutan 50-ci maddədən istifadə edib. Sözügedən maddəyə əsasən, razılaşmanın olub-olmamasına baxmayaraq, Böyük Britaniya 2019-cu il 29 martında Aİ-dən ayrılmalıdır.
Breksit danışıqlarının üç mərhələdə keçirilməsi planlaşdırılır.
Birinci mərhələ - Geri çəkilmə
Altı ay davam etməsi və 2017-ci ilin dekabrında tamamlanması nəzərdə tutulan mərhələdə ən çətin üç təməl mövzunun müzakirəsi planlaşdırılır:
1. Britaniyanın Aİ-dən çıxmasının maliyyə dəyəri
2. Aİ-dən yaşayan Böyük Britaniya, Böyük Britaniyada yaşayan Aİ vətəndaşlarının statusu
3. İrlandiya Respublikası və Şimali İrlandiya arasında yeni sərhədin tənzimlənməsi


“Boşanma fakturası” da adlandırılan Breksitin maliyyə dəyəri ilə əlaqədar bu vaxta kimi fərqli rəqəmlər ortaya atılıb. Aİ ilk mərhələdə bu fakturanın 60 milyard avro ətrafında olacağını açıqladı. Ancaq son olaraq adının açıqlanmasını istəməyən Aİ səlahiyyətlisi bu rəqəmin 100 milyard avroya qədər arta biləcəyini bildirdi.
İkinci mövzu, yəni Aİ-də yaşayan Böyük Britaniya, Böyük Britaniyada yaşayan Aİ vətəndaşlarının statusu məsələsi təxminən 4 milyon insanı maraqlandırır. Aİ hesab edir ki, mövcud status saxlanılmalıdır. Qurum bunun qazanılmış haqq olduğunu və davam etməsi lazım olduğunu müdafiə edir.
Britaniyanın Baş naziri Tereza Mey isə Aİ-dən gələn miqrant axınına nəzarət etmək üçün Ortaq Bazar və Gömrük Birliyini tərk etməsini nəzərdə tutan “sərt çıxış” (“Hard Brexit”) strategiyasını tətbiq edəcəyini açıqlamışdı.
Üçüncü mövzu isə İrlandiya Respublikası və Şimali İrlandiya arasında yeni sərhədin tənzimlənməsidir. Həm Aİ, həm də ingilis hökuməti Şimali İrlandiya ilə İrlandiya arasında sərhədin yenidən çəkilməsinə qarşı çıxır. Ancaq Breksitin güclü dəstəkçilərindən biri olan Şimali İrlandiyanın Demokratik Birlik Partiyası Şimali İrlandiyaya hər hansı bir “xüsusi status' verilməsini istəmir.


İkinci mərhələ - Münasibətlərin gələcəyi
Bir çoxları tərəfindən müzakirələrin ən çətin mərhələsi kimi qiymətləndirilir. Bu mərhələnin 2018-ci yanvarında başlaması və 2018-ci ilin iyununda tamamlanması nəzərdə tutulur. Baş nazir Mey Breksit müzakirələri çərçivəsində geniş bir sərbəst ticarət razılaşması üzrə danışıqların aparılmasını istəyir. Bununla belə, Aİ-nin bu mövzuda bəzi qayğıları var.
Münasibətlərin gələcəyi ilə bağlı əhəmiyyətli olan digər bir mövzu Böyük Britaniyanın maliyyə sektorunun Breksitdən sonrakı vəziyyətidir. Bir sıra böyük banklar Breksitdən sonra Aİ vətəndaşlarının iş hüquqlarının ləğv ediləcəyi halda başqa yerə köçmək məcburiyyətində qalacağı barədə xəbərdarlıq ediblər.
Aİ vətəndaşlarının iş hüquqlarının ləğvi Böyük Britaniyanın maliyyə sektoruna 38 milyard, dövlət büdcəsinə isə 10 milyard avro itki verəcək, həmçinin 75 min məşğulluq itkisi yaradacaq.
Üçüncü mərhələ - Keçid dövrü


Üçüncü mərhələ təqvim baxımından ən uzun və texniki detallar səbəbiylə ən mürəkkəb mərhələ olması gözlənilir.
Aİ 2018-ci ilin oktyabr və ya noyabr ayına kimi çətin mövzular üzrə razılaşmaların əldə olunacağına, beləliklə, həm Avropa Parlamenti, həm də Böyük Britaniya parlamenti tərəfindən təsdiq edilməsi üçün kifayət qədər vaxt qalacağına ümid edir.
Mey çətin vəziyyətdə
Breksit danışıqlarının başlandığı bir vaxtda, London daxili siyasətdə gərgin günlər yaşayır. Seçkilərdən sonra yeni hökumət qurulmayıb. Baş nazir Tereza Mey Breksit danışıqlarında mövqeyini daha gücləndirmək üçün növbədənkənar seçkilərə getdi. Ancaq bir çoxlarına görə “siyasi qumar” olan növbədənkənar seçkilərdə Meyin liderlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə əksəriyyəti itirdi və daha zəif vəziyyətə düşdü.
Bundan başqa, ana müxalifətdəki Leyboristlər Partiyası parlamentdəki yerlərin sayını artırmağı bacarıb.
Mey Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının dəstəyi ilə hökuməti quracağını açıqlayıb. Ancaq yeni hökumətlə bağlı son razılaşma hələ təmin edilməyib.
Ömər Dağlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.