Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 21-də prosesdə zərərçəkmiş qismində “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədov ifadə verib. Hadisəyə oxucuların böyük marağını nəzərə alaraq, ifadəni, zərərçəkmişin dövlət ittihamçılarının və vəkillərin suallarına cavablarını olduğu kimi diqqətinizə çatdırırıq.
“Hakim işləyən oğlunun başına kisə keçirib gətirəcəyik MTN-ə”
Hakim Həbib Həsənov: Adınız, soyadınız, atanızın adı.
Zərərçəkmiş Tağı Əhmədov: Əhmədov Tağı Məhəmməd oğlu.
Hakim: Doğulduğunuz yer və tarix.
T.Əhmədov: 1 fevral 1948-ci il, Naxçıvan MR, Şahbuz rayonu, Güneyqışlaq kəndi.
Hakim: Hazırda işləyirsiniz?
T.Əhmədov: Bəli. YAP Yasamal rayon təşkilatının sədri və Memarlıq-İnşaat Universitetində kafedra müdiriyəm.
Hakim: Əhmədov, qarşınızda andın mətni var, onu ucadan oxuyub and için.
T.Əhmədov: Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm.
Hakim: Siz istintaqa ifadə vermisiniz. Həmin ifadəni təsdiq edirsiniz?
T.Əhmədov: Həmin ifadəni təsdiq edirəm.
Hakim: Onu burada qısaca söyləyə bilərsinizmi?
T.Əhmədov: Elə bir şey yoxdur. Mən işdən çıxandan sonra məlum oldu ki, mənimlə işləyən adamlar MTN-ə çağırılır. Nəyə görə, deyə bilmərəm. Ay yarım – iki ay olardı ki, işdən çıxmışdım. Sonra gəlib, həmişə ünsiyyətdə olduğum adam kimi Eldar Mahmudovun telefonuna zəng elədim. Dəfələrlə Vüqarla danışdım. Vüqar sonradan mənə dedi ki, Eldar Mahmudov bildirib ki, mən onu Akif Çovdarova tapşırmışam. Akif Çovdarov da sifariş göndərdi ki, bu məsələnin həll olunması üçün vəsait lazımdır. Vəsaiti də həmin gün çatdırmasan, Nizami rayonunda hakim işləyən oğlunun başına kisə keçirib gətirəcəyik MTN-ə. Açığını desəm, bir az stress vəziyyətində idim.
T.Əhmədovun vəkili: Möhtərəm hakim, burada telefonlarla çəkiliş aparılır. Söndürək telefonları. Çox xahiş edirəm.
Hakim: Burada heç kim çəkiliş aparmır.
T.Əhmədov: İşlədiyim 15 il 7 ay ərzində mənim Akif Çovdarovla qətiyyən münasibətim olmayıb. Görüşməmişik, heç bu gün də tanımıram. Stress vəziyyətində olduğumdan, oğlumdan və qardaşımın oğlundan xahiş etdim, vəsaiti aparıb Akif müəllimə verdilər. Məsələ budur. Onu da əlavə edim ki, yaxın adam kimi Rəsul Rəsulova zəng etdim, dedim Akif müəllimə de ki, əmanəti qaytarsın, qaytarmasa, şikayət edəcəyəm. O da cavab verdi ki, Akif müəllimə dedim, Akif müəllim deyir ki, mən ondan pul almamışam. Əslində, düz deyir - məndən almamışdı, uşaqlardan almışdı. Mənə sonra bildirdilər ki, Rəsulu sənin ərizənə görə tutublar. Dedim ki, mənim Rəsuldan heç bir şikayətim yoxdur. İşlədiyim dövrdə MTN-də nə qədər işçi olubsa, hamısı ilə yüksək səviyyədə işləmişik, işimiz gedib, dövlətin işini görmüşük. Amma işdən çıxandan sonra belə bir vəziyyətin olması, doğrusu, mənə çox pis təsir etdi. Mən işləyirdim və dövlətə canla-başla xidmət edirdim. Bunu da qiymətləndirdilər, çox sağ olsunlar.
“Bəziləri Akif müəllimin tutulmasından istifadə edir”
Hakim: Prokuror, buyurun, suallarınızı verin.
Prokuror Vüqar Quliyev: Nə qədər vəsait verildi?
T.Əhmədov: Vəsaiti qeyd etmişəm – 1 milyon 200 min dollar, 1 milyon 500 min avro və 300 min manat. Cəmi 3 milyon. Nəzərə alsaq ki, o vaxt dollar 78 qəpik idi, avro isə ondan bir az baha olardı.
Prokuror: MTN-ə sizdən kimləri aparmışdılar?
T.Əhmədov: Tam dəqiq yadımda deyil, amma bilirəm ki, qardaşımın oğlu Şövqünü və Elşən adlı əməkdaşı aparmışdılar.
Prokuror: Onlardan nə soruşublar? Nə ediblər? Maraqlanmısınız?
T.Əhmədov: Şövqüdən soruşmuşdular ki, pulu yığıb kimə verirsən? O da deyib ki. dövlətin pulu idi, dovlətin hesabına keçirirdi. Burada bir sirr də yoxdur ki, özü də yəqin müəyyən qədər vəsait qazanırdı. Amma orda yazılmışdı ki, guya Şövqü pulu yığıb əmisi oğluna verib. Lakin onun əmisi oğlu ilə heç bir əlaqəsi olmamışdı. Yalnız təsir altında olduğuna görə belə izahat vermişdi. Elşəni isə döymüşdülər, bu barədə həkimin arayışı da var. Bir çox işçilərimiz olub orda. Həmçinin MTN-də metronun kuratoru olan Tural Rzayev də orada iştirak edib. Özüm orada olmadığıma görə, dəqiq deyə bilmərəm.
Prokuror: Sualım yoxdur.
Hərbi prokuror Natiq Abdullayev: Rəsul Rəsulovu siz nə vaxtdan tanıyırsınız?
T.Əhmədov: Rəsul Rəsulov bizim kurasiyada işləyirdi və iş birliyimiz olub.
Hərbi prokuror: Yəni MTN xətti ilə tanımısınız.
T.Əhmədov: Bəli, özü də çox yüksək səviyyədə.
Hərbi prokuror: MTN-lə bağlı maşın verilməsi məsələsi olub?
T.Əhmədov: Belə bir şey olmuşdu. Mən də konkret olaraq Rəsula dedim ki, burda elə bir qazancım yoxdur ki, MTN-ə maşın bağışlayım. Gəldi dedi ki, Akif müəllim deyir ki, bir maşın alsın versin. Həmin məsələni bəziləri çox şişirdib, yüksəyə qaldırırlar. Mən isə imtina elədim.
Hərbi prokuror: Rəsul Rəsulovla pulun qaytarılması ilə bağlı axırıncı söhbət nə vaxt olmuşdu?
T.Əhmədov: O söhbət olanda ikimizin arasında mən Rəsula dedim ki, get öyrən, gör nə qədər vəsait istəyir. Mən Rəsula heç bir pul-zad verməmişəm, qətiyyən. Onunla danışığımız ancaq bu olub. Səhərisi gün artıq vəsait Akif müəllimin özünə çatandan sonra Rəsul bildirdi ki, gəldi dedi ki, bəs Raufu niyə gətirməmisiniz, deyib ki, hər şey həll olunub, mənə tapşırıblar ki, bu işdən yan keçim.
Hərbi prokuror: İfadənizdə də göstərdiniz ki, sonuncu dəfə Rəsulla söhbət edəndə demisiniz ki, əmanəti geri qaytarsın.
T.Əhmədov: Bəli. Telefon danışığı olub, istintaqda var.
Hərbi prokuror: Nə vaxt olmuşdu?
T.Əhmədov: Tarixini dəqiq deyə bilmərəm.
Hərbi prokuror: Yəni məlum hadisələrdən sonra olub?
T.Əhmədov: Bilirsiniz, bəziləri Akif müəllimin tutulmasından istifadə edir, deyirlər, mən elə o vaxt bu sözü demişdim.
Prokuror Vüqar Quliyev: Bir məqamı dəqiqləşdirək. Sizin telefon danışıqlarınızın siyahısında görünür ki, Rəsul Rəsulovla xeyli sayda danışığınız olub. Həmin o pul verilən ərəfədə onunla danışmısınız?
T.Əhmədov: Yox, o vaxt bircə o danışıq oldu ki, Akif müəllim pul verilməsə oğlum Raufu başına torba salıb gətirəcəyini demişdi, səhərisi gün Rəsul zəng elədi ki, bəs niyə Rauf öz xoşu ilə gəlmədi? Dedim məsələ həll olundu. Sonra Rəsul gedib Akif müəllimlə danışandan sonra gəlib mənə dedi ki, Akif müəllim deyir ki, hər şey həll olunub, mənə tapşırıq olub ki, belə bir addım atmayım.
“Metroda 2500 işçi, 1200 köşk vardı”
Vəkil Elxan Quliyev: Bildirdiniz ki, Şövqü Əhmədov qardaşınızın oğludur. Bəs Elşən Tağıyevlə hansı əlaqələr var idi?
T.Əhmədov: Elşən Tağıyev işçi idi. Orada 2500 işçi var idi. Hamısı mənim qardaşımın oğlu ola bilməzdi ki.
Vəkil Elxan Quliyev: Bəs hansı səbəbdən o qədər işçinin arasından məhz Şövqü Əhmədovla Elşən Tağıyevi çağırdılar?
T.Əhmədov: Hansı məlumat var idisə, onu xahiş edirəm, siz onlardan soruşun.
Vəkil Elxan Quliyev: Hər ikisi sizin işçiniz olub. Düzdür?
T.Əhmədov: Hamısı mənim işçim olub.
Vəkil Elxan Quliyev: Bunların hamısı ilə əmək müqavilələri olub? Səlahiyyətləri nədən ibarət idi?
(Tağı Əhmədovun vəkili müdaxilə edir və suala etirazını bildirir)
T.Əhmədov: Bağışlayın, mən kimlə danışıram?
Vəkil Elxan Quliyev: Təqsirləndirilən Orxan Osmanovun vəkiliyəm.
T.Əhmədov: Deməli, metroda 2500 işçi var idi, 1200 də köşk vardı. Hər köşkün də bir məsul adamı. Elşən isə “Koroğlu” stansiyası tapşırılmış adam idi. Vəsaitləru yığırdı.
Vəkil Elxan Quliyev: Bildirdiniz ki, nazirin köməkçisi ilə əlaqə saxladınız. Nə cavab aldınız7
T.Əhmədov: Mən bunları ərizəmdə göstərmişəm, baxa bilərsiniz.
Vəkil Elxan Quliyev: Mən ərizəni görmüşəm, amma sizin məhkəmədə ifadə vermək borcunuzdur.
T.Əhmədov: Köməkçi mənə dedi ki, Eldar Mahmudovla danışdım, Eldar müəllim deyir ki, onu Akif Çovdarova tapşırmışam. Deməli, Eldar Mahmudovun bu işə münasibəti vardı ki, işi Akif Çovdarova tapşırmışdı. Akif Çovdarov da vəsait tələb etdi.
Vəkil Elxan Quliyev: Şövqü Əhmədovla Elşən Tağıyevin MTN-ə çağırılması xəbərini sizə kim verdi?
T.Əhmədov: Onu onlar çıxandan sonra bilmişəm. Şövqü dedi mənə.
Tağı Əhmədovun SMS-i
Vəkil Cavid Rzazadə: İstintaqa verdiyiniz ifadədə belə bir cümlə var ki, həmin dövrdə bir sıra öyrədilmiş adamlar sizin oğlunuz barədə mətbuatda şər-böhtan xarakterli yazılar dərc ediblər.
T.Əhmədov: Mən ifadəmdə elə bir şey deməmişəm.
Vəkil Cavid Rzazadə: Onda belə bir sual doğur: siz istintaqda ifadə verdikdən sonra ifadənizə imza atmadan əvvəl onu oxuyub tanış olmusunuz?
T.Əhmədov: Bəli.
Vəkil Cavid Rzazadə: İddia edirsiniz ki, orada bu cümlə yoxdur?
T.Əhmədov: Bəli. Ola bilər ki, nəsə yadımdan çıxsın, amma mən elə bir şey yazmamışam.
Vəkil Cavid Rzazadə: Yəni siz deməmisiniz ki, Akif Çovdarovun sifarişi ilə oğlunuz barədə yazılar yazılıb?
T.Əhmədov: Xeyr, deməmişəm.
Vəkil Cavid Rzazadə: Siz bildirdiniz ki, Rəsul Rəsulovla dəfələrlə telefon danışıqlarınız olub.
T.Əhmədov: Bəli, onunla yaxın münasibətdə olmuşam və hər cür danışıqlarımız olub.
Vəkil Cavid Rzazadə: Dövlət ittihamçısı da sizə sual verdi, cavab verdiniz ki, siz Rəsul Rəsulova hələ Akif Çovdarov həbs edilməmişdən əvvəl zəng vurmusunuz və pulunuzu tələb etmisiniz.
T.Əhmədov: Bəli. Demişəm ki, vəsaiti qaytarmasa, şikayət yazacağam.
Vəkil Cavid Rzazadə: SMS yaza bilirsiniz?
T.Əhmədov: Yazıram, amma ona yazmamışam.
Vəkil Cavid Rzazadə: Əgər telefon danışığında pulunuzu tələb etmişdinizsə, SMS yazmağa nə zərurət var idi?
T.Əhmədov: Kimə yazmışam SMS-i?
Vəkil Cavid Rzazadə: Rəsula.
T.Əhmədov: Mən Rəsula SMS yazmamışam.
Vəkil Cavid Rzazadə: Sizin telefonunuz həmişə sizin üzərinizdə olur?
T.Əhmədov: Həmişə üzərimdə olur.
Vəkil Cavid Rzazadə: Ola bilərmi ki, kimsə sizin telefonunuzdan SMS yazsın?
T.Əhmədov: Xeyr, ola bilməz.
Vəkil Cavid Rzazadə: Cinayət işinin materiallarında sizin telefon danışıqlarınızdan çıxarışlar var. Zənglərin məzmunu görünməsə də, danışılan vaxt göstərilir. Lakin burada sizin yazdığınız bir SMS və onun məzmunu var. 19 oktyabr 2015-ci ildə Rəsul Rəsulovun telefon nömrəsinə göndərilmiş həmin SMS-də deyilir: “Salamlar. Akif Çovdarova çatdır, əmanəti geri qaytarsın”.
T.Əhmədov: Həmin şeyi telefonda da demişəm. Ola bilər ki, SMS də yazmışam, amma yadımda deyil.
Vəkil Cavid Rzazadə: Qəribəlik ondadır ki, telefonla dediyiniz kəlmələri sonradan SMS-lə yazırsınız. Elə bil mənə telefonda deyirsiniz ki, filan şeyi qaytar. Sonra bir SMS də yazırsınız.
T.Əhmədov: Ola bilsin ki, telefonda demişəm, sonradan SMS də olub. Eyni məzmundur.
Vəkil Cavid Rzazadə: Belə çıxır ki, bu, planlaşdırılmış şəkildə edilib. Məhz Akif Çovdarovun adının yazılması və eyni məzmunda SMS-in göndərilməsi.
Ən vacib sual: 3 milyon manatın mənbəyi
Vəkil Cavid Rzazadə: Siz bayaq qeyd etdiniz ki, sizdən xeyli əvvəlki illərdə avtomobil də istəyiblər, imtina etmisiniz. O zaman vəsaitiniz yox idi?
T.Əhmədov: Vəsaitim də var idi, hər şeyim də. Amma imtina etdim.
Vəkil Cavid Rzazadə: 3 milyon manatla bağlı sizə istintaqda da sual verilib. Mənbəyi ilə bağlı. Sizdə o qədər vəsait hardan idi?
(Bu sual səslənən kimi zərərçəkmişin vəkili etirazını bildirdi və sualın çıxarılmasını xahiş etdi. Prosesə sədrlik edən hakim Həbib Həsənov sualı ittihama aidiyyatı olmadığına görə çıxardı).
Vəkil Cavid Rzazadə: Necə yəni aidiyyatı yoxdur? İstintaqda da bu sual verilib. Onda ifadəsi elan olunsun.
Hakim Həbib Həsənov: Lazım olsa, edərik.
Vəkil Cavid Rzazadə: Xahiş edirəm, elan edilsin. İfadədə sual var və konkret cavabı var.
T.Əhmədov: Orada cavab yoxdur. Heç bir cavab verməmişəm. Pulu haradan əldə etməyimin heç kəsə dəxli yoxdur.
Vəkil Cavid Rzazadə: Ya ifadəsi elan edilsin, ya da şərait yaradın, özüm həmin hissəni elan edim. Sizin 22 dekabr 2015-ci il tarixli istintaqa verdiyiniz ifadədə 3 milyon manatın mənşəyi haqda bildirirsiniz ki, həmin pulu 44 illik əməyiniz zamanı yığmısınız. Deməli, mənbə kimi 44 illik əməkhaqqını göstərmisiniz.
T.Əhmədov: Bu sualın məsələyə heç bir aidiyyatı yoxdur. Nə vaxt “dopros” olar, cavab verərəm.
Vəkil Kamandar Nəsibov: Elə “dopros”dur da.
Vəkil Cavid Rzazadə: Bu 3 milyon manat vəsaitin mənbəyi hardandır?
T.Əhmədov: Mən işlədiyim dövrdə 3 milyon o qədər də böyük pul deyildi.
Vəkil Cavid Rzazadə: Yəni 2014-cü ildə 3 milyon manat böyük pul deyldi.
T.Əhmədov: Bəli.
Vəkil Cavid Rzazadə: Metro stansiyalarındakı ticarət obyektlərindən yığılan pullar, həmin pulların mənbəyi...
Zərərçəkmişin vəkili: Möhtərəm hakim, xahiş edirəm, bu sualın ittihama heç bir aidiyyatı yoxdur.
Vəkil Cavid Rzazadə: Həmin ticarət obyektlərindən yığılan pulların sizə, şəxsən Tağı Əhmədova hansı hissəsi gəlib çatırdı?
Hakim Həbib Həsənov: Bu suala cavab vermə. Sual çıxarılır.
Vəkil Cavid Rzazadə: O pullar hara yığılırdı?
Hakim Elbəy Allahverdiyev: Bu sual çıxarılıb, ona cavab verməyin.
Vəkil Kamandar Nəsibov: Sualı çıxarmamış deyirsiniz ki, cavab vermə. Heç olmasa, prosedura riayət edin də.
Hakim Elbəy Allahverdiyev: Siz narahat olmayın.
Vəkil Kamandar Nəsibov: Narahatıq da biz.
Vəkil Cavid Rzazadə: Sizin şikayətiniz və tələbiniz kimdəndir və nədən ibarətdir?
T.Əhmədov: Biri “Leyli və Məcnun”a baxır, axırda deyir ki, bu Leyli ilə Məcnunun nəyi oldu? Mən nə istəyəcəyəm? Akif Çovdarova verdiyim 3 milyon manatı.
Tağı Əhmədovun maaşı nə qədər olub?
Vəkil Sadiq Rəsulov: Rəsul Rəsulovla söhbətlərinizlə bağlı istintaqa verdiyiniz ifadələrdən məlum olur ki, sizin oğlunuzun Akif Çovdarovla görüşməsi və iddia etdiyiniz məbləğdə pulu verməsi üçün heç bir tarix və saat müəyyənləşdirilməyib. Bəs belə olan halda sizin oğlunuzun Akif Çovdarovla nə vaxt görüşəcəyini hardan bilirdiniz?
T.Əhmədov: Vaxt dəqiq olmaya bilər. Mən nə deyə bilərəm ki? Dəqiq olmaya bilər. Pulu verən adam da burdadır, onunla gedən adam da. Onlardan soruşarsınız.
Vəkil Sadiq Rəsulov: Aprel ayında pulu verməmişdən əvvəl Rəsul Rəsulovla telefon danışıqlarınız olub?
T.Əhmədov: Yadımda deyil və mən bu suala cavab vermək istəmirəm.
Vəkil Sadiq Rəsulov: Siz cavab verməyə bilməzsiniz, çünki məhkəmə hələlik bu sualı çıxarmayıb.
T.Əhmədov: Cavab vermirəm.
Vəkil Kamandar Nəsibov
Vəkil Kamandar Nəsibov: Sizin buna ixtiyarınız yoxdur.
Hakim Həbib Həsənov: Yadınızda deyilsə, deyin yadımda deyil.
Vəkil Sadiq Rəsulov: İfadənizdə bildirirsiniz ki, 3 milyon manatın mənbəyi zəhmətinizlə əldə etdiyiniz gəlirlərdir. Bunu təsdiq edirsiniz?
Hakim Həbib Həsənov: Sual çıxarılsın.
Vəkil Sadiq Rəsulov: “Bakı Metropoliteni”ndən sorğu əsasında əldə etdiyim sənədə əsasən, 2006-cı ildən işdən azad olunana qədər sizin əldə etdiyiniz gəlir illik təxminən 22-25 min manatdır.
Prokuror Vüqar Quliyev: Mən suala etiraz edirəm. Bunun məsələyə aidiyyatı yoxdur.
Vəkil Sadiq Rəsulov: Hətta nəzərə alsaq ki, siz yemədən-içmədən əməkhaqqınızı toplamısınız, yenə də 3 milyonla müqayisədə çox kiçik rəqəm alınır.
Hakim Elbəy Allahverdiyev: O sual çıxarıldı. Təkrar sualdır.
Hakim Həbib Həsənov: Sual çıxarılır, bu suala cavab verməyin.
Tağı Əhmədova zəng etmiş Petya kimdir?
Vəkil Kamandar Nəsibov: Sizin Rəsul Rəsulova göndərdiyiniz SMS barədə sual verildi. Həmin SMS-in tam mətnini oxumaq istəyirəm. Yazırsınız: “Salamlar. Akif Çovdarova çatdırın ki, əmanəti qaytarsın. Bu, birincinin göstərişidir”. Birinci dedikdə siz kimi nəzərdə tururdunuz?
T.Əhmədov: Özümü.
Vəkil Kamandar Nəsibov: Siz nəyin birincisisiniz ki?
T.Əhmədov: Özümün.
Vəkil Kamandar Nəsibov: Özünüz özünüzə göstəriş verirsiniz? Birinci deyəndə Azərbaycanda özünüzü nəzərdə tutursunuz?
T.Əhmədov: Bəli.
Zərərçəkmişin vəkili: Bu təxribatdır, xahiş edirəm. Bu təxribatdır.
Vəkil Kamandar Nəsibov: Siz Moskvada olarkən əməkdaşlarınızın MTN-ə aparılmasını sizə kim xəbər verib?
T.Əhmədov: Mənə heç kim xəbər verməyib.
Vəkil Kamandar Nəsibov: Telefon danışığınız olub və cinayət işinin materiallarında var. Sizə kim zəng edib?
T.Əhmədov: Petya.
Vəkil Kamandar Nəsibov: Belə də yazırıq: Petya zəng vurub dedi. Mülki iddiada 3 milyon manat tələb edirsiniz. İstintaqa verdiyiniz ifadədə həmin pulun mənbəyi kimi 44 illik əməyinizi göstərirsiniz.
Hakimlər (bir yerdə): O sual çıxarılır.
Vəkil Kamandar Nəsibov: Sualımı axıra qədər dinləyin. Hələ sual verməmişəm, nəyi çıxarırsınız? 44 illik əməyiniz nəticəsində 3 milyon manat toplamısınız. Lakin iddia ərizəsinə heç bir qoşma və əlavə yoxdur. Yəni bunu necə əldə etdiyinizi hansı sənədlə sübut edə bilərsiniz? Biz də görək ki, siz bu pulu maaşınızla toplamısınız.
Hakim Həbib Həsənov: Sual çıxarılsın. Heç bir aidiyyatı yoxdur.
Vəkil Kamandar Nəsibov: Möhtərəm hakim, necə aidiyyatı yoxdur? Onda birdəfəlik deyin ki, mülki iddiaya baxılmayacaq. O bu pulu verə biləcəyini əsaslandırmalıdır.
Hakim Həbib Həsənov: Məhkəmə özü baxacaq bu məsələyə.
Zərərçəkmişin vəkili: Mülki iddianı əsaslandıracağam, narahat olmasın.
Vəkil Kamandar Nəsibov: Mən narahat deyiləm. Narahat müştərin olsun. Tağı müəllim, ifadənizdə bildirdiniz ki, Akif Çovdarov sizə çatdırıb ki, 3 milyon manatı verməsəniz, oğlunuz - Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədovun başına kisə keçirib MTN-ə gətirəcək. Siz real olaraq fikirləşirsiniz ki, Azərbaycanda hakimin başına kisə keçirib harasa aparmaq mümkündür?
T.Əhmədov: Bəli, mən o hədəni real qəbul edirdim.
Vəkil Kamandar Nəsibov: MTN-in yoxlaması nəticəsində məlum olanda ki, metropolitendən yığılan pullardan 200 milyon manat mənimsəmisiniz, sizə bu barədə məlumat verildi?
T.Əhmədov: Olmayıb elə yoxlama.
Vəkil Kamandar Nəsibov: Necə yəni olmayıb?
Hakim Həbib Həsənov: Əhmədov, o suala cavab vermə.
Vəkil Kamandar Nəsibov: Niyə cavab verməsin? Araşdırılma aparılıb. Niyə cavab verməsin?
Akif Çovdarov keçmiş metro rəisinə nə dedi?
Təqsirləndirilən Akif Çovdarov: Niyə soruşmursunuz ki, Elşənlə Şövqü MTN-ə nəyə görə çağırılmışdı?
Hakim Həbib Həsənov: Onun məsələyə aidiyyatı yoxdur.
Akif Çovdarov: Necə yəni aidiyyatı yoxdur?
Hakim Həbib Həsənov: İşin mahiyyətinə aid deyil.
Vəkil Kamandar Nəsibov: Deməli, 3 milyon alan işin mahiyyətinə aiddir, 200 milyon mənimsəyən aid deyil?
Akif Çovdarov: Tağı müəllim, mən 8 il sənin kuratorun olmuşam. Həmin 8 ildə heç telefonla da danışmamışıq. Nəyə görə 8 ildən sonra biz bunun qardaşı oğlunu, işçilərini nazirliyə çağırdıq? Söhbət mağazalardan başladı. Camaat qiyam qaldırmışdı. Tağı müəllim də o vaxt Moskvaya – dostunun, Moskva Metropoliteninin rəisinin ad gününə getmişdi. Sizə zəng olundu ki, MTN-ə tapşırıq verilib, gəl, camaatın pullarını qaytar. Həmin pulları qaytarmasan, səni tutacaqlar, MTN yoxlama aparır. Sözbəsöz deyirəm. De ki, sən yalan deyirsən. Bircə dəfə 2008-ci ildə Rəsulu yanınıza göndərmişəm. Rəhbərlik tapşırmışdı ki, MTN-ə kömək kimi dövlət idarələri bacardıqları qədər avtomobil ayırsınlar. Tağı müəllim dedi ki, mən maksimum 5 min pul verə bilərəm. Belə olmuşdu da söhbət? Özüm üçün istəməmişdim, MTN üçün. Ondan sonra sizi narahat etməmişəm. Siz işdən çıxandan 2 ay sonra camaat qiyam qaldırdı. Qardaşı uşaqları 4-5 milyon pulu yığıb. Ona görə də, biz onları çağırmışdıq. Siz bunları niyə demirsiniz? Elə oturduğum yerdə məni çağırdılar, oğlunun başına kisə taxacağıq, mənə pul gətir. Adam bir az düzünü danışar. Əvvəlcə çağırardım da. Mənə kim qadağan edəcəkdi ki?
T.Əhmədov: Əvvəl işləyirdim axı.
A.Çovdarov: Nə olsun işləyirdin? Qorxurdum səndən?
T.Əhmədov: Heç belə tapşırıq da olmayıb.
A.Çovdarov: Biləsiniz, nazirə də tapşırığı yuxarıdan vermişdilər. Çox gözəl bilirsiniz.
Hakim Həbib Həsənov: Özünüzdən heç nə uydurmayın.
A.Çovdarov: Uydurmuram, ay kişi. Mağazalarda camaat qiyam qaldırmışdı, yolları kəsmişdilər. Bizə dedilər araşdırın, araşdırdıq. Mən o qədər savadsızam ki, hakimin başına kisə keçirim?
Hakim Həbib Həsənov: Əhmədov, gedə bilərsiniz.
Vəkil Kamandar Nəsibov: Hara gedə bilər? Suallarımız olacaq hələ. İfadəsi elan olunmayıb.
Hakim Həbib Həsənov: Get, Əhmədov, get.
Məhkəmə iclasının ikinci hissəsi barədə geniş reportajı növbəti yazımızda nəzərinizə çatdıracağıq.
Virtualaz.org