Dubayda yaşayan Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın azyaşlı övladı Ceyla Bağırovanın Azərbaycan vətəndaşı olan atası Davud Bağırov tərəfindən qeyri-qanuni şəkildə Bakıya gətirilməsi və bununla bağlı aparılan məhkəmə prosesləri barədə sensasion faktlar üzə çıxıb.
BakuPost.az-a daxil olan məlumata, qırğız qadının keçmiş əri, azərbaycanlı Davud Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Uşaq problemləri şöbəsinin müdiri olan Cəmilə Bağırovanın qardaşıdır. D.Bağırovun uşağı ölkəyə oğurlayaraq gətirməsi, burada isə müəyyən hüquqi prosedurları öz xeyrinə həll etməsində məhz bu yaxın qohumluq əlaqəsinin böyük rolu olub.
Əvvəlcə o barədə məlumat verək ki, Merim Beyşekeyeva ilə Davud Bağırov 2011-ci ildə Dubay məhkəməsinin qərarı ilə boşanıblar. Ceyla isə 2012-ci il noyabrın 2-də ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanaların birində dünyaya gəlib. O, Amerika vətəndaşıdır.
Ancaq cütlüyün boşanmasından sonra uşağın valideynlərdən hansında qalması ilə bağlı mübahisə başlayıb. Dubay məhkəməsi Ceylanın anası Merimdə qalması barədə qərar çıxarıb.
Ancaq uşağın atası Davud maddi imkanları ilə yanaşı komitədə işləyən bacısı C.Bağırovanın səlahiyyətlərindən istifadə edərək, Ceylanı qanunsuz şəkildə Dubaydan Bakıya qaçırıb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hakim Nürəddin Bağırov Ceylanın atasında qalması ilə bağlı qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Yəni Dubay Məhkəməsinin qərarına məhəl qoyulmayıb.
Səbail Rayon Məhkəməsinin hakimi Nürəddin Bağırovun ötən ilin 28 aprel tarixində çıxardığı qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya məhkəməsinin 15 mart 2017-ci il tarixində çıxarılmış qərardadından kassasiya şikayəti verilib. Ali Məhkəmənin iclası 30 iyuna təyin edilib.
Davud "tanış qadını” öyrədib ki...
Proseslərin detalları barədə BakuPost.az-ın suallarını cavablandıran uşağın anası M.Beyşekeyevanın hüquqi nümayəndəsi, vəkil Abdulla Əfəndizadə D.Bağırovun bacısı C.Bağırova ilə birlikdə Dubaydan uşağı qaçırarkən qırğız qadının başına açılan dəhşətləri danışıb.
A.Əfəndizadə qeyd edib ki, D.Bağırov qızı M.Beyşekeyevadan almaq üçün ona təzyiqlər etməyə başlayıb, gözdən salmağa çalışıb, fahişə obrazını yaratmaq istəyib ki, məhkəmə uşağı anasına verməsin:
"Davud ifadəsində qeyd edir ki, guya, Merimin Dubayda hotellərin birində əcnəbi bir kişi ilə birgə olduğu müəyyən edilib. Əcnəbi kişi ilə münasibətlərini təsdiq edən səs yazısı və polis tərəfindən həmin məsələnin araşdırılmasını təsdiq edən sənəd də var.
Davud qəsdən demir ki, o, Merimin yanına qonşu adı ilə öz yaxın "tanış qadını olmuş”Zarina Jakşenbayeva adlı yüngül əxlaqlı qadını göndərib ki, Merimi yoldan çıxarsın, əxlaqsızlığa cəlb eləsin. Bu baş tutmayanda başqa vasitələrə əl atılır. Merim 1 oktyabr 2015-ci il tarixdə saat 16:00-dan sonra hotelə bir biznesmenlə iş ilə bağlı söhbətə gedir. Zarina dərhal gizlicə Davuda, o da polisə zəng vuraraq Merimi güdüblər.
Lakin Merim vaxtı ilə bir bankda birlikdə işlədiyi həmin biznesmenin hoteldə otağında yox, foyedə görüşərək ondan bank işinə düzəlməkdə köməklik göstərməsini xahiş edib”.
"Merim kişilərlə olub, içki, narkomaniya...”
A.Əfəndizadə əlavə edib ki, Davudun israrlı tələblərindən sonra Dubay polisi həmin hotelin biznesmenin qaldığı otağın yanındakı foyeyə girdikdə böyük bir masanın bir tərəfində Merim, digər tərəfindəsə həmin biznesmenin oturduğunu, söhbət etdiklərini görüb:
"Lakin Davudun israrlı tələblərindən sonra həmin yerə müxtəlif ixtisaslar üzrə bir neçə ekspertlər dəvət olunublar.
Lakin onlar da elə ilk araşdırmada həmin biznesmenlə Merim arasında heç bir yaxınlığın olmadığını müəyyən ediblər.
Lakin Davud növbəti ittihamlarla çıxış edərək Merimin müxtəlif kişilərlə münasibətlərinin olduğunu, yüngül həyat tərzi keçirdiyini, içki aludəçisi, narkoman olmasını, buna görə də qızının onun himayəsində qalmasının yolverilməz olduğunu bildirir.
Bu səbəblərdən 1 oktyabr 2015 il tarixində saat 19:00-dan sonra Merim Beyşekeyeva polis idarəsinə aparılaraq ətraflı izahatı alınır, ona 4 ekspertiza: 1) ginekoloji; 2) dəri-zöhrəvi; 3) narkomaniya; 4) alkoqolizm təyin olunur”.
Cəmilə Bağırova
Uşaq oğurluğunda komitə işçisi və anası
Vəkilin sözlərinə görə, həmin dörd ekspertizalardan rəy gələnə qədər Merimi ayrı bir otaqda saxlayırlar: "1 oktyabr 2015-ci il, həftənin cümə axşamı olur, BƏƏ-də cümə və şənbə günləri iş günü deyil.
Bu fürsətdən istifadə edən "əsərin qəhrəmanı”Davud Bağırov anası Ramidə ilə bacısı Cəmilə Bağırovaya (komitənin işçisi – red.) dərhal məlumat verir.
Anası ilə bacısı da dərhal 2 oktyabr 2015-ci il tarixdə gecə reysi ilə Bakıdan Dubaya uçurlar. Onlar dərhal Jakşenbayeva Zarina vasitəsilə azyaşlı Bağırova Ceylanı oğurlayırlar.
2 oktyabr 2015-ci il tarixdə axşam vaxtı isə həmin dörd ekspertizaların hamısından müsbət rəy alınır.
Hətta ginekoloji ekspertizadan bildirilir ki, Merimin ən azı bir ilə yaxın müddətdə heç bir intim münasibəti olmayıb.
2-3 oktyabr 2015 il tarixləri iş günləri olmadığından Merim polis idarəsində onun üçün ayrılmış hər bir şəraiti olan xüsusi otaqda qalır.
Xoşbəxtlikdən 3 oktyabr tarixdə səhər saat 08:00 radələrində prokuror idarəyə gəlib iş materialları və ekspertizaların rəyləri ilə tanış olub.
Merim Beyşekeyevanı da 15 dəqiqə ərzində dinləyib, saat 08:30 üçün azad edilməsiylə əlaqədar göstəriş verir”.
Vəkil "Bandotdel”ə niyə çağırılır?
A.Əfəndizadə sonrakı prosesi belə nəql edir: "Bundan xəbər tutan Davudun anası Ramidə, bacısı Cəmilə çıxış yolunu Dubaydan qaçmaqda görürlər.
Buna görə onlar Azərbaycan Respublikasının Dubay Əmirliyindəki Baş Konsulu – çox yaxın qohumları olan Pərvizin yanına gəlirlər ki, viza alsınlar.
Azyaşlı Bağırova Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan baş konsul onun Azərbaycana daxil olması üçün vizanın vacib olduğunu, mütləq anasının razılığı alınmasını tələb edir.
Belə halda onlar Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında viza rejimi olmadığından istifadə edərək 3 oktyabr 2015-ci il tarixində saat 12:16 reysi ilə İstanbula uçurlar.
Cəmilə İstanbuldan 5 oktyabr 2015-ci il tarixində gecə reysi ilə, Davud, anası və azyaşlı Ceyla isə 7 oktyabr 2015-ci il tarixində saxta sənədlər düzəltdirdikdən sonra Bakıya gəlirlər.
20 iyun 2017 il tarixdə verdiyim sorğuda DSX tərəfindən verilən 7 aprel 2017 il tarixli cavab məktubuna diqqət yetirdikdə onların giriş-çıxışları aydın görünür.
Bütün bu məsələlərlə bağlı araşdırma apararkən "Bandotdel”dən mənə zəng olunur və ora dəvət edilirəm. Səbəbini soruşduqda bildirilir ki, Davud Bağırovun şikayəti əsasında çağırılmışam.
DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məsul şəxsləri ilə görüşdüm, onlar xahiş etdilər ki, bu məsələ mətbuata çıxmasın və Davud Bağırovla razılığa gəlim. Bu söhbətdən 5 dəqiqə sonra Davud həmin idarədə "peyda” olur.
Sonra mənimlə görüşüb axşam restorana dəvət etdi. 13 mart 2017-ci il tarixdə axşam biz restoranda həm Davudla, həm ona nümayəndə və vəkili olmuş Azər Quliyevlə görüşüb söhbət etdikdə məndən məqalələrin çap olunmaması istənildi və söz verdilər ki, bu halda 15 mart 2017-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasda işə mahiyyəti üzrə baxılmasında heç bir problem olmayacaq”.
Qırğızıstanda həbsə hazırlıq
A.Əfəndizadə bildirir ki, Merim 2014-cü ilin avqustundan 2017-ci ilin 5 fevralınadək Azərbaycan Respublikasının ərazisində olmayıb.
Bu barədə onun ümumvətəndaşlıq pasportuna Dövlət Sərhəd Xidməti tərəfindən vurulan möhür qeydlərinin notariat qaydasında təsdiq edilən surəti təqdim edilib.
"Həmçinin tərəfimdən apellyasiya instansiyasında vəsatətlər verilsə də, məhkəmə həmin vəsatətimi rədd edib.
Ümumvətəndaşlıq pasportunun notariat qaydasında təsdiq edilən surətini məndən alsa da bu barədə çıxarmış olduğu Qərardadda məlumat verməmişdi. Məhkəmə iclas protokolları ilə tanış olmağa qəsdən imkan yaratmamışdı, imtina etmişdi.
1 iyun 2017-ci ildə bu iş üzrə iddiaçı Bağırov Davud Moskvadan həm Merim Beyşekeyevaya, həm də mənə mobil telefonla zənglər vurub, hədə-qorxu gəlib ki, inzibati məhkəmədə olan işi uduzacaqsınız, icraatınızda olan işi, bir də ünsiyyət hüququ ilə əlaqədar olan işləri uduzmalıydıq.
Daha sonra Bağırov Davud bildirmişdi ki, Merimi Qırğızıstanda həbs gözləyir, artıq lazımi adamlarla razılaşıb”, - deyə A.Əfəndizadə bildirib.
Arvadının internetdə şəkillərini yayıb
Bundan əlavə, Merimin vəkilinin araşdırması əsasında məlum olub ki, bu yaxınlarda Davud Bağırov keçmiş arvadının adına saxta profil açıb: "Onun əxlaqsızlıqla məşğul olduğuna dair özü elan verib.
Çox pis pozlarda montaj olunmuş şəkillərini buraxdırmışdı. Həmçinin saxta ittihamın verilmiş olmasına az qala nail də olub.
Bütün bunlar 17 iyun 2017-ci il tarixdə Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən rədd edilib.
Ancaq 17 iyunda Ali məhkəməyə gəlib, iş materialları ilə tanış olduqda Apellyasiya instansiyası tərəfindən ümumvətəndaşlıq pasportunun notariat qaydasında təsdiq edilən surətini görmədim. Həmçinin bu barədə məhkəmə iclas protokollarında qeydlərin olmadığına da rast gəldim.
Habelə, Azərbaycan XİN tərəfindən 2017-ci ilin yanvar ayının sonlarında Qırğızıstan XİN-ə göndərilmiş, Qırğızıstan XİN-i tərəfindən də 2017-ci ilin fevral ayında Merim Beyşekeyevanın elektron poçtuna göndərilən məlumatlar, Səbail Rayon Məhkəməsinin qətnaməsi iş materiallarından "yox edilib”.
"Davudla vəkili dedi ki, nahaq pulu götürmədin”
Vəkil qarşı tərəfin onunla danışıqlara getməsinin detallarını da açıqlayıb: "17 aprel 2017-ci il tarixdə Bağırov Davud və vəkili Quliyev Azər Səbail Rayon Məhkəməsinin binasında mənimlə açıq söhbət etdi ki, nahaq yerə mənə təqdim edilən "pul mükafatlarını” almamışam.
Davud da bilir ki, haqsızdır. Ancaq bununla belə o, uşağı heç cür vermək fikrində deyil. Mənə də məsləhət bilir ki, özümü yormayım, onsuz da onlar yuxarı şəxslərin vasitəsilə məhkəmələrlə "anlaşmış olaraq” məsələni öz xeyirləri üçün həll etməli idilər.
Daha sonra mənə təklif etdi ki, Merim Beyşekeyevanı qorxudum ki, bu fikirlərindən əl çəksin. Belə halda Davud Bağırov Merim Beyşekeyevaya yol pulu verər ki, o, on gündən bir, bir günlüyə gəlib Ceylanı görüb getsin. Təbii ki, mən bu qanunsuz və təhdid fikirlərlə razılaşmadım”.
Merimin anası dayədir, yoxsa...?
İşin maraqlı məqamı həm də budur ki, Davud Bağırov qayınanası Baktıgül xanım haqda nalayiq ifadələr səsləndirməklə yanaşı A.Əfəndizadəyə deyib ki, guya qadın xaricdə dayə işləyib.
Vəkil bu söhbəti araşdırdıqda məlum olub ki, Merimin anası qırğız, atası qazax millətinin nümyəndələridirlər. Eyni zamanda atasının anası isə rus və yəhudi millətinin nümayəndələrindəndir.
Maraqlısı odur ki, Merimin anası Baktıgül xanım 80-ci illərin sonlarında Qırğızıstanın Mərkəzi komitəsində məsul vəzifələrdə, SSRİ dağıldıqdan sonra Qırğızıstanın Prezident Administrasiyasında və XİN-də məsul vəzifələrdə çalışıb.
Ölkə rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülüb, diplomatik kanallara sahibdir, hazırda Fransada yaşayır.
Hicran Hüseynovanın Milan xahişi
Maraqlı məqam həm də ondan ibarətdir ki, Baktıgül xanım Fransaya köçməzdən əvvəl İtaliyada yaşayarkən Davudun bacısı Cəmilə Bağırova ona zəng edib.
O, işlədiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İtaliyanın Milan şəhərində yaşayan qızının körpəsi üçün dayə tapmaqda Davudun qayınanası Baktıgül xanımdan köməklik göstərməsini xahiş edib.
A.Əfəndizadənin sözlərinə görə, bu faktın özü komitə sədri H.Hüseynova ilə işçisi C.Bağırova münasibətlərin nə dərəcədə yaxın olduğunu ehtiva edir:
"Hicran Hüseynova Cəmiləni işində saxlayır və uşaq oğurluğu barədə münasibət bildirmir. Ona görə də Cəmilə Bağırova imkanlarından istifadə edərək qardaşı qızının anasında qalmasına imkan vermir”.
Vəkil uşağın vətəndaşı olduğu ABŞ-nın ölkəmizdəki səfirliyindən, beynəlxalq təşkilatlardan məsələyə reaksiya gözləyir: "Pisi odur ki, bir-iki dələduza görə dövlətimizin adı bədnam olacaq. Bir neçə vaxtdan bu adamlarla bağlı dəhşətli faktların şahidi olacağıq. Davud Bağırov və digərləri bir neçə xarici ölkələr tərəfindən barələrində cinayət işləri başlanaraq, beynəlxalq axtarışa veriliblər, onların ekstradisiyası tələb olunacaq”.
Dubayda arvadını güddürür və...
Vəkilin sözlərinə görə, 24 iyunda musavat.com-da işıq üzü görmüş "Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” adlı məqalədə uşağın atası D. Bağırov özünü təmizə çıxarmaq istəyib və Merim Beyşekeyevaya və şəxsən ona böhtan atıb:
"Bu yazını yazmaqda kömək edən şəxs isə Bağırovun nümayəndəsi və vəkili, Vəkillər Kollegiyasının üzvü, 11 saylı Hüquq Məsləhətxanasının müdiri olmuş Azər Quliyevdir”.
A.Əfəndizadə bildirir ki, hələ 13 mart 2017-ci il tarixdə restoranda söhbət zamanı Bağırov Davud ona rüşvət təklif edib: "Dedi ki, nə qədər pul istəsəm verəcək, təki mən apellyasiya şikayətindən imtina edim, yaxud da onu bilə-bilə uduzum.
Hətta mən zarafatla soruşdum ki, "100.000 (yüz min) istəsəm verərsən”, o mənim sözlərimə inanıb gülə-gülə bildirdi ki, yüz min yox, ancaq otuz min verməyə hazırdır.
Mən isə bildirim ki, zarafat edirəm, hətta 200 min də versəydi razılaşmazdım.
Ən əsası, 13 martda razılaşdıq ki, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılsın, ancaq onlar 15 mart 2017-ci il tarixində vəsatət qaldırdılar ki, apellyasiya şikayətimiz mümkünsüz hesab edilsin.
Çünki mən razılaşmadığım halda həmin pullar sayəsində o, məhkəmədə işi udmalı idi. Bilirəm ki, onun bacısı Cəmilə öz adamları vasitəsilə bu işi həll etmişdi.
Mən hətta bir az da özümü guya onunla razılaşmış kimi göstərib gülə-gülə ondan soruşduqda ki, bəs Səbail rayon Məhkəməsində belə bir əsassız iddanın əsassız təmin edilmiş olması üçün nə qədər pul veriblər, Bağırov Davud "Məhkəmənin sədrinə 7.000 (yeddi min) manat pul verilmişdi” deyə cavab verdi.
Mənə təklif etdi ki, hüquqlarını müdafiə etdiyim Merimi qorxudum ki, Azərbaycana bir daha gəlməsin, yoxsa onlar hüquq-mühafizə orqanları ilə əvvəlcədən danışaraq onu həbs etdirəcəklər.
"Davud bu suallarıma cavab versin”
A.Əfəndizadə Ali Məhkəmə hakiminə müraciət də edib. O, hakimdən Davud Bağırov, onun bacısı Cəmilə Bağırova və havadarlarının xahişlərindən imtina etməsini, qanuni qərar çıxarmasını xahiş edib. Bundan başqa, Davud Bağırovun ünvanına bir neçə sual səsləndirib:
"1) Merim azyaşlı Ceylanı Nyu-Yorkda dünyaya gətirərkən Davud Dubayda olub. Merim və qızı doğumdan sonra 13 yanvar 2013-cü il tarixədək Nyu-Yorkda qalıb. Merimin doğum şəhadətnaməsi, pasportu və s. öz yanında olduğu halda Davud necə Merimin və azyaşlının adına olan tibbi sənədləri Azərbaycana göndərib və üstəlik Səbail rayon Qeydiyyat Şöbəsi uşağın adına 12 dekabr 2012-ci ildə tarixdə 1479-cu nömrə ilə doğum şəhadətnaməsi verib?
2) Səbail Rayon Məhkəməsində Merimin xəbəri olmadan, qəyyumluq və himayəçilik orqanları cəlb edilmədən cəmi 1 iclasda necə qətnamə çıxarılıb?
3) Özünün müraciəti əsasında çap edilmiş məqalədə o qeyd edib ki, Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 28 aprel 2016-cil tarixli qətnaməsi qanuni olaraq qüvvədədir. Qeyd edim ki, həmin qətnamədən verilən apellyasiya şikayəti məhkəmənin özü tərəfindən qəbul olunub və apellyasiyaya göndərilib. Baxmayaraq ki, apellyasiya baxılmasını qeyri-mümkün sayıb, amma Ali Məhkəmə 30 iyunda həmin qərardaddan şikayətə baxacaq.
BakuPost