İŞİD uzun müddətdir türkman şəhəri olan Kərkükə hücum üçün hazırlıq aparır.
Publika.az xəbər verir ki, İraq kəşfiyyatı İŞİD-in Kərkükə sızmağa başladığı və yaxın tarixdə böyük hücum həyata keçirəcəyi haqda məlumatı şəhər valiliyinə göndərib.
“Türkiye” qəzeti yazır ki, ABŞ və Bağdad hakimiyyəti PKK-nı Sincarda olduğu kimi Kərkükə də gətirmək üçün İŞİD-in şəhərə hücumuna göz yumacaq.
Qəzetin əldə etdiyi kəşfiyyat məlumatına görə, İŞİD Kərkükə türkman bölgəsi və kürd peşmərgə güclərinin olduğu iki nöqtədən hücum edəcək: “Bölgəyə ağır silahların gəlməsinin qarşısını almaq üçün terrorçular Kərkük-Bağdad yolunu bağlayacaq. Kəşfiyyat məlumatlarına görə, hazırda 70 İŞİD-çi şəhər mərkəzinə sızıb. Kənardan hücum başlayanda bu terrorçular mərkəzdə strateji yerlərə hücum edəcəklər. Kərkükün yaxınlığındakı Havice qəsəbəsi hazırda İŞİD-in nəzarətindədir. Qəsəbədəki terrorçular İraqın keçmiş lideri Səddam Hüseynin ordusunda döyüşmüş əgərlərdir. Onlar bölgəni çox yaxşı tanıyırlar. ABŞ və Bağdadın baş verənləri susqunluqla qarşılamasının əsas səbəbi Haşdi Şabi və PKK-nın şəhərə girməsini təmin etməkdir”.
SSENARİ: İŞİD Kərkükə hücum edir və PKK ilə Haşdi Şabi şəhəri terrorçulardan təmizləyərək, qəhrəmana çevrilir. Bu, həm də onlara şəhərdə qalmaq hüququ verir.
İŞİD-in Kərkükə hücum edəcəyi xəbəri şəhərin türkman, kürd və ərəb əhalisini narahat edir. Xüsusilə türkmanlar təhlükə altındadır. Çünki kürdlərin təhlükəsizliyini qoruyacaq peşmərgə gücləri, ərəblərin isə Sahva ordusu var. Türkmanların (Kərkükdə yaşayan türkmanlar Azərbaycan əsilli sayılır-red) isə heç bir hərbi birliyi yoxdur.
Asif