Sumqayıtda 12 nəfəri zəhərləyən naməlum qaz: Baş həkim də onun nə olduğundan xəbərsizdir

20-07-2017, 13:20   

Son günlər Sumqayıt şəhərində kütləvi zəhərlənmələr qeydə alınır. Ötən aylarda içməli sudan zəhərlənmə, daha sonra qida zəhərlənməsi ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı artıb. Ötən gün axşam saatlarında Sumqayıtda daha bir kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı ərazisində yerləşən zavodlara yaxın yerdə baş verib. Yayılan xəbərdə bildirilir ki, ərazidən keçən 12 nəfər zəhərlənib.

Cebhe.info məsələyə aydınlıq gətirmək üçün “Azərkimya” İstehslaat Birliyi ilə əlaqə saxlamağa çalışsaqda, cəhdlərimiz baş tutmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında hadisənin detallarından xəbərsiz olduğunu bildirib. Sumqayıt şəhər 1 saylı və Sumqayıt şəhər 2 saylı xəstəxanasından isə bildirilib ki, bu cür zəhərlənmə ilə əlaqədar onlara bir sutka ərzində heç bir məlumat daxil olmayıb.

Sumqayıt Şəhər Səhiyyə şöbəsinin baş həkimi Nəriman Baxşəliyev Cebhe.info-ya açıqlamasında hadisənin detalları haqda məlumat verib. O bildirib ki, Politrin zavodu təmir prosesində olduğundan qazsızması baş verib. Qaz boru kəmərlərində gedən təmir 19 nəfərin zəhərlənməsinə səbəb olub: “Qaz-boru kəmərlərində aparılan təmir zamanı adətən qazsızma baş verir. Hadisə bu gecə 00:30 radələrində qeydə alınıb. Dəqiq bilinmir bu hansı qazdır. Şabrandan gələn bir qrup şəxs ərazidən keçərkən özlərində ürəkbulanma, başgicəllənmə hiss ediblər. Zəhərlənmə olmayıb. Onlardan 7-si uşaq, 12-si isə böyük olub. Həmin şəxslər biraz xoflanmışdılar. Dərhal ilkin tibbi yardım göstərilərək xəstələr evə buraxılıblar”.

N.Baxşəliyevin sözlərinə görə, həmin şəxslərin bir qismi Təcili Yardım Xəstəxanası, azyaşlılar isə Uşaq Xəstəxanasına yatırılıb.

Nigar Cahid
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.