İŞİD terror təşkilatı Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” agentliyi xəbər verib.
* * *23:20
Kataloniya hökumətinin televiziya ilə xalqa canlı müraciətində bildirilib ki, terror aktı nəticəsində Barselonada 13 nəfər həlak olub, 90 nəfər yaralanıb.
* * *22:53
Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri polislə atışma zamanı güllələnərək öldürülüb.
Yerli “La Vanguardia” nəşrinin yazdığına görə, bu barıdə hələlik rəsmi məlumat verilmir.
Digər şübhəli – Drissa Ukabir saxlanılıb.
* * *22:01
Yerli mətbuatın bildirdiyinə görə, Barselonada terror aktını törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb. Onun adı açıqlanmır.
Terror aktında yaralananların sayının 32-yə çatdığı qeyd olunur. Başqa mənbəyə əsasən, xəstəxanalara çatdırılmış yaralıların sayı 50 nəfərdən çoxdur.
* * *21:25
Yerli mətbuat yazır ki, təxminən iki ay bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kataloniya polisinə Barselonanın mərkəzi küçələrindən birində terror aktının ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Eyni zamanda, insanların üzərinə sürülmüş mikroavtobusun sürücüsünün fotoşəkli yayımlanıb. Onun 170 sm boyunda bir şəxs olduğu deyilir.
Sürücü qaçıb gizlənə bilib. Digər iki terrorçu türk restoranına daxil olaraq, orada olanları girov götürüblər.
İspaniyanın “El Pais” nəşri yazır ki, Barselonanın ən çox insan toplaşdığı turistik zonasında mikroavtobus 530 metr məsafədə insanları vura-vura irəliləyib.
Bundan sonra terrorçular yaxınlıqdakı türk restoranını ələ keçiriblər.
Terrorçulara qarşı polis əməliyyatı başlayıb, restoran mühasirəyə alınıb.
* * *20:59
Yerli radionun bildirdiyinə görə, Barselonanın turizm bölgəsində törədilmiş terror aktında ölənlərin sayı 13 nəfərə çatıb.
Terrorçuların ələ keçirdiyi türk restoranı polis tərəfindən mühasirəyə alınıb.
* * *20:45
Hadisə şahidinin paylaşdığı videoda Barselonanın küçələrində silahlı şəxslərin hərəkət etdiyi görünür.
Bildirilir ki, terrorçular insanlara avtomobillə hücum etdikdən sonra yaxınlıqdakı türk restoranında bir neçə şəxsi girov götürüblər.
Terakt nəticəsində 5 nəfərin öldüyü deyilir.
* * *20:30
"The Daily Mail" nəşri xəbər verir ki, terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
"Hürriyet" yazır ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində xeyli sayda yaralananın olduğu bildirilir.
Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.
Hadisənin terror hücumu olub-olmadığı ilə bağlı hələlik heç bir məlumat verilmir.