Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
Əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin Əli Həsənovun nəvəsini tərifləməsi cəmiyyətdə etirazla qarşılandı.
Astan Şahverdiyevi baş nazirin müavinini, eləcə də, “Qaçqınkom”un sədrini müdafiə etməyə nə vadar edirdi?
Avropa.info-nun əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazlar üçün məhz baş nazirin müavini Əli Həsənova borcludur. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib.
Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.
Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi. Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.
Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, məlum hadisələrlə bağlı hal-hazırda həbsdə olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə, Əli Həsənovun himayəsi altında bütün qohum-əqrəbalarına vəzifə verdirən Astan Şahverdiyevin Əli Həsnovu müdafiə etməsində səmimiyyət yox, digər amillərin olduğu ortaya çıxır.