Referendumun 1 ili: vitse-prezidentlərin təyin olunmamasının pərdəarxası -ÖZƏL Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin bir ili yaxınlaşır. Siam.Az-ın Siyasət Şöbəsi yazır ki, 1 il ərzində yalnız 1-ci vitse-prezident postuna təyinat oldu.
Lakin vitse-prezidentlər postu 1 ildir ki, boş saxlanıb. Bu vəzifələrə təyinat olmamasının müxtəlif səbəbləri var. Bəzi analitiklərin fikrincə, təyinatlar 2018 seçkilərinin nəticələri açıqlandıqdan sonrakı dövrə saxlanıb.
Bunun əksini iddia edənlər və bu yaxınlarda deputat Zahid Oruc tezliklə vitse-prezidentlərin təyin ediləcəyini açıqlamışdı. Deputat Vahid Əhmədov da apreldə təyinatlar olacağını söyləmişdi. Hələ ki proqnozların heç biri doğrulmur.
İlk növbədə hakimiyyət daxilində gedən intriqalar, qarşıdurmalar dərinləşir. Belə mürəkkəb siyasi şəraitdə vitse-prezidentlərin təyin olunacağı gözlənilən deyil.
Hakim komanda içərisində müxtəlif qruplaşmalar öz mövqelərini möhkəmləndirməyə, öz güclərini nümayiş etdirməyə çalışırlar, vitse-prezident postuna kadrlarını yerləşdirmək üçün dəridən-qabıqdan çıxırlar.
Bu maraqların təmin olunması və balansın qorunması üçün prezident İlham Əliyevin daxildəki konfliktlərin səngiməsini gözlədiyi müşahidə edilməkdədir. Ona görə də 1 il bu postlara kadrlar təyin edilmədi.
Hətta bəzi nazirlər və komitə sədrləri vitse-prezident təyin olunmaq üçün səfərbər olmuşdular. Amma onların cəhdləri boşa çıxdı və ambisiyalarının fısı yatdı.
Bununla belə, 2018 seçkilərinin hakimiyyət daxili mübarizədə həlledici mərhələ olduğunu nəzərə alsaq, vitse-prezidentlərin təyinatında hansı klanın qalib çıxdığını müəyyən etmiş olacağıq.
Yəni, referendum əslində qanunlara düzəliş və dəyişilikdən daha çox bir qruplaşmanın digəri üzərində de-fakto qələbəsiydi.
Bu məğlubiyyətin cavabı və revanş hazırlığı məhz referendumun nəticələrindən sonra görünməyə başladı.
Köhnə qvardiya iqtidarda mövqelərinin zəifləməsinə cavab olaraq siyasi həbslərə başladı, 5-ci kolon fəallaşdırıldı, anti-Qərb ritorikası gücləndirildi. Beləliklə, referendumdan bir il ötsə də, referendum savaşı bitməyib.
Siam.Az-ın Siyasət Şöbəsi yazır ki, referendum ölkənin siyasi həyatında dəyişikliklərə, daxili çəkişmələrdə müəyyən həmlələrə səbəb olsa da, xalqın həyatında, iqtisadi sferada müsbətə doğru ciddi irəliləyişlərə gətirib çıxarmadı. Postneft dövründə müxtəlif sahələrdə kosmetik işlər gerçəkləşdi, pambıq, barama, tütün əkilməsinə başlandı, turizm sektorunda “ərəb baharı” başladı.
İqtisadi blokda banklar bağlandı, iş yerləri azaldı, bahalaşma və benzinin qiymətinin qalxması xalqın güzəranını ağırlaşdırdı.
Nəzərə almaq lazımdır ki, indi 2013-cü il deyil. Ən azı həmin dövrdə ölkədə iqtisadi böhran və manatın qətliamı baş verməmişdi.
İnsafən, korrupsiya pulları dövr etdiyi və neft milyonlarının axdığı vaxtda əhaliyə ucundan-qulağından verirdilər.
İndi böhran iri pəncələri ilə ölkəni əzir, işsizlik, pulsuzluq, ixtisarlar, əyalətlərdə səfalət, yoxsulluq, yerli idarəçilikdəki özbaşınalıqlar, məmur balalarının durmayan harınlıqları, süründürməçilik, daxmalarda yaşayanların villalarda yaşayanlarla təbəqələşməsi böyük bir uçurum yaradıb.
Azərbaycan heç vaxt olmadığı qədər ağır sosial dönəm yaşayır. Hətta 90-cı illərdə də xalqın rifah halı bu qədər ağır deyildi. Çünki 90-larda kredit borcları, izafi xərclər, korrupsiya və dərəbəylik bu həddə deyildi.
Kimisinin övladı “Qalenvagen”lə adam öldürür, kimisi əhalini təhqir edir, hansısa deputatı camaatı qıcıqlandırır, hansısa millət vəkili daş daşımağa, az yeməyə çağırır və toxların aclara acıq verən çıxışları, hiddət yaradan sözləri böyük bir həyəcan təbilinin çalınmasına zərurət yaradıb.
Hakimiyyət yaxşı bilir ki, ölkədə sosial gərginlik getdikcə yüksəlir, seçkilər yaxınlaşır, ölkəni qarışdırmaq istəyən qüvvələr var, narazı elektoratı aktivləşdirmək həmin dairələrin əlində adi bir mexanizmdir.
Nə referendumdan sonra ciddi sosial islahatlar gedib, nə iş yerləri açılır, nə əmək haqları artırılır, əksinə bahalaşma hər gün davam edir, gəlirlər azalıb, xərclər çoxalıb.
Rayonlarda iş tapa bilməyib Bakıya axın edənlərin də qarşısı alınmır. Bunun üçün regionlarda iş yerləri açılmalıdır. Bu o deməkdir ki, addım atmır, nazirlərin və məmur korpusunun firavan həyatı ayaqlarının altını görməyə imkan vermir.
Sosial gərginlik isə bütün sferalarda qabarıq şəkildə həyəcan siqnalı çalır: intiharlar, qətllər, boşanmalar, depressiya, ümidsizlik, nifrət və qisas hissi, nazirliklərin, bankların qarşısında özünü yandırmağa cəhdlər...
Kəsəsi, 2018-ci il ağır gəlir, batman tərpənir, həyəcanın tappıltı səsləri eşidilir...
Siam.az
Samxal.