Allahşükür Paşazadə Çexiyada özünə mülk alıb, böyük biznes qurub
Şeyximizin də kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Bundan əvvəl bir çox azərbaycanlı məmurların da bizneslərini Çexiyaya daşıdıqları haqda məlumatlar yayılıb. Belə görünür ki, şeyx də məmur-oliqarxlardan geri qalmır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumat olub. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir.
Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.
Sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.
Sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.
“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".
Qeyd edək ki, A.Paşazadənin, onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus “Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı.
Bundan sonra Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. İtthama görə, Paşazadələrə məxsus “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir.
Yayılmış son məlumatlarla bağlı Paşazadələrin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Bununla belə, onların da mövqeyini dərc etməyə hazırıq.
E.HÜSEYNOV,
“Yeni Müsavat”