Klanlar savaşanda kiçik fiqurların kəlləsini qoparıb, kolleksiya düzəldirlər. Bu müharibə isə ilin ortasından açıq müstəviyə keçib. Bütün qanadlar özlərini de-şifrə edərək tatami üstündə şahmat taxtası qurublar.
Siam.Az Siyasət Şöbəsinə mötəbər qaynaqlardan sızan məlumatlarda iddia olunur ki, qruplaşmaların mübarizəsi getdikcə şiddətlənəcək.
Bunun gerçək səbəbləri hakimiyyət daxilində merkantil maraqların təzədən bölüşdürülməsi, qüvvələrin yerlərini möhkəmləndirməsi, seçkiqabağı “əzələ nümayişi” və aparıcı qanadın müəyyən edilməsidir.
Hələliksə qarşılıqlı mübarizə şəraitində keçən döyüşlərdə qalib tərəf görünmür. Çünki seçkilər bitənə qədər klanların savaşı davam edəcək.
Odur ki, həm Qafqazın Şeyxinin “vurulması”, həm prezidentin Nyu-Yorka olarkən “Turan” İnformasiya Agentliyinə qarşı Vergilər Nazirliyinin ləğv etdiyi sanksiyaları yenidən bərpa etməsi, Milli Şuranın mitinq təyinatı məhz köhnə qvardiyanın dirəniş jestləridir.
Ölkə rəhbərliyi ABŞ-da olduğu dövrdə özfəaliyyət siyasətinin yürüdülməsi ondan xəbər verir ki, klanların mübarizəsində ənənəvi qruplaşma itaətsizlik nümayiş etdirir.
Lakin bu siyasi şantaj strategiyası yeni həbslərlə müşayiət olunacaq. Sosial şəbəkələrdə, analitiklərin çıxışlarında da yeni həbslər dalğasının gözləntilərindən bəhs olunur.
Ciddi prosseslərin imitasiyası üçün genişmiqyaslı həbslər ehtimalı az deyil, özü də müxalifət və iqtidardan eyni proporsiya ilə müşahidə olunacaq.
Prezidentin Nyu-York səfəri zamanı təzyiq aparatının işə salınması, “Turan”ın və Şeyxin hədəfə alınması 5-ci kolon dəstəsinin Rusiyadan gələn təlimatlar əsasında fəaliyyət göstərdiyinə əminlik yaradır.
Və bu proseslər cərəyan edərkən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.
Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Siam.Az Siyasət Şöbəsi yazır ki, parael olaraq rus gəmiləri Bakı buxtasına gəlib. Prezidentin ABŞ-da olduğu tarixdə rus donanmasının Xəzərin Bakı sahillərinə gəlməsi bir ismarıcdır.
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Əlbəttə, protokol qaydalarına görə bu səfərlər planlaşdırıla bilər. Amma bu qədər təsadüflərin olması da inandırıcı deyil.
Əlbəttə, Rusiyanın indi heç vaxt olmadığı qədər qüdrətli və prinsipial oyunçuya çevrilməsi qonşularının onunla hesablaşmasını zəruri edir.
Amma Rusiya hakimiyyətində başa düşməlidirlər ki, Azərbaycan Rusiya üçün Ermənistanla müqayisədə qat-qat etibarlı və əlverişli tərəfdaşdır və Bakını çox incitmək də olmaz.
Amma bu sıxışdırmaların seçkilərə qədər davamı gözləniləndir. Hətta yeni namizədin ortaya çıxacağını YAP-çı deputatlar da dilə gətiriblər.
O baxımdan prezidenti ölkəni tərk edər-etməz 5-ci kolon fəallaşıb və bir yandan Şeyxə hücumlar, qudasının oğlunun həbsi, öz övladının ölkəni tərk etməsi, digər tərəfdən isə azad edilmiş Mehman Əliyevin rəhbəri olduğu “Turan”a qarşı vergi sanksiyalarının qaytarılması komanda daxilində qruplaşmaların çəkişmələrinin göstəriciləridir.
2018-ci il seçkiləri hakimiyyət üçün sırf geosiyasi maraqlar baxımdan əhəmiyyətli olacaq. Bu seçkidə ilk dəfə xalq və müxalifətin iştirakı sıfır səviyyəsində gözlənilir.
Əvvəlki illərdə müəyyən qədər daxili auditoriyanın təsiri var idisə, gələn ilki seçki geostrateji əhəmiyyət daşıyacaq.
Üstəgəl, Azərbaycanda seçkilərin taleyini ABŞ yox, Rusiya həll edir. Azərbaycanda prezident seçkiləri ərəfəsində Kremli qıcıqlandırmaq yanlış siyasət olardı.
SİAM.AZ
Samxal