Təhlükə Ziya Məmmədova yaxınlaşır: “boy göstərmək” istəyi klana baha başa gəlir

21-09-2017, 08:58   
Təhlükə Ziya Məmmədova yaxınlaşır: “boy göstərmək” istəyi klana baha başa gəlir
Sabiq nazirin ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılmasından sonra bacısının məktəbində yoxlamalar başladı; bu məsələ təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər...

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra sakit həyat yaşamağa başlayacağı gözlənilsə də, son günlər onun adı ətrafında qalmaqallı və müəmmalı proseslər baş verməkdədir. Məmmədovlar hakimiyyətdə etibarlarını itirdikdən sonra Z.Məmmədov vəzifəsini, qardaşı deputatlıq kürsüsünü, ailə biznesinə rəhbərlik edən oğlu Anar Məmmədov isə iddialara inansaq, Azərbaycanda yaşamaq hüququnu itirib. Vaxtilə ölkənin ən iri oliqarxı olan Məmmədovların biznes imperiyası daha əvvəlki kimi qüdrətli deyil, sözlərinin kəsəri qalmayıb.

Onlar isə bu durumla barışmır, imkan düşdükcə “boy göstərməyə” çalışırlar. Elə bu günlərdə Anar Məmmədovun ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılması da deyilənlərə sübut ola bilər. Yada salaq ki, iki ay əvvəl Elton Məmmədovun medianın yaxşı tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını etmişdi. Mərasimə şou-biznes nümayəndələrini dəvət edən Aynar Məmmədov daha böyük və ciddi layihələr həyata keçirmək gücünü itirsə də, hələ “ayaqda olduqları” mesajını verdi. Təsadüfi deyil ki, Məmmədovların qapıları aylardır bağlı olan “Yelkən hoteli”nin axşamlar rəngbərəng işıqları yandırılır ki, işləməyən bir obyektə bu qədər işıq pulu xərclənməsi özü maraq doğurur. Bunlar oxucu üçün xırda detallar kimi görünə bilər, Məmmədovlar üçün isə bu işıq özü belə təskinlikdir.



Aylardır ölkədə olmayan oğlunun bir müddət öncə facebook hesabında dibçəkdə əkilmiş narıncı meyvə şəklini paylaşması da müxtəlif reaksiyalar doğurmuşdu. Narıncı rəngin Azərbaycanda daha çox “inqilab”la assosiasiya olunduğunu yada salmaq kifayətdir... Yeri gəlmişkən, oğlu Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in fəaliyyəti ilə bağlı da indi informasiya almaq müşkülə çevrilib. Şirkətin qapısının bağlandığı, bəzi xəbərlərə görə isə fəaliyyətinin tam məhdudlaşdırıldığı, bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarıldığı da yayılan xəbərlər sırasındadır.



Sabiq nəqliyyat naziri “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxardığı artıq təsdiqlənmiş informasiyadır. Z.Məmmədov özü mediaya çıxmır, iki gün əvvəl isə jurnalistlərdən birinin sualına “siz açıqlama yox, bağlama alırsınız” deyərək telefonu qapatması sabiq nazirin motivasiyasının yerində olmadığına işarədir. Məmmədovlar hakimiyyətdən uzaqlaşdırılması ilə barışa bilmir və deyilənə görə, iqtidarda xeyli adamı “qara siyahı”ya da salıblar.



Z.Məmmədovun təhlükədən qurtula bildiyi haqda da iddialar var. Onun və müavini Arif Əsgərovun dəmiryoluna ayrılmış pulları necə korrupsiya yeminə çevirdiyi hazırda Strasburqda məhkəmə predmetidir. Məmmədovların “boy göstərmək” istədiyi bir vaxtda isə ailənin daha bir üzvünün adı ətrafında ciddi qalmaqal yaranıb. Belə ki, sabiq nazirin bacısının uzun illərdir rəhbərlik etdiyi “Tərəqqi” liseyində yoxlamalar başlayıb. Dünən gün ərzində bu mövzuda müxtəlif ziddiyyətli xəbərlər yayılıb. Məsələn, direktorun qardaşı Elton Məmmədov deyib ki, heç bir yoxlama-filan yoxdur, üstəlik bacısı da iş başındadır. Bakupost.az saytı isə yazıb ki, liseydə yoxlama başlamazdan əvvəl Təhsil Nazirliyinin məsul şəxsləri xanım direktora işdən çıxması ilə bağlı könüllü ərizə yazmasın tələb ediblər.


Əməkdar müəllim olan M.Məmmədova isə bunun üçün heç bir səbəb olmadığını göstərərək, ərizə yazmaqdan imtina edib. “Buna görə də nazirlik yoxlama ilə direktoru cəzalandırmaq, onu işdən çıxarmaq qərarını verib”, deyə, xəbərdə bildirilib.

Liseydən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin xeyli əməkdaşı yoxlamalara başlayıb, hətta həmin gün müəllimlərinin lisey ərazisini tərk etməsinə icazə verməyib. Onu rüşvətdə suçlamaq üçün lazımı materiallar toplandığı da gələn informasiyalar arasındadır.

M.Məmmədovaya yüksək qan təzyiqi ilə yaxınlıqdakı xəstəxanaların birinə getdiyi iddia olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında “Tərəqqi” liseyində araşdırma aparıldığını təsdiqləyib. C.Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb. M.Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C.Valehov bunu təsdiqləməyib. Bəzi saytlar isə direktorun işdən çıxarıldığını iddia edib.



İstənilən halda, dərs ili başlayan kimi vaxtilə şikayətlərə baxmayaraq kimsənin yoxlamaya cəsarət etmədiyi, M.Məmmədovanın isə özünü tam arxayın hesab etdiyi bir müəssisədə yoxlamalar başlaması diqqəti yenidən Z.Məmmədovun personasına yönəldib. Adətən hakimiyyət “vurulmuş” məmurların ətrafını o vaxt “təmizləyir” ki, o adamların ciddi yanlışları olur. Məmmədovların iqtidara dönüklüyü səbəbindən “vurulması” ən çox səslənən versiyadır. M. Məmmədovanın sonrakı taleyinin necə olacağı barədə birmənalı fikir yürütmək mümkün deyil. Amma fakt faktlığında qalır ki, Məmmədovlar “həm suçlu, həm də güclü” olmaq istəmələrinin bəlasını çəkirlər. Bu isə təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər.

Təhlükə şəxsən Z.Məmmədova doğru gəlir... Adlada biləcəkmi?

“YM”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.