Hakimiyyət 2018 seçkilərinə necə hazırlaşır? - Sensasion gizlinlər.. ÖZƏL Azərbaycan hakimiyyəti seçkilərə hazırlaşır. Yeni Azərbaycan Partiyası regionlarda təşkilat sədrlərini yeniləyib, ara-sıra namizədin kimliyi haqda açıqlamalar verilir, seçkilərdən danışılır.
Lakin 2013 seçkiləri ilə müqayisədə bu dəfə demokratik mühitin necə olacağı da önəmli mövzudur. Çünki son 5 ildə ölkənin siyasi həyatında və iqtisadi gündəmində böyük dəyişikliklər olub.
Elə bunun davamı olaraq "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanundan irəli gələrək Seçki Məcəlləsinə dəyişikliklər edilir.
Hazırda bununla bağlı işçi qrup səviyyəsində işlər aparılır. Seçki Məcəlləsinə dəyişiklik yaxın günlərdə müzakirəyə çıxarılacaq. Deməli, hakimiyyət seçkilərə erkən hazırlıq görməkdədir.
Və bu dəyişikliklər fəaliyyət azadlığını, seçkilərdə iştirak və təşviqat kampaniyalarının müddətini məhdudlaşdırmağa xidmət edəvək.
Siam.Az-ın Siyasət Bürosu yazır ki, iqtidar beynəlxalq siyasətdə seçki probleminin böyük qismini həll edib.
Hakimiyyətə ona qarşı təzyiqlərin kombinasiyalarını tanımaq təcrübəsinə malikdir. Prezidentin Nyu-Yorkda yəhudi təşkilatları ilə görüşü ciddi mesaj idi.
Eyni zamanda “Yeni əsrin müqaviləsi” də seçkilərin qarantiya alınması kimi qiymətləndirilməlidir. Bundan sonra seçkilərin təşkili formatı aktual olaraq qalır.
Müxalifətin resursları, Qərbin müəyyən dairələrinin verəcəyi dəstək, Rusiyadan təzyiqlər və xalqın iştirak forması...
Ölkədə siyasi paradiqmalar dəyişməyib. Müxalifətin proqramı və taktiki gedişləri ənənəvidir. Yenə eyni simalar, eyni təşkilatlar, sosial şəbəkə faktoru, media gücünün olmaması və s.
Üstəlik, müxalifət öləziymiş və dağınıq haldadır. Müsavat Partiyası Milli Şura ilə yollarını çoxdan ayırıb. İsa Qəmbər Əli Kərimli ilə ayrı-ayrı strateji seçimlər ediblər.
Bu da hakimiyyətin siyasi müxalifətlə mübarizəsini asanlaşdırıb. İqtidara qarşı güclü və vahid müxalif siyasi blok yoxdur.
Xalqın da ənənəvi müxalifətə olan inamı sarsılıb. Lakin bu faktorlar heç də hakimiyyəti arxayınlaşdırmır.
Əksinə, iqtisadi vəziyyətin ağırlaşması, məmur balalarının qudurğanlıqları, idarəçilikdə metastaz verən sahələr, özbaşınalıq hallarının çoxalması əhalini aqressivləşdirib. Bu vəziyyətdən ayrı-ayrı qüvvələr istifadə edə bilər.
Odur ki, 2018-ci ilin başlanğıcında hakimiyyət müəyyən yumşalma kursunu götürəcəyi şübhəsizdir.
Birinci növbədə dövlət qulluqçularının maaşları artırılacaq, müəllim və tibbi işçilərinə artım ediləcək, pensiyalar qaldırılacaq, müxalifətlə dialoq təşkil ediləcək, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək, müəyyən orta ranqlı məmurların həbsinə gediləcək.
Habelə, bəzi siyasi dustaqlar azad ediləcək, ardınca cəbhə xəttində vəziyyətin gərginləşməsi gözləniləndir. Hakimiyyət bu siyasi gedişlərlə seçkilərə qədər özünə olan aqressiyanı azaltmağı planlaşdırır.
Təbii ki, bunun əksini etdikdə də nəyisə dəyişmir. Sadəcə, Rusiya ilə olan problemlər qalır və hakimiyyət ehtiyat edir ki, 5-ci kolon öz fəallarının əli ilə narazı xalqı, yoxsullaşmış cəmiyyəti qarışdıra bilər.
Xalq hakimiyyətdən indiki qədər narazı olmamışdı. Və bu günkü qədər iqtidar seçkiyə bu reputasiya ilə getməmişdi.
2013-dən bəri çox dəyişikliklər olub. Həm xalqın əhval-ruhiyyəsi dəyişib, insanları aldatmaq və təəccübləndirmək olmur, həm sosial şəbəkələr ciddi şəkildə beyinlərdə inqilab edib.
İqtisadi vəziyyət gözlənildiyindən də ağırlaşıb, xalqa verilən vədlər puça çıxıb, neft pulları tükənib, dəbdəbəli layihələr, tikinti bumu, inkişaf nağılları sona yetib, indi baramaçılıq, tütünçülüyün ümidinə qalıb ölkə iqtisadiyyatı...
Ona görə də 2018-ci il seçkiləri hakimiyyət üçün bir qılın baldan seçilib çıxarılması qədər həssas və incə işdir.
Siyasi müxalifətin olmadığı bir vaxtda insanları heç nə ilə həyəcanlandırmaq olmur. Üstəlik, 5 il qabaqla müqayisədə indi məmur özbaşınalığı daha çox artıb. Bu qudurğanlıqlar kasıb zümrədən olanların həyatına son qoyur.
Bu vəziyyəti yetişdirən də mövcud komandadır və 2018 seçkilərində iqtidarın tərkibi tamamilə refreş olunmalıdır.
Yalnız siyasi “obnovit”lə real islahatlara getmək və köklü dəyişikliklərə nail olmaq mümkündür. Elə Azərbaycan xalqının ölkə prezidentindən gözləntisi də məhz bu islahatları reallaşdırmasıdır.
Yəni, 2018-dən sonra komanda təzələnməyə məhkumdur. Kor-kor, gör-gör ki bu heyət ölkəni də, hakimiyyətin özünü də uçuruma sürükləyir.
Ölkədəki hakimiyyət sosial problemlərin həlli ilə məşğul olmalıdır. Maşını isə yeniləmək vaxtıdır. Bu, həm idarəetmənin tələbidir, həm də cəmiyyətdən gələn sosial sifarişdir.
Siam.az
ŞAMXAL