Usubova qarşı nömrə kontrabandasının başında kim durur? - Dosye/Foto

26-09-2017, 08:41   



Son illərdə zərurətdən irəli gələrək Daxili işlər orqanı sistemində idarəçilik yenilənib, müasirləşdirilib və elektronlaşdırılıb.

anaxeber.info-ın məlumatına görə, daxili işlər naziri Ramil Usubov polis orqanlarında yeni idarəçilik modeli yaratmaqla bir çox neqativ halları aradan qaldırıb.
Vətəndaşların müraciətləri elektron məktublarla cavablandırılır, yol polis əməkdaşları protokolları tərtib edərək mərkəzi sistemə ünvanlayır, radar və s. informativ faktlar sürücülərin mobil telefonuna mesaj və yaxud elektron poçtuna məktub şəklində çatdırılır.
Artıq demək olar ki, yol polis əməkdaşının sürücünü saxlayıb əlbəəl pul alması, cərimələməsi, “xaş pulu” istəməsi halları yoxdur.
Onsuz da yol polisi radarlardan, yol hərəkəti qaydasını pozan sürücülərə yazdığı cərimələrdən faiz alır. Ona görə də yollarda özünü təhlükəyə ataraq rüşvət yığmasına lüzum qalmayıb.

O cümlədən post patrul xidmətində işləyənlərin əsassız yoxlamaları, qanunsuz saxlamaları, bulvarda və ya parklarda gəzən gənclərə, öpüşən yerdə tutduğu cavanlara ilişmələri, pul almaları hallarına demək olar ki, son qoyulub.
İndi rayon polis rəisləri, müavinləri və ya əməkdaşları barəsində ən kiçik fakt, şikayət belə araşdırılır, mətbuatda adı çıxan polis rütbəlisi haqda iddialar təftiş olunur.
Buna görə nazir tez-tez rəisləri dəyişir, sosial şəbəkəələrdə videosu yayılmış polis əməkdaşını dərhal işdən azad edir.
Amma R.Usubovun siyasi kursuna və idarəçilik metodlarına əhəmiyyət vermədən öz işini davam etdirən Bakı Dövlət Yol Polis İdarəsində şöbə müdiri, avtomobil nömrələrinin biznesini çiçəkləndirən, bundan varlanan, prezidentin Lənkərana son səfərində ona məxsus “Xəzər Palace” istirahət mərkəzi sahibkarlıq subyekti kimi dövlət başçısına təqdim edilən bir polis rütbəlisi Müşfiq Rəhimovdur.
DİN rəhbərinin idarəçilik prinsiplərini özünə şamil etməyən, R.Usubovun reputasiyasını hər gün zədələyən M.Rəhimov nömrə biznesini “talkuçka” alverinə çevirib.
M.Rəhimovun əsl vəzifəsi də gizlədilir. Onun Bakı Dövlət Yol Polis İdarəsində hansı şöbə müdiri olduğu da açıqlanmır.
Hətta ola bilsin ki, şöbə müdiri vəzifəsini daşımır. Sadəcə, idarəyə yaxınlaşan sürücülər bahalı nömrə, sürücülük vəsiqəsi almaq istədikdə sakit şəkildə M.Rəhimova işarə edilir.
Əslən lənkəranlı olan M.Rəhimov rayonda tanınmış, hörmətli bir kişinin övladıdır. Deyilənə görə, atasından ona Lənkəranın Kənarmeşə ərazisində geniş bir ərazi miras qalıb.

O da işlədiyi müddətdə qazancından əldə etdiyi pullarla həmin massivi daha da böyüdüb, yaxınlıqdakı yerləri də ayrı-ayrı şəxslərdən alaraq “Xəzər Palace” istirahət mərkəzi tikdirib.
Bu obyektin tikintisinə 10 milyona yaxın vəsait xərclənib. İddialara görə, iş adamı Mübariz Mənsimovun da istirahət mərkəzinin tikintisində payı var.
M.Rəhimovun bu yeri Lənkəranda məşhurdur və müştəri axını hər zaman müşahidə edilir. Dəniz kənarında yerləşən bu möhtəşəm istirahət mərkəzi M.Rəhimovun yaxınları tərəfindən idarə olunur.
Hətta xidmətçi personasını da özü seçdiyi deyilir. Bütün bunlar isə R.Usubovun idarəçilik metodlarına daban-dabana zidd ola nömrə biznesindən əldə olunan gəlir saəyəsində gerçəkləşib. Axı indiki dövrdə belə bir istirahət mərkəzini kim, hansı pulla inşa etdirə bilərdi?!

anaxeber.info-ın məlumatına görə, maşın nömrələri bazarında tariflər heç də rəsmi rəqəmlərdəki kimi deyil. Məsələn, baku.ws saytı xəbər verir ki, Pərviz Məmmədov adlı şəxsin DYP-yə yazdığı məktubda "333 444 222" tipli nömrə almaq istədiyini bəyan edib.
DYP-dən isə vətəndaşın müraciətinə cavab gecikməyib. Bildirilib ki, sürücü 500 AZN dövlət rüsumu ödəməklə "zerkalni" avtomobil dövlət nömrə nişanı ala bilər.
Amma P.Məmmədov və yaxud bir başqası idarəyə getdikdə heç də həmin nömrəni 500 manata ala bilmir. Çünki M.Rəhimovun təyin etdiyi tariflər çox yüksəkdir.
Bu qiymətlər 2000 manatdan 20 000 manata qədər qalxır. Əslində, nömrə biznesində M.Rəhimovun inhisarçı olduğunu söyləmək olmaz və görünür ki, şərikləri də var.
Amma onlar bu lənkəranlı balasını qabağa verərək adını nömrə alverçisi çıxarıblar. Nəticədə gözə girən də M.Rəhimov olur ki, R.Usubovun diqqət mərkəzindədir.
Fəqət, hələ də DİN rəhbərinin imicinə, reputasiyasına, iş prinsiplərinə, idarəçilik modelinə zidd olan bir fəaliyyətin mövcudluğu müəmmalıdır.
Mənbə bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girə bilmir.
Elə qapıdaca Aydın adlı köməkçi özü vətəndaşa yaxınlaşıb, onunla məsələni həll edir . Rəhimovun siyahısında ən bahalı nömrələr OO,TT, BB, və EE seriyaları ilə başlayanlardır.

18-20 manat olan həmin nömrələrin start qiymətləri isə 2500 manatdan başlayır. Digər seriyalı nömrələr isə müxtəlif qiymətlərə satılır. Cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə isə yaxın düşüləsi deyil.
Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 - 20 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 150 min manata qədər yüksələ bilər.
Əlbəttə, Azərbaycan polisi haqda xoşagələn hal deyil. Dövlətin onurğa sütunu olan polis sistemində belə halları mövcudluğu bütövlükdə daxili siyasətin konturlarına qarşı getməkdir.
Sanki BDYPİ-də bir kontrabanda formalaşıb və gizli şəkildə istəklərini diktə edir. Bütün bu iddialarla əlaqədar DİN-nin, BDYPİ- in və M.Rəhimovun mövqeyini dərc etməyə hazırıq.
Usubova qarşı nömrə kontrabandasının başında kim durur? - Dosye/Foto

anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.