Azərbaycan hakimiyyəti 2018-ci ilə yeni demokratik açılım strategiyası ilə gedir.
Siam.Az-ın Siyasət Şöbəsinə daxil olan məlumata görə, iqtidar həbslərə ara verir, siyasi məhbuslar azad olunur, Qərblə münasibətlər yaxşılaşdırılır.
Yaxın vaxtlarda blogger Mehman Hüseynovun, eləcə də REAL-ın həmtəsisçisi İlqar Məmmədovun azadlığa buraxılacağı gözlənilir. Vəkillərindən imtina edən İ.Məmmədovun dekabrda əfvə düşəcəyi ehtimalı yüksəkdir.
Habelə, NİDA üzvü İlkin Rüstəmzadə, AXCP sədrinin müavini Asif Yusifli, Seymur Həzi həbsdən azad edilə bilər. Əlbəttə, Gözəl Bayramlı, Əfqan Muxtarlı kimi yeni həbslər də var. Lakin onların istintaqı gedir və məhkəmə qərarı yoxdur.
Hökumətin yumşalma prosesi Mehman Əliyevin azad edilməsindən başladı. Sonra yeni neft müqaviləsi, prezidentin Nyu-York səfəri Qərblə iqtidar arasındakı buzları əritdi.
Habelə, ruspərəstlərin gerçəkləşdirdiyi həbslər baş tutmadı. Hakimiyyət içində qurdalanan “5-ci kolon”un ssenarisi pozuldu. Çünki həbslərin sayı çoxaldıqca rəsmi Bakı ilə Avropa və ABŞ arasında müharibə başlanırdı.
Dövlət Departamentinin bəyanatları, Senatda sanksiyalara hazırlıq rəsmi Bakını çətin vəziyyətə sala bilərdi.
Amma Mehman Əliyev, Faiq Əmirlinin azad olunması, digərlərinin buraxılmasına hazırlıqla bərabər yeni neft müqaviləsinin imzalanması körpüləri yanmağa qoymadı. Bu, 5-ci kolona sarsıdıcı bir zərbə idi.
Onu da nəzərə almaq lazımdır ki, işıqlı insanların, gənclərin bu cür qorxudulması, təzyiqlərə məruz qalması bütövlükdə hakimiyyətin birmənalı siyasəti deyil. Çünki hazırda Azərbaycan hakimiyyətinin özü monolit, yekdil deyl.
Bunların içərisində Qərbə inteqrasiyanın tərəfdarı olanlar, inkişaf tərəfdarı olanlar da yox deyil. Ancaq çox təəssüf ki, bu insanların sayı məhduddur.
Əksinə, Azərbaycan hakimiyyətində mühafizəkar qanad, xüsusilə də Rusiyanın “5-ci kolon”una rəhbərlik edən, onun üzvü olan insanların sayı daha çoxdur.
Hansı ki, onlar bu gün avtoritarlığın nüvəsi olan Rusiya idarəetmə modelini Azərbaycanda ciddi surətdə həm müdafiə, həm də bərqərar edirlər. Bu gün problem məhz bu şəbəkədən gəlir.
Ona görə də bütün bunların aradan qaldırılması üçün cəmiyyətdə həm iqtisadi, həm də siyasi yöndə ciddi islahatlara başlamaq lazımdır.
Bunun müqabilində də Azərbaycan dövləti tədricən demokratikləşər və bu cür gənclərə, demokratik insanlara təzyiqlərin də sayı getdikcə azalar.
Hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə bu cür qorxu, xof hissinin yaradılmasına, qütbləşmənin çox olmasına çalışırlar. Çünki bu cür antoqonizm və qütbləşmə olduqca, hakimiyyətdə həmin şəbəkəyə ehtiyac da çoxalır.
Onlar bu mühitdə özlərini daha rahat hiss edirlər. Amma təbii ki, bu da Azərbaycan prezidentinin beynəlxalq rəydə nüfuzuna ciddi surətdə zərbə vurur. Ona görə, inandırıcı deyil ki, prezident bu məsələdə maraqlı olsun.
Əksinə, prezident ölkədə islahatların keçirilməsindən yana olan bir şəxsdir. Və son zamanlar elan olunan strateji yol xəritələrinin beynəlxalq mütəxəssislərlə birgə hazırlanması da göstərir ki, artıq cəmiyyət bu cür islahatlara çoxdan hamilədir.
Buna ehtiyac var və bu da təbii ki, bilavasitə prezidentin iradəsi ilə ortadadır. Ancaq bunu istəməyən qüvvələr də var. Hansı ki, bu şəbəkə cəmiyyətdə qorxu, xof mühitinin qorunmasında maraqlıdır.
Siam.Az-ın Siyasət Şöbəsinə daxil olan məlumata görə, 2018 seçkilərindən sonra 5-ci kolon şəbəkəsinin təsir imkanları sıfıra endiriləcək. Nəticədə əsassız həbslər, qondarmai ittihamlarla cinayət işi açılması, təzyiqlər olmayacaq.
Rusiyameylli qüvvələr bu cür addımlarla Azərbaycan dövlətinin və prezidentin Qərblə münasibətlərinə zərbə vurmağa çalışırlar. Bununla həm prezidentin vəziyyətini mürəkkəbləşdirirlər, həm də ona olan xarici münasibəti pisləşdirirlər.
Nəticədə prezidentə olan təzyiqlərin fonunda hakimiyyətdə həmin Rusiyayönlü insanlara ehtiyac çoxalır.
Axı, başqa cür, demokartik mühitdə Rusiyanın “5-ci kolon”una heç ehtiyac olmazdı. Ona görə, bu cür mühitin olması onlar üçün münbit bir şəraitdir.
Siyasi şərhçilər hesab edirlər ki, Rusiya bizim üçün daha təhlükəli dövlət olduğundan Azərbaycandakı “5-ci kolon”la bağlı ehtiyatlı siyasət yürüdülür və bunu da haradasa başa düşmək olar.
Rusiyanın “5-ci kolon”una bu qədər şərait yaratmaq, hətta onlara hökumət daxilindən dəstək verilməsi müstəqilliyimizin gələcəyi üçün xoş heç nə vəd etmir. Rusiya “5-ci kolon”u etnik zəmində, eləcə də Dağlıq Qarabağla bağlı məsələlərdə istifadə edir.
Daxildəki sabitliyi pozmaq üçün də bundan yararlanır. Bu sualların cavabı daha çox hakimiyyət nümayəndələrinə ünvanlanmalıdır ki, nədən bu tipli məsələlərdə hər zaman susqunluğa yol verirlər.
Düzdür, Rusiyanın pəncəsi ağır ola bilər. Lakin “5-ci kolon” üzvlərinin fəaliyyətinə elə bir qadağa qoyulmalıdır ki, əl-qol aça bilməsinlər.
Amma bunların olmaması onu deməyə əsas verir ki, hakimiyyət daxilində Rusiyanın “5-ci kolon”unu müdafiə edən, onlara dəstək verən yüksək çinli məmurlar var.
“5-ci kolon”un rus, yaxud qərbyönümlü olmasının heç bir fərqi yoxdur. Hər ikisi Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərir, ölkənin “immun sistemini” məhv etməyə, müqavimət gücünü sıradan çıxartmağa çalışırlar.
Siam.az
Şamxal