Rusiya “Triumf” S-400 zenit-raket komplekslərinin daxili sistemlərinə Türkiyə mütəxəssislərini buraxmaqdan imtina edib.
Publika.az xəbər verir ki, bu haqda zenit-raket komplekslərinin satışı üzrə danışıqların gedişatı ilə tanış olan mənbə “Gazeta.ru”-ya bildirib.
“Daxili sistemlərin daxilinə girişi və bütün elektron kodları onlara vermirik. Razılığa əsasən, komplekslərə texniki xidməti yalnız Rusiya tərəfi həyata keçirəcək. Türkiyə mütəxəssisləri kompleksləri aça bilməyəcəklər. Türklər kodları və komplekslərə nəzarəti onlara verməyimizi istədi. Amma biz bu tələbləri rədd etdik”, - mənbə deyib.
Bundan başqa, radiolokasiya, yəni hava cisimlərinin hansı ölkəyə məxsus olduğunu xəbər verən radar sistemləri Rusiya tərəfindən qurulacaq.
Təhlükəsizlik, müdafiə və hüquq problemləri Akademiyasının birinci vitse-prezidenti Viktor Yesin qeyd edib ki, zenit-raket komplekslərinin daxili sistemlərinə girişə məhdudiyyətləri haqqında razılaşmalar adi təcrübədir.
“Silah sistemlərini alan tərəf onları müstəqil şəkildə sökmək hüquqlarına malik deyil. Onlara xidmət yalnız bizim mütəxəssislərimiz tərəfindən göstəriləcək. Silah sistemlərini alan tərəf onları üçüncü tərəfə verməmək və sökməmək barədə öhdəlik götürürlər. Yəni, qarşı tərəf heç bir istehsal məlumatına malik olmur”, - o bildirib.
Yesin həmçinin qeyd edib ki, belə razılıq S-400-lərin istehsal texnologiyasının NATO-nun əlinə düşməyəcəyinə yüzfaizli zəmanət vermir. Amma o əmindir ki, əsas sirlər qorunacaq: “Belə silahları yalnız biz satmırıq, amerikalılar da belə kompleksləri başqa ölkələrə satırlar və onlar da alıcının üzərinə analoji öhdəlikləri qoyurlar. Komplekslərin necə işlədiyinə dair bütün məlumatlar qorunacaq”.
Qeyd edək ki, Moskva və Ankara sentyabrın 12-də S-400-lərin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün komplekslər üçün ilk ödəmənin edildiyini elan etdi.
Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidməti “spesifikası və mövzunun həssaslığı”nı əsas gətirərək razılaşmanın heç bir detalını açıqlamayıb.
Ömər Dağlı