Prokurorluq Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, şərti cəza almış vitse-admiral Şahin Sultanovun həbs olunmasını istəyir. Bakı Apellyasiya Məhkəməsində prokuror Anar Məmmədov bu tələbi irəli sürüb.
Vitse-admiral və onunla birlikdə mühakimə olunub, şərti cəza alsalar da, hökmdən narazı qalan, bəraət istəyənlərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Eyni zamanda, prokurorluq da Bakı Hərbi Məhkəməsinin Şahin Sultanov və digərləri haqqında hökmünə etiraz edir. Onların cəzalarının artırılması üçün apellyasiya protesti verilib.
Oktyabrın 4-də keçirilən məhkəmədə dövlət ittihamçısı deyib ki, Bakı Hərbi Məhkəməsi Şahin Sultanovun əməllərinə düzgün qiymət verməyib, ona yüngül cəza təyin edilib.
Prokurorun sözlərinə görə, Sultanova qarşı bu cür münasibət onun cinayətə görə cəzasız qalması anlamına gəlir. Bu da digərlərinin cinayət törətməkdən çəkinməməsinə rəvac verə bilər: “Bakı Hərbi Məhkəməsi onun əməllərinin bir qisminin sübut olunmadığı nəticəsinə gəlib. Bu nəticə əsassızdır. Onun rüşvət alması, dövlət tərəfindən ayrılmış yanacağın mənimsənilməsi sübut olunub. Ortada ekspert rəyləri var. Sultanov əməlini etiraf etməyib, dəymiş ziyanı ödəməyib”.
Prokuror Şahin Sultanova şərti cəza verilməsinə dair hökmün ləğvini, ona həbs cəzası verilməsini, həmçinin vitse-admiral rütbəsindən məhrum edilməsini və ziyanın ödənilməsi məqsədilə onun əmlaklarının müsadirə olunmasını istəyib.
Şahin Sultanov isə prokurorun söylədiklərinin əsassız olduğunu deyib. Bildirib ki, bu məsələ əslində, Respublikanın Hərbi prokuroru Xanlar Vəliyevlə onun arasındakı qarşıdurmanın nəticəsidir.
“Bu, sırf qisas məsələsidir. Xanlar Vəliyevlə Şahin Sultanov arasında “razborka” gedir”, – vitse-admiral belə deyib.
Onun sözlərinə görə, Hərbi Prokurorluq bu işə birinci instansiya məhkəməsində baxılarkən də prosesə müdaxilə edirdi. Əslində, Xanlar Vəliyev və digərlərinin əməlləri ilə bağlı araşdırma aparılmasının vacib olduğunu deyən Sultanov dövlət əmlakını mənimsəməsi haqda ona verilmiş ittihama belə münasibət bildirib: “Deyirlər ki, gəmi almamışam. Axı gəminin qiyməti 5-10 manat deyil ki, gedim bazardan alım, qoyum yerinə. Gərək, pul verilsin ki, mən gəmi alım da… Buna görə mənə heç kim pul verməyib. Gördülər ki, yazdıqları absurddur, yanacaq ittihamı ortaya çıxdı. Axı hər il yoxlama aparılıb, hər şey qaydasında olub. Əgər mənimsəmə var idisə, niyə yoxlama üzə çıxarmırdı?”
Sultanovun vəkili isə qanunda hökmdən apellyasiya protesti vermək üçün 20 gün nəzərdə tutulduğu halda, prokurorluğun dörd ay sonra protest verməsi və məhkəmənin də bunu qəbul etməsindən narazılığını bildirib. Müdafiəçi deyir ki, prokuror ekspert rəylərinə istinad etdi. Amma ekspertlər məhkəmədə ifadələrində özlərinin ekspertiza keçirmədiklərini, təqdim olunan arayış əsasında rəy verdiklərini bildiriblər.
Məhkəmə oktyabrın 26-da davam edəcək. (Azadlig.org)