Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam oldu. Hal-hazırda bu yaş Rusiyada dövlət qulluqçularının pensiyaya çıxmasının maksimal həddi sayılır. Bu həddi yalnız xüsusi hallarda yüksəltmək mümkündür. Hərçənd ki, bu qanun Putinə şamil edilmir, çünki konstitusiyaya görə o, seçilmiş şəxsdir. Həm də ki, Putin özü pensiyaya çıxmağa hazırlaşmadığını açıq ifadə edib. O, indi zəif mövqedə dayandığı mühüm bir mərhələni keçmək məcburiyyətindədir.
Əgər onun məmurları davamlı olaraq özlərinin yöndəmsiz hərəkətlərini nümayiş etdirməsəydilər, Putinin mövqeyinin zəif olduğunu aşkarlamaq kifayət qədər çətin iş olardı. Korrupsiya ilə mübarizə aparan Aleksandr Navalnı növbəti prezident seçkilərində Putinlə rəqabət aparmağa hazır olduğunu bildirir. O, oktyabrın 7-də prezidentin doğma şəhəri olan Sankt-Peterburqda mitinq keçirməyi planlaşdırmışdı. Şəhər rəhbərliyi mitinqə icazə verməyib, amma Navalnı öz planını dəyişmək istəmədiyinə görə hal-hazırda 20 günlük həbsdədir. Oktyabrın 5-də Navalnının şeçki qərargahının rəhbəri Leonid Volkov da 20 günlük həbsə məhkum edilib. Buna səbəb onun “twitter”də Moskvada keçirilməsi nəzərdə tutulan icazə verilməmiş mitinqə çağırışlar etməsi olub.
Sentyabrda Navalnı Rusiyanın bir neçə şəhərində uğurlu mitinqlər keçirmişdi. Murmansk, Yekaterinburq və Omskda minlərlə adam mitinqə gəlmişdi. Polis mitinq iştirakçılarının sayının az olduğunu söyləsə də, hakimiyyəti təlaş bürümüşdü. Bu səbəbdən Navalnının seçki qərargahı Moskva və Sank–Peterburqa yaxın yerlərdə mitinq planlaşdıranda, hakimiyyət cavab zərbəsini vurdu. Keçən həftə Navalnı Rusiyanın beşinci böyük şəhəri olan Nijni-Novqorodda planlaşdırılan mitinqə getmək istəyən zaman onu Moskvada saxladılar. Polis heç bir ittiham irəli sürməyərək, onu buraxdıqdan sonra Navalnı Rusiyanın bir neçə şəhərinə səfər edə bildi. Amma Orenburqdakı mitinqə toplaşanların sayı gözlənilənin əksinə olaraq, az olmuşdu. Çünki vətəndaşlar Navalnının mitinqə gələ biləcəyindən tam əmin deyildilər və ona görə də, aktivlik zəif olmuşdu.
Navalnının təbliğat kampaniyası aparmağa cəhd göstərdiyi Rusiyanın mərkəzdən uzaq yerləri siyasi mənada həmişə passiv olub. Yerli hakimiyyət, məktəb administrasiyası və məmurlar narazılığa qarşı heç zaman xüsusi dözüm nümayiş etdirməyiblər. Minlərlə insanın qətiyyətlə ənənəvi passivlikdən imtina edərək, müxalifətçinin müdafiəsinə qalxması faktı Putin idarəetməsi dövrü üçün fenomen sayılmalıdır. Kim bilir, Sankt-Peterburqda Putinin ad gününə təyin edilmiş mintinqə nə qədər adam gələrdi? Amma Kreml özünün növbəti zəifliyini göstərərək, bunu yoxlamaqdan vaz keçdi.
Əgər məsələyə xarici kriteriyalara əsaslanaraq yanaşsaq, onda Putin Navalnıya sərbəst şəkildə təbliğat kampaniyası aparmağa ikan verərdi. Bəllidir ki, Rusiya enerji resurslarının qiymətinin kəskin düşməsi hesabına yaranmış iqtisadi sıxıntıları və Putinlə Qərb arasındakı gərginlikləri geridə qoya bildi. İndi neftin qiyməti Rusiya hökumətinin büdcə üçün məqbul saydığı səviyyədədir. Rusiyadakı inflyasıyanın səviyyəsi Böyük Britaniyadakı inflyasiya səviyyəsi ilə demək olar ki, bərabər vəziyyətdədir. İqtisadiyyatın böyüməsi, zəif də olsa, var. İndi kənd təsərrüfatı sektoru uğurlu nailiyyətlər nümayiş etdirir. Səudiyyə Ərəbistanı kralı ilk dəfədir ki, Moskvaya səfərə gəlib. Rusiyanın Yaxın Şərqdəki mövqeyi Sovet İttifaqının dağılmasından sonra heç zaman bu cür möhkəmlənməmişdi. Putinin ən böyük problemi sayılan Ukrayna siyasi çəkişmələr və iqtisadi səriştəsizlik girdabına qərq olub. Başqa sözlə desək, indi hər şey kifayət qədər yaxşı gedir və Rusiya daxilində Putinin nüfuzunu dağıda biləcək açıq uğursuzluqlar yoxdur.
Amma hər halda Navalnı nəyisə sezib ki, özü şəxsən mitinqlərdə iştirak edərək, minlərlə insan toplaya bilir. Navalnı öz statusunda yazıb ki, ilk baxışda Putinin reytinqinin yüksək olmasına baxmayaraq, onun mövqeyi zəifdir. Sitat: “Bu, bütün ömrü böyu yalnız şalğamla qidalanmış adamdan, şalğamın yeyiləbilərliyinin neçə faiz olmasının soruşulmasına bənzəyir. Reytinq kifayət qədər yüksək olacaq. Yəqin ki, hətta bir çox tanınmış idmançılar və müğənnilər şalğamı dəstəkləmək istəyirlər və onun etibarlı nümayəndələri olmağa hazırdırlar. Bəs necə? Axı, şalğam bizim qida mənbəyimizdir, bizə sabitlik gətirir. Bu tamamilə öz yerinə düşən bir analogiyadır: mənin 41 yaşım var, Putinsiz keçən seçkilərdə mənim 20 yaşım vardı. Axı, bu yazını oxuyanlar yəqin ki, məndən də cavandırlar”.
Navalnı yorğunluğu hiss edir. Bunu seçkilərdə hədsiz az insanın iştirak etməsi də göstərir. Demokratik ölkədə bu cür yorğunluq elektoral dəstəyin nəzərəçarpacaq dərəcədə aşağı düşməsində özünü büruzə verir. Necə ki, Almaniyada keçirilən son seçkilərdə hakim partiya xeyli səs itirdi. Rusiyada isə bu cür təzahürü Kremlin daha çox represiyalara əl atmağa başlamasında görmək olar. Narazı seçicilər üçün yayındırıcı manevrlərin tapılması getdikcə daha da çətinləşir.
Kremlin bu cür manevrlərindən biri 2011-ci ildəki ədalətsiz seçkilərə qarşı etiraz mitinqində iştirakına görə, müxalifətçi reputasiyası qazanan teleaparıcı Ksenya Sobçakın prezidentliyə öz namizədliyini irəli sürməsinə inandırılmasıdır. O, hətta Navalnını anti-Putin alternativliyinin inhisara alınmasına cəhddə ittiham edir. Amma Sobçakın namizədliyinin irəli sürülməsi o qədər aydın görünən bir gediş olar ki, bu kampaniya heç başlaya bilməz. Sobçak deyib ki, hələ yekun bir qərar verməyib, lakin şayiələrə görə, o, öz seçki kampaniyasını apara biləcək lazımı adamlar tapmaqda çətinlik çəkir.
Hələ ki, Putin də öz namizədliyini rəsmi surətdə irəli sürməyib. Çox böyük ehtimalla, o bunu noyabrda edəcək. Gələn ilin martında keçiriləcək seçkilərdə Putinin qələbə qazanacağına heç bir şübhə yoxdur. Amma buna baxmayaraq, Putinin yenidən seçilməsinin darıxdırıcı və sıxıcı bir hadisə olmaması üçün, onun köməkçilərinin irəliyə sürəcəkləri hansısa kreativ ideyaları yoxdur. Əgər bu enerjili və maraqlı seçki kampaniyasından daha çox pensiyaya yola salma mərasiminə bənzəyəcəksə və seçkilərdəki iştirak aşağı olacaqsa, onda yəqin ki, Putinin növbəti altı illik prezidentlik müddəti heç də darıxdırıcı keçməyəcək.
Qanuna əsasən, Putin 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verə bilməz və vaxtilə Dmitri Medvedyevlə apardığı müvəqqəti əvəzetmə kimi fəndlər bu dəfə keçməyəcək. Putinin xələfi darıxdırcı atmosferi pozmalıdır, lakin indi aparıcı partiyada bunu edə biləcək heç kim yoxdur. Ona görə də, növbəti altı il ərzində insanları həvəsləndirmək bacarığı olan yeni liderin axtarışına başlanılacaq.
Həm bunun və həm də ki, iqtisadiyyatın səmərəli işləməsinin təmin edilməsi ilə yanaşı, ”şalğam dietası”ndan yorulmuş rusiyalıların artan narazılığının qarşısının alınması üçün represiyadan istifadənin bir araya sığışdırlması hədsiz mürəkkəb işdir.
Bəlkə də, Navalnı xalqın bu cür yorğunluğundan yarana biləcək sonrakı nəticələri düşünür. Rusiya partlama təhlükəsində olan ölkə adlandırıla bilməz. Deyə bilərik ki, artıq Rusiyada hərəkətlənmələr başlayıb. Düzdür, bu hərəkətlənmələr zəif sezilir və kifayət qədər yuxulu vəziyyətdədir. Ancaq Putinin növbəti altı illik müddətində də, indiki hərəkətsiz vəziyyəti və sakitliyi saxlamaq heç də asan olmayacaq.
(“Bloomberg”-ABŞ)