Rəsul Quliyevdən sonra “Quska”...pianist - “dazbaş”ın prezidentlik eşqinin - Pərdəarxası-ÖZƏL
Müxalifət düşərgəsindən seçki haqda hər hansı impuls müşahidə olunmur. Partiyalar seçkidə iştirak formatını və namizədlərini açıqlamayıblar.
Hətta hakim partiyanın da prezidentliyə namizədinin kim olacağı elan edilməyib. Lakin Biləcəridən o tərəfdə olanlar Azərbaycan prezidentliyinə namizəd olmaq üçün çırmanıblar.
Vaşinqtonda ahıl dövrünü yaşayan keçmiş spiker Rəsul Quliyevin ardınca sabiq deputat, Almaniyada olan Hüseyn Abdullayev də namizədliyini irəli sürüb.
Siam.Az-ın Siyasət Şöbəsi xəbər verir ki, ABŞ və Almaniyadan iki namizədin kimliyi artıq məlumdur. Amma hər iki fiqur Azərbaycan ictimaiyyətində siyasi meyitə çevrilmiş adlardır.
Onların seçkidə iştirakının hansı məna daşıdığı daha çox mövsümi siyasi bazarlıqla əlaqədardır. H.Abdullayevin namizədliyinin qeydə alınması tamamilə nonsensdir. Əvvəla barəsində cinayət işi var və axtarışa verilib.
İkincisi, seçki kampaniyasında iştirak üçün vətənə qayıtmalıdır. Bu halda dərhal həbs ediləcək. Deməli, “Quska” siyasi kəndirbazlıqla məşğul olmaq üçün meydana atılıb.
Milli Məclisin keçmiş deputatı, 90-cı illərin ən məşhur kriminal iş adamlarından biri Hüseyn Abdullayevi müxalifətçilər yaxşı xatırlayırlar. Almaniya ərazisində gizlənən “Quska” siyasi-kriminal dairələrdə “Quska-Maxno” ləqəbi ilə tanınır.
H.Abdulayev uzun illər ərzində müxalifətçilərə və liberallara, jurnalistlərə və siyasi xadimlərə hücumlar gerçəkləşdirən “dazbaşlar”ın qeyri-qanuni kriminal dəstələrinə başçılıq edib.
“Quska-Maxno” aksiyaların dağıdılmasında, bəzi oliqarxların xoşlamadığı ictimai xadimlərin döyülməsində fəal iştirak edib.
Lakin hüquq-mühafizə orqanlarının özünə sərf etməyən sualları ilə qarşılaşan kimi H.Abdulayev özünə qarşı qaldırılmış cinayət işini siyasiləşdirərək, ölkədən qaçmağa məcbur olub.
“Quska-Maxno” Milli Şuranı dəstəkləyib və uzun illər ata adlandırdığı hazırkı prezidentə qarşı çıxıb.
İndi isə, tamamilə ağlını itirərək, seçkilərdə iştirak etmək istədiyini bildirir. Üstəlik, H.Abdullayev natamam orta təhsillidir.
Müxalifətçilərin şil-küt edilməsində dəstə başçısı olmuş keçmiş deputatın bu vətənpərvərliyi, patriotluğu, xalqa ürək qızdırması, prezidentlik ambisiyası hardan yadına düşüb?
Olmaya Almaniyadakı dairələrin diqqətini cəlb etmək üçün seçki projesini ssenariləşdirib?
Hüseyn Abdullayev - yaxşı piano ifa edən, sənətkarlıqdan metal alverinə, ordan da siyasətə atılır. Müxalifətçiləri əzmək və mitinqləri dağıtmaq üçün təşkil etdiyi qanunsuz cəza dəstələrinə rəhbərlik edib.
Milli Məclisə deputat təyin edildikdən sonra 2007-ci ilin martında hökumətin hesabatının deputatlara öncədən verilməməsinə etirazını bildirir: “Nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər…”.
Bu replikaya millət vəkilləri gülüşlə reaksiya verirlər. Amma deputat həmkarı Fəzail Ağamalının “Otur aşağı!” deməsi onu lap təbdən çıxarır.
Hər iki deputat əlbəyaxa olur. Bu konfliktdən sonra Hüseyn Abdullayevin mandatı əlindən alınır və o, daha sonra həbs edilir.
Uğrunda canını fəda etdiyi sistem onu cəzalandırır. Həbsdən çıxdıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalan Hüseyn Abdullayev xarici ölkələrin birində siyasi sığınacaq alır.
Amma ona qarşı təqib və təzyiqlər səngimir. Biznesinə əl qoyulur, qohumları işdən çıxarılır. Özü haqqında isə cinayət işi qaldırılıb axtarışa verilir.
O da öz növbəsində iqtidarı sərt tənqid edir və hakimiyyətin siyasətinə qarşı “Susma” marşını yazır. Amma deyəsən, “Susma” deyən “Quska-Maxno” prezidentlik eşqinə düşüb.
Hər seçki ərəfəsində iqtidara tanış olan köhnə adamları onun önünə çıxır: Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev və indi də Hüseyn Abdullayev.
Hökumət bu adamları əlinin içi kimi tanıyır, harda nə işlə məşğul olduqlarını bilir. Yəni, hakimiyyət təhlükənin hansı səmtdən gəldiyini çox gözəl təyin etmək iqtidarına qadirdir.
Sabiq deputat isə çox balaca balıqdır və onun mövsümu siyasi ədabazlığı, İlham Əliyevin önünə çıxaraq ona seçkidə alternativ olmaq ambisiyası sadəcə, şəxsi kinini realizə etməkdən başqa bir şey deyil...
Siam.az
Şamxal