Cenevrə şansı: böyük Qarabağ savaşı önlənə də bilər, tətiklənə də...

16-10-2017, 09:50   
Cenevrə şansı: böyük Qarabağ savaşı önlənə də bilər, tətiklənə də...
Danışıqlara davam, yoxsa tamam - günün gözləntisi; Prezident İlham Əliyev uzun fasilədən sonra, bu il ilk dəfə Sərkisyanla görüşəcək; Cenevrə təması artıq Avropanın da bəlasına çevrilən separatizm fonunda Azərbaycanın əsas dərdinə anlayışlı yanaşmaya gətirəcəkmi? Politoloq: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması şansı sıfıra bərabərdir...”

Bu gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan bir araya gələcəklər. Böyük ehtimalla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə reallaşacaq bu görüş əvvəlkilərdən ilk növbədə aradakı böyük fasilə ilə fərqlənir. Belə ki, Əliyev və Sərkisyan sonuncu dəfə ötən ilin iyununda, prezident Vladimir Putinin vasitəçiliyi ilə görüşmüşdülər. “4 günlük aprel müharibəsi”ndən az sonraya təsadüf etmiş həmin görüşdə də, əfsus ki, müsbət nəticə qeydə alınmamışdı.



Keçən 1 il 4 aylıq müddətdə də münaqişənin həlli yönündə Minsk Qrupunun həmsədrləri, ələlxüsus da konfliktin çözümü üçün unikal rıçaqlara malik Rusiya tərəfindən ciddi təşəbbüslər göstərilməyib. Doğrudur, ara-sıra “Kazan sənədi”nin, “Lavrov planı” deyilən sənədin masada olduğu haqda fikirlər səslənib, lakin bu da elə ehtimal olaraq qalıb - hərçənd ekspertlər “Lavrov planı”nın milli maraqlarımıza cavab vermədiyi qənaətindədirlər.

*****

Prezidentlərin budəfəki görüşü ərəfəsində, də, əfsus ki, Qarabağa dair hansısa fəal diplomatiyanın, intensiv və produktiv danışıqların şahidi olmamışıq. Bu mənada Cenevrə təması nəinki bu il üçün sonuncu, bütövlükdə sonuncu ola bilər. Ona görə ki, Bakı belə təmasların effektivliyinə inamı çoxdan itirib və onların işğal rejimini uzatmağa xidmət etdiyi qənaətindədir.



Lakin rəsmi Bakı sülh prosesinə inamını hələ tam itirmədiyindən, işğalçıya müharibədən qaçmaq üçün daha bir şans verib. Azərbaycanın dövlət başçısının uzun fasilədən sonra növbəti görüşə verdiyi razılığı, görüş jestini öncəliklə bu kontekstdə, hamıya müharibədən qaçmaq fürsəti vermək mənasında, “siyasi avans” anlamında dəyərləndirmək lazım gəlir.

Bəs savaşdan qaçmaq mümkün olacaqmı? Sülh danışıqlarının donu nəhayət, açılacaq, “buz” sınacaqmı? Cenevrə görüşünün bir mühüm özəlliyi budur. Bugünkü görüşünün digər özəlliyi onun regionda, hətta Avropada separatizm dalğasının güclənməsi fonunda, İraq Kürdüstanı və Kataloniyada (İspaniya) müstəqillik referendumlarından sonraya təsadüf eləməsi ilə bağlıdır.

Yəni, uzun müddət Qərb üçün “ögey” hesab edilən bu bəla, separatizm xərçəngi artıq Qərbin öz coğrafi sərhədləri daxilinə sıçrayıb və Avropanın demokratik dövlətlərini, Avropa demokratiyasını və birgəyaşayış ənənəsini təhdid etməyə başlayıb. Biz hələ növbəti referenduma hazırlaşan Şotlandiyanı demirik.



*****

Lakin məlumdur ki, Avropa Birliyi, ABŞ Kataloniyanın müstəqilliyi istəyinə neqativ yanaşma ortaya qoyub, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini dəstəkləyib. Avroatlantik məkanda separatçılığa belə prinsipial yanaşma Qarabağ məsələsində də özünü göstərəcəkmi? Artıq dünyanı təhdid edən aqressiv separatçılığa münasibətdə İkili standartlardan imtina ediləcəkmi? Dünya birliyi, həmsədr dövlətlər nəhayət ki, ermənilərə deyəcəklərmi ki, “siz artıq bir dəfə öz müqəddəratınızı təyin edib Ermənistan adlı dövlət qurmusuz, indi də 100 minlik erməni üçün dövlət istəyirsiniz, 7 milyonluq katalonların isə dövləti yoxdur, ağlınızı başınıza yığın”?!

Ümid edək ki, Cenevrə görüşü heç olmasa bu kimi aktual məqamlara müəyyən işıq salmaq baxımından yadda qala biləcək. Yəni Azərbaycanın Qarabağ dərdi Avropada daha yaxşı başa düşüləcək. Bu mənada Bakı İrəvanla yanaşı, Avropaya, vasitəçi dövlətlərə də unikal bir şans buraxmış kimidir. Ən önəmlisi, bizcə - bu.

*****

Günün mühüm hadisəsi - Cenevrə gözləntisi, habelə prezidentlərin görüşünə Azərbaycan və Ermənistanın hansı mövqe ilə gəlməsini Axar.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarova görə, İrəvan indi özünü elə göstərir ki, guya ermənilər hansısa şərtləri yerinə yetirildikdən sonra danışıqlara qayıdıblar, əslində isə Azərbaycan prezidentinin vurğuladığı kimi, onların heç bir şərti qəbul olunmayıb.



Onun sözlərinə görə, Azərbaycan üçün ilkin mərhələdə 5 və ya 7 rayonun qaytarılması problem deyil. “Əsas məsələ rayonların qeyd-şərtsiz azad olunması, status məsələsinin sonda həll olunmasıdır. Əgər 2 və ya 5 rayon sxemində statusun müzakirəsi və qəbul olunması nəzərdə tutularsa, deməli, bu məntiq Azərbaycan tərəfindən qəbul edilməyəcək. Bəs, erməni tərəfi hansısa real addımlar atmağa hazırdırmı? Məncə, yox. Hər halda verilən bəyanatlar bunu deməyə əsas verir. Əgər Rusiya bu prosesi aparmaq istəyirsə, lazımı şəkildə Ermənistana təzyiq etməlidir. Bu olmasa, İrəvan öz mövqeyindən çəkinməyəcək və istər Cenevrə , istərsə də digər görüşlərdə öz mövqeyini göstərəcək”, - deyə o qeyd edib.

Politoloq əmindir ki, Ermənistan öz mövqeyindən çəkilməsə, Moskva İrəvana təzyiqi etməsə, danışıqların heç bir perspektivi olmayacaq. “Bakı isə həmsədrlərə və dünya ictimaiyyətinə göstərir ki, danışıqlara hazırdır və gücü var. Biz müharibə yolu ilə torpaqlarımızı azad edə bilərik, ancaq qan tökülməsini istəmirik. Bu və ya digər səbəblərdən hərbi əməliyyatlar başlasa, Azərbaycan artıq bütün dünyaya hər imkandan istifadə etdiyini, uzun müddətdir aparılan danışıqların heç bir fayda vermədiyini açıq şəkildə bəyan edəcək. Azərbaycanın hazırkı mövqeyinin və yürütdüyü siyasətin məntiqi bundan ibarətdir” - sabiq XİN başçısı əlavə edib.



Politoloq Zərdüşt Əlizadə isə bu xüsusda Teleqraf.com-a bildirib: “Dünyada 2 min millət var və cəmi 200 dövlət mövcuddur. 1800 millətin dövləti yoxdur. Əgər onların hamısına dövlət yaradılsa, dünya dəlixanaya çevrilər. Dünyada milli azlıqların müstəqil olmaq üçün bir yolu var: əgər əsas millətlə dil tapsalar və əsas millət milli azlığa dövlət yaratmaq üçün etiraz etməsə, o halda müstəqil dövlət yarana bilər. Əgər vaxtında ermənilər gəlib bizi dilə tutub inandırsaydılar ki, Qarabağda bizsiz yaşamaq istəyirlər və azərbaycanlılara da toxunmayacaqlar, bəlkə biz bununla razılaşacaqdıq və ya onların qarşısına tarixi sübutları qoyub deyəcəkdik ki, Qarabağ heç zaman ermənilərin olmayıb. Ancaq onlar əsas millətlə danışmaq əvəzinə, Moskvanın istəyi ilə Qarabağda zorakılığa əl atdılar və cavablarını da aldılar. 1990-cı ildən indiyədək Qarabağın müstəqilliyini heç bir dövlət tanımır və tanımaq şansı da sıfıra bərabərdir”.

*****

Bu, doğrudan da ermənilər üçün böyük ümidsizlik vəd edən sərt gerçəklikdir. Ermənistanın özünün belə bu günədək Dağlıq Qarabağdakı separatçı qurumu dövlət kimi tanımaması da təsadüfi deyil və əsla İrəvanın praqmatikliyindən qaynaqlanmır. Prezident İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağın müstəqil olacağını gözləyənlər boşuna gözləyir” xəbərdarlığındakı sərt məntiqin diktəsindən irəli gəlir. Həmin məntiqi işğalçı tərəf bu gün bir daha Cenevrədə görəcək.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.