Azərbaycan daha bir tarixi görüşə ev sahibliyi edir; Liderləri paytaxtımıza toplayan 3 səbəb; Qazaxıstan prezidenti və Gürcüstan baş nazirinin də qatılacağı Bakı zirvəsi işğalçı Ermənistana növbəti xəbərdarlıq ismarışı olacaq; ekspert: “Azərbaycanın dünya üçün strateji əhəmiyyəti artır...”
Bu gün - oktyabrın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikigünlük səfərlə Bakıya işgüzar səfərə gələcək. Budəfəki səfəri əvvəlkilərdən fərqləndirən əsas özəllik, sözsüz ki, onun tarixi əhəmiyyət daşımasıdır. Söhbət 10 il öncə inşasına başlanmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun paytaxtımızda reallaşacaq təntənəli açılış mərasimindən gedir. Bu münasibətlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nusrultan Nazarbayevin də paytaxtımıza gəlişi gözlənilir.
Ərdoğanın iki qardaş dövlət arasında əlaqələrin bərpasının 25 illiyi ərəfəsinə təsadüf edəcək ziyarəti çərçivəsində həmçinin, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Türkiyə lideri səfər öncəsi bildirib ki, o, İlham Əliyevlə birgə yeni dəmiryolu marşrutu üzrə qatarda keçmək niyyətindədir. “Bundan başqa, Türkiyə, Azərbaycan və Gürcüstan arasında danışıqlar aparılacaq”, - deyə Ərdoğan vurğulayıb.
Beləcə, daha bir tarixi tədbirə ev sahibliyi edəcək Bakıda baş tutacaq görüşlərdə əsasən 3 hədəf güdülür - Bakı-Tiflis-Qars dəmiryolunun təntənəli açılış mərasimi, iki qardaş ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası (“saat əqrəbləri”nin tutuşdurulması) və üç qonşu, strateji tərəfdaş ölkə arasında inteqrasiyanın yeni mərhələyə qalxmasının təsbit edilməsi. Qazaxıstan liderinin də törənə qatılması sözsüz ki, tədbirin beynəlxalq önəmindən xəbər verir və onun siyasi sanbalını artırır. Bakıda habelə, bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.
*****
Açılışı gözlənilən BTQ isə Azərbaycanı ilk dəfə dəmiryolu ilə qardaş ölkəyə birləşdirəcək, Türkiyə, Azərbaycan və Gürcüstanın müstəqilliyini, o sırada iqtisadi müstəqilliyini və təhlükəsizliyini daha da möhkəmlədəcək, iki qardaş ölkəni bir-birinə daha sıx bağlayacaq. Bakıda aparılacaq ikitərəfli müzakirələr isə Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığını növbəti nümayişi olacaq.
Yəqin ki, Bakıda Qarabağ mövzusunda da açıqlamalar və bəyanatlar olacaq. Ona da şübhə yox ki, Türkiyə prezidenti bir daha bu məsələndə ölkəsinin prinsipial mövqeyini bəyan eləməklə, Azərbaycanın yanında olduğunu bildirməklə işğalçı Ermənistana növbəti dəfə öz yerini göstərəcək, ismarışını göndərəcək. Ümid edək ki, Bakıda sayın Ərdoğan işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər etmiş 4 xainlə bağlı Azərbaycan xalqının ondan eşitmək istədiyi sözü də dilə gətirəcək.
Yada salaq ki, prezident İlham Əliyev son çıxışlarında BTQ ilə bağlı gözləntilərinin böyük olduğunu söyləyib. Dövlət başçısı oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündəki çıxışı zamanı deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Ölkə başçısı onu da bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur.
Bu nəqliyyat dəhlizi Avrasiyanın iqtisadi inkişafı üçün sözsüz ki, yeni imkanlar açacaq. Ona görə ki, BTQ Avropa ilə Asiyanı birləşdirən beynəlxalq dəmir yoludur. Asiya ölkələrinin yükləri bu yolla Avropaya çıxarıla biləcək. Regionun digər dövlətləri, Ukrayna, Türkmənistan, Qazaxıstan da bu dəmir yoluna qoşulmaq istəyir. BTQ-dan keçəcək ilk qatar isə artıq yola düşüb. 3 gün öncə Qazaxıstanın Kustanay stansiyasından 82 konteynerdən ibarət yük qatarı BTQ-dan keçməklə Türkiyənin Mersin stansiyasına yola salınıb.
*****
Təbii ki, BTQ eyni zamanda geosiyasi layihədir. Bu nəqliyyat dəhlizi Ermənistanın izolyasiyasını daha da gücləndirəcək. Demək, işğalçı ölkənin iqtisadi, sosial, demoqrafik vəziyyəti bir az da pisləşəcək. Bu xüsusda Azərbaycanla ilgili bir mühüm detal da var: bu da ondan ibarətdir ki, qonşu Gürcüstan belə meqa-layihələrlə, digər bağlarla Azərbaycan və Türkiyəyə daha sıx bağlanacaq, faktiki, həm də Bakı və Ankaradan yaxşı mənada asılı olacaq ki, bu da öz növbəsində Ermənistanın Rusiya və Avropaya yeganə çıxış yolu olan Gürcüstanla bağlı planlarına növbəti zərbə olacaq. Çünki rəsmi Tiflis istəsə belə, Bakı və Ankaranın maraqlarını tapdayıb İrəvanla öz iqtisadi maraqları naminə hansısa sövdələşmələrə risk etməyəcək.
Məsələn, Ermənistan neçə vaxtdır onu Rusiya ilə birləşdirən Abxaziya dəmiryolunun işə salınmasına çalışır. Bu, Qarabağda müharibənin başlayacağı halda Rusiyanın işğalçı Ermənistana quru yolla hərbi kömək göstərməsi baxımından da vacibdir. Lakin Gürcüstan hökuməti buna izn vermir - həm də Azərbaycan və Türkiyə ilə mövcud əlaqələrin ondan ötrü vazkeçilməz əhəmiyyətinə görə.
BTQ nəqliyyat dəhlizi bu əlaqələri bir az da gücləndirəcək. Ən əsası, Azərbaycanın tranzit ölkə kimi, Bakının mühüm paytaxt və liman şəhəri kimi region və dünya üçün önəmi artacaq. Bu isə həm də Qarabağ məsələsində söz sahibliyimizin güclənməsi deməkdir.
*****
“Bakı-Tiflis-Qars dəmiryol xətti təkcə beynəlxalq nəqliyyat layihəsi kimi deyil, eyni zamanda Azərbaycan qeyri-neft sektorunda reallaşan vacib layihələrdən biri kimi qiymətləndirilməlidir”.
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov yeni dəmir yolunun strateji və iqtisadi əhəmiyyətini mətbuata şərh edərkən deyib.
“Bakı-Tiflis-Qars dəmiryol xəttinə maraq həddindən artıq böyükdür. Çünki bu layihə iqtisadi cəhətdən böyük önəm kəsb edir. Azərbaycan həm sözügedən layihə vasitəsi ilə tranzit ölkə olaraq dövlət gəlirlərini artıracaq, həm də təbii ki, özünün xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullarını Türkiyə və Avropa bazarına çıxarma imkanı qazanacaq. Asiya ilə Avropanı birləşdirən dəmiryol xətti kimi bu layihə həm Avropadan, həm də Asiyadan məhsulların ixracının reallaşdırılmasını mümkün edəcək. Bundan əlavə, bu layihə Orta Asiya ölkələrinin Avropa ilə əlaqələrinin genişlənməsinə də şərait yaradacaq. Bu, həm də Azərbaycanın strateji əhəmiyyətini artıracaq”, - deyə iqtisadçı qeyd edib.
*****
Beləliklə, Azərbaycan daha bir möhtəşəm və tarixi tədbirə ev sahibliyi etməyə hazırlaşır. Gözlər yenidən Bakıda...
Analitik xidmət