Hərbi çağırış sistemi Müdafiə Nazirliyinin səlahiyyətindən alınıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) veriləndə çoxları SHXÇDX-nin və onun rəhbəri, çiyinlərində general paqonları daşıyan Arzu Rəhimovun bu sahədəki özbaşınalıqlara, qanunsuzluqlara son qoyacağına ümid edirdi. Amma bunun əksi baş verdi. Xatırladaq ki, Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub. Dövlət başçısının 1 mart 2012-ci il tarixli sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verildi.
Bu, kifayət qədər yüksək etimad idi. Lakin yeni hərbi çağırış sistemi yaradılsa da, Arzu Rəhimov bu quruma rəhbər gətirilsə də qanunsuzluqlar əvvəlki miqyasda qaldı. General-leytenant ona edilən etimadı tam doğrultmadı, hətta bu işdə yarıtmaz olduğunu nümayiş etdirən faktlara doğru-dürüst izahat verməyə maraq da göstərmədi.
Onu da bildirək ki, orduda xəstəlikdən ölənlərin, bir-birinin canına qıyanların sayının artması faktları o qədər böyük həddə çatıb ki, artıq bu sahəyə birbaşa olaraq cavabdeh olan və aldıqları pulların müqabilində orduya yararsız hesab olunan gənclərin sanki qətliamını həyata keçirən Arzu Rəhimovun istefaya göndərilməsi tələbləri də səsləndirilir. Və bunun davamı da olacaq. Çünki yuxarı dairələrin də xidmət rəisinin fəaliyyətindən razı qalmadığı məlumdur.
Onu da bildirək ki, bu gün Arzu Rəhimovun tək-tük “kantorları” – yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tək-tük rayon şöbələrinin fəaliyyətindən narazılıq yoxdur. Əksər “hərbi komissarlıqlar” sanki bazar qaydaları ilə işləyirlər ki, rüşvətdən, korrupsiyadan əldə olunan pullarda da xidmət rəhbərinin payının olduğu şəkksizdir.
Bu kimi raypn şöbələrindən biri elə Salyan rayonunda fəaliyyət göstərir. Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin adı buna qədər də qalmaqalda hallandırılmışdı və qeyd olunan “hərbi komissarlıq” ağır vərəm xəstəsini orduya cəlb etməkdə ittiham olunurdu. Həmin məlumatda bildirilirdi ki, qeyd olunan rayon şöbəsi tərəfindən əsgərliyə çağırılan Tağıyev Elgün Vüqar oğlu da xəstə əsgərdir. «N» saylı hərbi hissədə 05.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələr siyahısına salınan Tağıyev Elgün Vüqar oğluna sol plevranın qalınlaşması diaqnozu qoyulub.
Hərbi səfərbərlik sistemi Azərbaycan gənclərinin kabusuna çevrilib
Hər halda, Salyan rayon hərbi komissarlığının aktivində yeganə fakt bu deyil. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, xidmətin Salyan şöbəsində rəsmən bazar açılıb. Mənbənin söylədikləri: «Bura Arzu Rəhimovun qəssabxanası da demək olar. Bəli, rəsmən insanlara qarşı qəsd edib, onların gələcəklərini baltalayırlar. Rüşvət naminə bütün dəyərlərə tüpürülür və xəstəlikdən əziyyət çəkənlər total şəkildə orduya cəlb olunur.
Statistikaya nəzər salsaq, görərik ki, bu gün orduda özünə qəsd edən, xəstəlikdən ölən, və yaxud da əsgər yoldaşının həyatına qəsd edən əsgərlərin böyük əksəriyyəti məhz Salyan rayon hərbi komissarlığından orduya cəlb olunub. Bu, faktı nədənsə kimsə araşdırmır. Halbuki bu faktın özü çağırış sistemindəki böhrandan xəbər verməkdədir».
Qeyd edək ki, DİA.AZ-a danışan mənbə olduqca ilginc faktları da təqdim edib ki, həmin faktları da yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…