Ölkə yeni kataklizmlərdən və nəbz yoxlamalarından keçir. Azərbaycanı laboratoriya kimi istifadə edirlər.
Siam.Az-ın Analitik Şöbəsinə hakimiyyətdəki mötəbər mənbədən daxil olan məlumata görə, 2018-ci il seçkilərinə qədər qaykaların bərkidilməsi, kəmərlərin sıxılması siyasəti davam etdiriləcək.
Azərbaycan hökuməti yeknəsəq olmadığından gələn ilki seçkilərdə fors-major situasiyalarla qarşılaşmaq risklərini təxmin edirlər.
İqtidar daxilində ikiləşmə və qütbləşmə ölkəni seçki ilində arzuolunmaz hadisələrlə, idarəolunmaz proseslərlə qarşılaşdıra bilər.
Çünki maliyyə qruplarının və siyasi klanların mövqeləri üst-üstə düşmədiyindən gərgin yeni il gözləndiyi, beynəlxalq şəraitin də hakimiyyətin xeyrinə işləmədiyi müşahidə olunur.
O nöqteyi-nəzərdən hesablamalar qaykaları bərkitmək və boşluqları təsbit edib doldurmaq müstəvisindədir.
Nəticə etibarı ilə ürəkaçan olmayan gedişatda hakimiyyətin başı ağraya bilər. Sual oluna bilər ki, yuxarıda qeyd olunanlar nədən ibarətdir.
I Azərbaycanda kriminogen şəraitdən yazılması və bu mövzunun manşetlərə daşınması dərhal Mətbuat Şurasının mediaya barmaq silkələməsi ilə nəticələnir. Sizcə, bu heç nə demir?
II Millət vəkilləri büdcə müzakirələrində hökumətə müxalif obrazına girərək dirijor çubuğu ilə idarə olunan prosesin iştirakçısına çevrilirlər ki, əhalidəki gərginliyin üstünə su səpsinlər. Paralel olaraq, kərə yağının idxal rüsumu 3 dəfə azaldılır, maaş-pensiya artımı vəd olunur və s.
III Müxalifətin mitinqləri 3 milyardlıq qalmaqalı unutdurur, gündəm dəyişir və mövsümi mövzular tirajlanır.
Siam.Az-ın Analitik Şöbəsinə hakimiyyətdəki mötəbər mənbədən daxil olan məlumata görə, yuxarıların idarə etdiyi və siyasi texnoloqların dövriyyəyə buraxdığı mövzularla qoşa addımlayan məhz qanunların dəyişməsi, cəmiyyətin sıxışdırılmasına yönəlik qərarların verilməsidir.
Hakimiyyət ictimai rəydə elə çaşqınlıq yaradır ki, əsas məsələlər arxa planda qalır. Bütün bunların başlıca ssenarisi 2018-ci il seçkilərinə qədər hər şeyi rahatlamaqdır.
Hökumət gələn il qətiyyən səs-küy, ajiotaj, gərginlik və narahatlıq istəmir. Əksinə, 2008-ci ildəki seçkidən də 5 qat sakit seçki keçirməyi planlaşdırır.
Cəmiyyətin müvazinəti zəiflətmək, ruhdan salmaq, müxalifətin gücsüzlüyünü aşılamaq, islahatların getdiyi imitasiyasını yaratmaq, cəbhə xəttində gərginlik və kriminogen durumla insanların ürəyinə xof salmaq ssenarinin tərkib hissəsi kimi qiymətləndirilir.
Ancaq həm də idarə olunan proses çox uzandıqda tormozlanır. Necə ki, kriminal avtoritetlər, oğru dünyası ilə bağlı müzakirələrin gündəmi zəbt etməsi bumeranq effekti yarada bilərdi və dərhal Mətbuat Şurası elektron KİV-ə xəbərdarlıq mesajı verir.
Yuxarılar aşağıların ciddi şəkildə narazılığından agahdır. İqtidardakı qütblərin də davasında bu kontorlar görünür.
Klanlar seçkidən kimin daha güclü çıxacağı savaşında xalqın vəziyyətindən resurs kimi istifadə etmək fikrindədir.
Əsasən də ənənəvi qvardiya mövqeyini əldən verməmək üçün xalqdan seçkidə epizodik istifadə edə bilər.
Başqa tərəfdən isə, idarə olunan xaos nəzəriyyəsinə uyğun olaraq beynəlxaq vəziyyət də nəzərə alınır. Hakimiyyət xaricdən seçki ilində hansı təzyiqlərin gələcəyini indidən hesablayıb.
Bu məsələdə kifayət qədər təcrübəyə malik olan YAP iqtidarı Rusiya və Qərblə hansı dildə danışmaq lazım olduğunu bilir.
Fəqət, kim zəmanət verə bilər ki, hər şey incəliklərinə qədər hesablandığı halda, kataklizmlər spontan baş verə bilər?!
O səbəbdən də 2018-ci il - ilk 7 illik prezident seçkisini çox səssiz, qovğasız və iğtişaşlarsız keçirmək lazımdır.
Bu gün yürüdülən siyasət də məhz gələn il öz bəhrəsini verəcək ki, hakimiyyət də ondan yararlanacaq.
Axı nəzərə almaq lazımdır ki, hakimiyyət indi daha ehtiyatlı hərəkət etmək istəyir. Bir tərəfdən qarşısıalınmaz bir sistem var: məmur balaları qudurğanlıq edir, rüşvət kəsilmir, bankar xalqın boğazına çöküb və s. ilaxır.
Hökumət mövcud sistemi dəyişmir. Əvəzində kəmərsıxma əməliyyatı həyata keçirir ki, bu da ömrü uzun olmayan, ölkəni pis nəticələrə aparıb çıxaran siyasətdir...
Siam.az
Şamxal