Bu ilin iyununda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 25 illik yubileyini qeyd edib. Amma ötən gün elektron KİV-də yayılan video 25 ilin üstündən xətt çəkdi.
anaxeber.info-ın verdiyi məlumata görə, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında gömrük əməkdaşlarının və mülki geyimli işçilərinin tərbiyəsizliyini əks etdirən kadrlara sakit baxmaq olmur.
Bu görüntüləri seyr edəndə fikirləşirsən ki, orada mən və ailəm də ola bilərdi, eyni özbaşınalıqla qarşılaşacaqdım, qəzəbindən nə edəcəyini bilməyəcəkdim.
Eləcə də həmin gömrük əməkdaşları - Elvin Babayev, Laçın Dadaşov, Vüsal Məcidov və digərləri ailələri ilə birlikdə gecə yarısı, yuxusuz, yorğun-arğın vəziyyətdə hava limanında oxşar hərəkətlə qarşılaşsaydılar, bəlkə də qabağındakı gömrük işçilərini döyərdilər.
Amma “Cinema Plus” kinoteatrlar şəbəkəsi baş direktorunun müavini Cəfər Axundzadə kifayət qədər təmkinli davranıb və gömrük əməkdaşlarının aeroportdakı qanunsuzluğunu hüquq müstəvisində həll etməyə çalışacaq.
Hətta iş o yerə çatır ki, gömrük əməkdaşları polisləri çağıranda hadisəyə vaqif olan asayış keşikçiləri belə C.Axundzadə və ailəsinin nə üçün dəfələrlə yoxlamadan keçirilməsini anlamayıblar. Gömrük işçiləri də polis əməkdaşlarına nə cavab verəcəklərini bilməyilər.
Hələ kobud davranış, Axundzadənin çəkiliş aparan dostunu otağa salıb hərbə-zorba gəlmək, telefondakı kadrları silmək faktlarını kənara qoyuruq, əşyaları iyləmək üçün it gətirmək, Cəfərin azyaşlı qızının köpəkdən qorxaraq burnundan qan açılması artıq bütün əndazələri, mənəvi baryerləri, qırmızı xətti aşmaqdır.
Sanki kurortdan gələn bir ailəni yox, terrorçu qruplaşmanı yoxlayırmışlar. Belə özbaşınalıqla üzləşən təkcə Cəfərin ailəsi deyil. Ölkə vətəndaşları Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarından cana doyub.
Onlar əşyalarda almas, brilyant, daş-qaş axtarır, insanları incidir, yoxlamadan keçən sərnişinləri təkrar-təkrar bir də yoxlayır. Dünyanın heç yerində belə rəzalət yoxdur.
Azərbaycan hökuməti turizmi inkişaf etdirmək istəyir, prezident gömrük orqanlarında əsassız əngəllərin aradan qaldırılması tapşırıqları verir, onlar isə İlham Əliyevin siyasətini saymırlar.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyevin əməkdaşlarının anti-insani hərəkətləri prezident İlham Əliyevin tapşırıqları ilə daban-dabana ziddir.
S.Abduyev çox güman ki, həmin kadrlarla tanışdır, çünki ölkə mediası və sosial şəbəkələr ötən gün həmin gömrük işçilərini tək-tək üzdən tanıdılar.
Bu isə o deməkdir ki, general ya həmin işçilərini cəzalandırmalıdır, ya da geri çəkilməyərək ənənəvi “fəaliyyət” saxlanmalıdır.
Bu rüsvayçılıq nə qədər davam edəcək? Ölkənin adını niyə batırırlar? Çünki hər bir ölkəyə münasibət onun vağzallarında və aeroportlarında qarşılanmadan başlanır.
Ancaq nə İlham Əliyevə, nə də adı hava limanına verilən Heydər Əliyevə gömrükçülər hörmət qoyurlar.
anaxeber.info-ın verdiyi məlumata görə, S.Abduyevin rəhbərlik etdiyi idarədə hökm sürən neqativ hallar, kobud qanun pozuntuları ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir, Azərbaycanın nüfuzuna xələl gətirir.
Deyilənlərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin tabeçiliyində çalışan gömrük əməkdaşları ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğdə «rüsum» tələb etməklə bir tərəfdən inhisarçıların sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımına şərait yaradırlar.
Ümumiyyətlə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tətbiq olunan «qaydalar» vətəndaşlara, xarici ölkələrlə ticarət əlaqəsi saxlayan iş adamlarına əlavə problemlər yaradır. Vətəndaşların bir neçəsi burda üzləşdikləri haqsızlığa etiraz olaraq müvafiq instansiyalara müraciət edirlər.
General S.Abduyev son illər karyerasında sürətlə irəliləməklə yanaşı, özünə nəhəng biznes imperiyası qurmağa da müvəffəq olub.
Onun sürətlə qabağa doğru irəliləməsi, yəni daha çox kapitala sahib olması, eyni zamanda Dövlət Gömrük Komitəsi daxilində mövqeyini möhkəmləndirməsi, ətrafına özünə yaxın olan şəxsləri toplaması həm Aydın Əliyevin, həm də Səfər Mehdiyevin narahatlığına səbəb olub.
Onu da qeyd etmək yerinə düşər ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımovun qızıl alverçisi Ziyafət Qurbanovanın cinayət işi üzrə məhkəmələri prosesi olub. Bu artıq gömrük işçilərinin hansı əməllərlə məşğul olduğunu təsdiqləyir.
Başqa bir faktı nəzərə çatdıraq və bununla da aeroport gömrükçülərinin nələrə əl atdığı növbəti dəfə aydınlaşsın: 2012-ci ildə sahibkar T.Quliyev Bakıdan Dubaya uçmaq istəyib: “Həmişə gedəndə deklarasiya yazdırıb gömrük işçilərinə təqdim edirdik. 10 min dollardan artıq vəsaitim olanda 1 faizi gömrüyə köçürürdüm.
Gördüm həmin deklarasiya yazdırdığım yer yoxdur, dəyişdirilib. Kassaya yaxınlaşdım və bağlı olduğunu gördüm. Dövlət Sərhəd Xidmətinin əməkdaşına yaxınlaşdım. Üstümdə 16 min 927 dollar pul olduğunu dedim və rüsumu hara ödəyəcəyimi soruşdum. Gözləmə otağında 2 saat saxlayandan sonra məni Hava Limanında Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinə apardılar.
Orada Zəngilan sakininin üzərində 25 min 500 dollar vardı. Müşfiq adlı gömrük işçisi ondan həmin məbləğə görə 2500 dollar, Sumqayıt sakinindən onda olan 30 min dollara görə 3 min dollar aldı. Məndən isə apardığım pula görə 2 min dollar istədilər.
”Kontrabanda"nın işçisi Müşfiqdən bu pulun qanuni alınıb-alınmadığını, həmçinin qəbz verilib-verilməyəcəyini soruşanda əsəbiləşdi. “Darıxma, sənə yaxşı qəbz verəcəyəm” - deyib getdi.
Təxminən 2 saatdan sonra “Kontrabanda”nın işçiləri yanıma gələrək “2 min dolları verirsən, yoxsa vermirsən” deyə sual etdilər. “Yox” cavabımdan sonra 15 nəfərə yaxın gömrük işçisi üstümə hücum çəkdi.
Məni döymək istəyəndə prezidentin sərəncamına əsasən ölkədə rüşvətxorluğun yığışdırıldığını onlara xatırlatdım. Bunu deyəndən sonra dayandılar.
Gecə saat 1-in yarısına qədər məni ac-susuz saxlayıb apardılar Gömrük İdarəsinin İstintaq Şöbəsinə. Oradan da gecə yarısı buraxdılar, dedilər ki, get, işin hansı müstəntiqə verilsə, özümüz çağıracağıq".
Qeyd edək ki, T.Quliyevin xarici pasportu və 16 min 927 dollar pulu hələ də gömrükçülərin girovluğundadır.
[media=https://www.youtube.com/watch?v=X2zdAVbjCgo]
anaxeber.info
Turan