Zərdüşt Əlizadə MSDM-nin (Milli Strateji Düşüncə Mərkəzi) “2018-ci ilin prezident seçkiləri: iştirak yoxsa boykot” mövzusunda keçirdiyi dəyirmi masanın təhlilindən bəhs edən “Yenə boyat bayatılar” başlıqlı yazı dərc etdirib.
“Müəllif başqa bir fikrində də yalan danışır və bu fikrində də heç də xoş niyyət güdmür…”
Zərdüşt Əlizadənin fikirlərinə Müsavat başqanının müavini Fərəc Kərimli belə qiymət verib.
…Zərdüşt Əlizadə iki gün əvvəl Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) “2018-ci ilin prezident seçkiləri: iştirak yoxsa boykot” mövzusunda keçirdiyi dəyirmi masaya bir yazı həsr edib. Yazını oxuyanda müəllifin qərəzli olduğunu açıq aşkar görmək mümkündür. Yazının əvvəlində “müxalifət növbəti dəfə hakimiyyətin seçki tamaşasına legitimlik donu geyindirmək üçün qurbanlıq quzu qismətinə razılığını verdi” deyə cümlə var.
Elə bu legitimlik məsələsindən başlayaq.
Müəllif legitimlik deyəndə yəqin ki, beynəlxalq birlik, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında legitimliyini nəzərdə tutur. Xatırlayırsınızsa ən sonuncu dəfə 2015-ci il parlament seçkiləri zamanı “seçkilərdə iştirak legitimlik qazandırmaqdır” kampaniyası gedirdi. Amma nə oldu? Hamı seçkiləri boykot etsə də bütün dünya seçkilərin nəticələrini legitim saydı. Heç maraqlanan da olmadı kim iştirak etdi, kim boykot etdi. Hakimiyyətin deputatları rahatca üzvü olduğumuz bütün beynəlxalq qurumların iclaslarında Azərbaycanı təmsil edirlər. Hələ bir dəfə də qarşısında öhdəlik götürdüyümüz Avropa Şurasında, üvü oldğumz başqa beynəlxalq təşkilatların tədbirlərində “Siz saxta seçkiylə seçilmiş adamlarsınız, legitim olmadığınız üçün Azərbaycanı təmsil edə bilmərsiniz” deyən olmayıb.
Əksinə, bu adamlardan ölkədəki siyasi məhbus məsələlərinin həlli və başqa xahişlər edilir, rəsmi şəkildə də bu adamlarla görüşülür. Bizə qalan isə bu cür böhtan kampaniyalarına tuş gəlmək olur. Hakimiyyət isə rahatca bizi bu böhtan kampaniyasıyla baş başa qoyub öz işiylə məşğul olur. Hətta seçkilər də qalır bir tərəfdə, görüntü isə “müxalifət yenə bir birini qırır” olur. Yəni müxalifətin seçkiyə qatılıb qatılmamasının legitimlik məsələsinə heç dəxli olmur.
Sonrakı sözlər illərdi hakimiyyət televiziyalarından tez-tez eşitdiyiniz “ənənəvi müxalifətin gerçək gücü və imkanları qalmayıb” və s. Bir hərf fərqi də olmadan bu sözləri eyniylə aztv, lider tv-dən hər gün eşidə bilərsiniz.
Müəllifin bir fikrini də diqqətinizə çatdırmaq istəyirəm.
“Azərbaycan kimi iqtisadi və siyasi fəaliyyətin sıx çulğalaşdığı ölkədə qazancı vəzifədən çıxan hakim zümrə heç vaxt imkan verməz ki, hansısa “milli-demokrat” namizəd şəffaf və ədalətli seçkilərdə qələbə çalıb prezident kürsüsündə əyləşsin. Onlar vətəndaş müharibəsi başlayar, millətin yarısını qırar, lakin “çörək ağacı” saydıqları vəzifələrini itirməyə razılaşmaz. Çünki 1992-1993-cü il təcrübəsindən bilirdilər ki, milli-demokrat namizədin qələbəsi elan edilər-edilməz azı bir on min acından günorta duran “bəy” cumacaq onların əziz və dəyərli kabinetlərinə və onları qulağından tutub “rədd ol, rüşvətxor” bağıraraq atacaq bayıra.”
Hesab edirəm ki, müəllif bu sözlərlə həm hakimiyyət içindəki Əliyev rejiminə qarşı narazı qüvvələri, həm də ölkədə qarışıqlıq düşməsindən narahat olan insanları qorxutmaq məqsədi güdür. .. Və, min bir əziyyətlə, təqiblərlə, həbslərlə, hər cür məhrumiyyətlərə dözərək Azərbaycanımızın xoşbəxt gələcəyi üçün mübarizə aparan insanları təhqir edir. Zərdüşt Əlizadənin ola bilsin dolanışığı yaxşıdır, amma, ölkədə milyonlarla adam indi “acından günorta durur”. Müəllif həm də bu fikirlə bir neçə ildir aztv,lider tv və s. kimi hakimiyyət kanallarında “Azərbaycanı Suriyaya, Afqanıstana döndərmək istəyirlər” kampaniyasına dəstək verir.
Müəllif başqa bir fikrində də yalan danışır və bu fikrində də heç də xoş niyyət güdmür.
“ 2003-cü il məğlubiyyətindən sonra müxalifət neçə seçkidə iştirak edib? Hakimiyyətin dələduzluqla keçirdiyi bütün siyasi hoqqalarda iştirak edib və hamısını da biabırcasına uduzub. Seçkiyə məğlub olmaq üçün qatılan siyasi oyunçuya cəmiyyətdə etibar ola bilərmi?”
Hörmətli müəllif bu cümlələrində xüsusən sosial şəbəkələrdə fəal olan gənclərin çoxluğunu və Əliyevlər rejimi dövründəki siyasi proseslərdən az məlumatlı olduqlarını, hakimiyyətin də bu fikri əlindəki imkanlardan istifadə edərək gənclər arasında möhkəmləndirməyə çalışdığını nəzərə alaraq bilərəkdən yazıb.
Bilməyənlərin diqqətinə çatdırım ki, Müsavat Partiyası 1995-ci il parlament seçkilərinə guya seçki qanununun şərtlərini pozduğu üçün buraxılmayıb, 1998-ci il prezident seçkilərini boykot edib, 2000-ci il parlament seçkilərinə buraxılmayıb və beynəlxalq təşkilatların təzyiqləri nəticəsində təbliğat-təşviqat kampaniyasının başa çatmasına az vaxt qalmış seçkilərə buraxılıb, 2008-ci il prezident seçkilərini boykot edib, 2013-cü il prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini müdafiə edib, 2015-ci il parlament seçkilərinə qatılsa da seçkilərdən bir neçə gün əvvəl seçkiləri boykot edib.
Bu yazdıqlarımı yəqin ki, Zərdüşt Əlizadə də bilir. Sadəcə fakları təhrif etmək, yalan yazmaq onun işinə yarayır. Həm də bu fikirlərin geniş yayılması birinci növbədə hakimiyyətin işinə yarayır. Çünki məqsəd əvvəlcədən insanların beyinlərində məğlubiyyəti həkk etdirməkdir. Təsəvvür edin 24 illik Əliyevlər rejimi dövründə yalnız 14 il əvvəl bir dəfə prezidentliyə namizəd olmuş İsa Qəmbər elə təqdim edilir ki, guya 5-10 dəfə prezidentliyə namizəd olub. Diqqət edin, hər dəfə də bu təbliğat birinci hakimiyyətin əlində olan televiziyalardan, mətbuatdan başlayır və daha sonra bu təbliğata bizə qarşı olan qüvvələr canla başla qoşulur.
Prezident seçkilərinin boykot edilməsinə gəldikdə isə, 21 noyabrda keçirilən tədbirdə də ekspertlər qeyd etdi, prezident seçkilərinin boykot edilməsinin hüquqi nəticəsi yoxdur. Çünki 50-100 nəfər də səsvermədə iştirak etsə seçkilər baş tutmuş sayılır. Seçkiləri boykot edirəm deyib 2-3 mitinq keçirib “İlham Əliyev saxtakardır” deyib 7 ildən sonra növbəti seçkilərdə boykot gözləməkmi düz yoldur? yoxsa seçkilərə qatılıb az da olsa imkanlardan (televiziya çıxışları, bütün bölgələrdə seçicilərlə görüşlər və s.) istifadə etməkmi yaxşıdır?
Hətta inqilab edəcəksənsə də seçkilərə qatılmaq, imkanlardan istifadə etmək, hakimiyyət seçkiləri saxtalaşdırdıqda isə bunu əsas gətirərək insanları kütləvi itaətsizliyə, üsyana çağırarsan… Necə ki, Ukraynada gözünüzün qarşısında oldu.
Bastainfo.com